01 dekabr 2023 01:36
348

Qarabağdan köçən ermənilər Hayastanda oyuncağa çevriliblər

Bu ilin sentyabrında baş vermiş lokal antiterror tədbirlərinin ardından erməni əhalisinin könüllü şəkildə Ermənistana getməsi hazırda ermənipərəstlərin əlində ölkəmizə qarşı “arqument”ə çevrilib. Onlar bunu “etnik təmizləmə”, “məcburi köçürülmə” və sair adlarla qələmə verirlər.

Halbuki, Qarabağdan köçən ermənilər özləri də Ermənistanın media qurumlarına bölgəni könüllü tərk etdiklərini bildiriblər. Onların açıqlamaları ermənipərəst dairələrə verilən ən tutarlı cavab hesab oluna bilər. Həmin açıqlamalar da bir daha sübut edir ki, Azərbaycandan heç kim ermənilərə zülm etməyib, onları “etnik təmizləmə”yə məruz qoymayıb, məcburi köçkünə çevirməyib. Əgər bunu edən olubsa, o da Ermənistandakı “Qarabağ klanı” olub.

Bu gün Qarabağdan köçən ermənilər üzərindən əsassız “etnik təmizləmə” təbliğatı qurmaq Ermənistanın bütün cəhdləri fiaskoya uğrayır. Daha doğrusu, onların öz mahiyyətləri bu məsələdə əsl ifşaedici fakta çevrilir. Son dövrlərdə Qarabağdan köçən ermənilərlə bağlı Ermənistanın vətəndaş cəmiyyəti institutlarının yaydıqları məlumatlar, sosial şəbəkələrdə yer alan hadisələr birmənalı qarşılana bilməz. Hətta Ermənistanın internet televiziyalarının apardıqları sorğularda İrəvan sakini olan ermənilər Qarabağdan gələn ermənilərin paytaxta buraxılmasını yolverilməz hesab edirlər, onların ucqar əyalətlərə yerləşdirilməsinin vacibliyini söyləyirlər. Bəziləri isə açıq mətnlə Qarabağdan gələn erməniləri “öz ölkələrində” görmək istəmədiklərini dilə gətirirlər. Lakin insan hüquq və azadlıqlarının qorunmasına məsul beynəlxalq strukturlar Ermənistanın illərlə apardığı “etnik təmizləmə” siyasətinin ifşasından qorxaraq bu kimi faktları ictimailəşdirmirlər.

Xüsusilə Qarabağdan könüllü köçən ermənilərin uşaqları Ermənistanda məktəblərdə kütləvi şəkildə bullinqə (UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır) məruz qalırlar.

Qeyd edək ki, Ermənistan hökumətinin noyabrın 23-də keçirilən iclasında ölkə məktəblərində Qarabağdan gəlmiş uşaqlara qarşı bullinqin təzahürlərinin olduğu qeyd edilib. Problemi daha əvvəl keçirilmiş tədbirə dəvət edilmiş uşaqlardan biri qabardıb. Azyaşlını 1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə keçirilən tədbirə dəvət ediblər. Onun bullinqlə bağlı sualına cavab olaraq elm və təhsil naziri Janna Andreasyan məktəblərdə zorakılığın baş verməsini və belə halların aşkarlanmasının çox çətin olduğunu istisna etməyib.

Göründüyü kimi, ötən əsrin 80-ci illərinin sonlarında öz dövlətlərinə qarşı çıxan, separatizm, xəyanət yolu tutan Qarabağ erməniləri hazırda, necə deyərlər, öz qazdıqları quyuya düşürlər. Bu vəziyyətdən nə vaxt yaxa qurtaracaqları isə onların özlərindən asılıdır. Azərbaycan dövlətinin mövqeyi və siyasi iradəsi ortadadır. Onun nədən ibarət olduğunu isə Qarabağ erməniləri çox yaxşı bilirlər.
Son günlərdə Qarabağdan öz xoşu ilə, könüllü olaraq Ermənistana üz tutan şəxslərin “qaçqın” adlandırılması məsələsi də ortaya atılıb. Məqsəd isə bəllidir. Ermənistan və onun havadarı Fransa İrəvan üçün “havayı pul toplamaq”, eyni zamanda, Hayastanı məzlum kimi qələmə vermək üçün bu metoddan istifadə edir. Qarabağı öz arzusu ilə tərk edən insanların “qaçqın” adlandırılması cəhdi beynəlxalq hüquqa ziddir. Bununla onlar Azərbaycanın Qarabağ regionunda yaşayan erməni sakinlərin reinteqrasiyası üçün aparılan genişmiqyaslı fəaliyyəti təkzib etməyə çalışmış olurlar.

Digər tərəfdən, bu şəxslərin əksəriyyəti Ermənistan pasportu daşıyır - Ermənistan KİV-lərinin yaydığı məlumatlarda da bildirilir ki, Qarabağdan 100 min erməninin köçdüyü iddia edilsə də, yalnız 1143 nəfəri yataqxana və ictimai mənzillərdə yaşayır. Bu isə həmin “qaçqın ermənilər”in böyük əksəriyyətinin Qarabağ sakini olmadığı, işğal illərində qanunsuz məskunlaşdırıldığı və yaxud Ermənistan vətəndaşı olduğu haqda faktları bir daha təsdiqləyir. İşğal dövründə Qarabağda məskunlaşdırılmış, bu insanlar hansı beynəlxalq qanuna əsasən “qaçqın” statusu ala bilər? Bu gün onları “qaçqın” kimi təqdim etməyə çalışanlar isə faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırmış kimi görünürlər.

Nigar Orucova, “İki sahil”