01 dekabr 2023 00:34
358

İndi də “Netflix” xəyanəti...

Künc zərbəsi

Görəsən, Cəmil Həsənli bu dəfə nəyin qarşılığında Vətənini satır?

Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsini, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Cənubi Qafqazda yeni reallıqlar yaratmasını, ən başlıcası isə öz yolunu və siyasi kursunu müstəqil, heç bir kənar qüvvənin diktəsinə boyun əymədən müəyyənləşdirməsini həzm edə bilməyən ABŞ-ın və bəzi Qərb dövlətlərinin ölkəmizə qarşı təxribatları səngimək bilmir. Erməni lobbisinin təsiri altında anti-Azərbaycan ritorikasını, çirkin təbliğat əməllərini davam etdirən həmin dairələr özlərinin Cənubi Qafqazdakı maraqları naminə beynəlxalq hüququ, ədalət prinsiplərini bir kənara ataraq hər fürsətdə yeni oyunlar qurmağa çalışırlar. Ən acınacaqlısı isə odur ki, onların ölkəmiz əleyhinə “qara piar” siyasətinin icraçıları arasında ermənilərlə bərabər, “sapı özümüzdən olan baltalar” da var. Özü də  millətin və dövlətin mənafeyini ayaqlar altına atan Cəmil Həsənli, Əli Kərimli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı, Arif Hacılı kimi həmin xəyanətkarlar öz satqınlıq missiyalarını ermənilərdən daha böyük həvəslə yerinə yetirməyə çalışırlar. Yəqin ona görədir ki, Böyük Britaniyada yaşayan yazıçı Devid Qreys tərəfindən “Netflix” video platformasında yayınlamaq üçün hazırlanan “Cəzasız olan cinayət” adlı beynəlxalq bədii layihəyə məsləhətçi qismində adı “milli”, mahiyyəti antimilli olan “şura”nın sədri Cəmil Həsənli dəvət edilib.

“Report” informasiya agentliyinin ekzklüziv məlumatına görə, sözügedən layihədə Rusiya mperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının postsovet məkanında yaşayan xalqlara qarşı törətdiyi cinayətlərin göstərilməsi nəzərdə tutulub və filmin gələn ilin aprel ayında “Netflix” platformasında nümayişi planlaşdırılır.

Ancaq Cəmil Həsənlinin “ekspert” kimi cəlb edilməsindən də aydın olur ki, “Netflix” idarəçilərinin ilk baxışdan adi bir tarixi film təəssüratı yaradan layihəsi təkcə Rusiyanın deyil, eyni zamanda, Azərbaycanın əleyhinə yönəlib. Əldə edilmiş məlumatlar da bunu təsdiqləyir. Belə ki, filmdə Sovet dövründə olkəmizə rəhbərlik etmiş şəxslər, eləcə də indiki Azərbaycan hakimiyyəti haqqında mənfi məlumatların verilməsi nəzərdə tutulur.

“Müxalifət” maskası ilə maskalanmış antimilli qüvvələrin ön cərgələrində yer alan “milli şura” sədrinin digər “məsləkdaşları”ndan özünü fərqləndirmək üçün Azərbaycanın adını daha “elmi” böhtanlarla qaralamağa çalışdığı sirr deyil. O, bu sahədə yetərincə təcrübəlidir. Çünki işi aldığı sifarişlərə əsasən bütün günü sosial şəbəkələr vasitəsilə ölkəmizin hüdudlarından kənarda Azərbaycan əleyhinə böhtanlar yağdıran simasız “jurnalist” və “bloger”lərin verilişlərində, sevinc osmanqızılarla, qənimət zahidlərlə “youtube” platformasında “ekspertlik” etməkdir. Azərbaycanla bağlı hər zaman qərəzli mövqedən çıxış edən radikal müxalifət funksioneri sözsüz ki, “Cəzasız olan cinayət” beynəlxalq bədii layihəsində də ortaya obyektiv mövqe qoymayacaq. Əksinə “Netflix” Cəmil Həsənli üçün öz xalqına, dövlətinə olan nifrətini, kinini nümayiş etdirmək də, haqqımızda məkrli təbliğatlar aparmaq istəyənlərin alətinə çevrilmək də yeni və əlverişli imkandır.

Yeri gəlmişkən, “Netflix” video platforması 1997-ci ildə ABŞ-ın ermənilərin daha çox yaşadığı və erməni lobbisinin kifayət qədər güclü olduğu Kalifornaiya ştatında yaradılıb. Qısa müddətdə məşhurlaşan “Netflix”in izləyici sayı hazırda yüzmilyonlarla ölçülür və bu faktın özündən də analamaq çətin deyil ki, platformanın müstəqil və tərəfsiz fəaliyyət göstəməsi mümkün deyil. Yəni, bu gün “Netflix” təkcə izləyicilərini internet üzərindən bədii, sənədli filmlər, seriallar, tok-şoularla əyləndirməklə deyil, eyni zamanda, ciddi şəkildə siyasi sifarişləri yerinə yetirməklə də məşğuldur. “Cəzasız olan cinayət”ə məsləhətçi kimi Azərbaycanın Sovet dövrünü və masir tarixini araşdıran çoxsaylı alimlər əvəzinə məhz Cəmil Həsənlinin seçilməsi də çox şeydən xəbər verir. Bu, sözsüz Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti təzahürüdür. Ancaq maraqlıdır, bəs görəsən, “milli şura” sədri bu dəfə nəyin qarşılığında Vətənini satır?

Mahir Rəsuloğlu, “İki sahil”