30 noyabr 2023 17:00
313

Azərbaycan regional və qlobal miqyaslı tədbirlərin təşkilatçısı və təşəbbüskarıdır

Azərbaycan özünün inkişaf tendensiyası, əldə etdiyi uğurlarla dünyanın diqqət mərkəzindədir. Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlu siyasət məhz bu amilləri formalaşdırıb. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik məhz bu reallığın formalaşmasında mühüm rol oynayır. Son illər ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu, etibarlı tərəfdaş mövqeyi əməkdaşlıq imkanlarına açıq olması yeni perspektivlər formalşdırıb.

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi olduqca önəmli idi. Xatırladaq ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak və çıxış edib. SPECA–nın daha bir özəlliyi ondan ibarətdir ki, bu proqram əsasən türk geo-politik regionunu əhatə edir və nəticə etibarilə həm də bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində başlatdığımız inteqrasiya təşəbbüslərinə dəstək rolunu oynayır. Son dövrlər türk dövlət başçılarının artan qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda inkişafını gücləndirir. Hər bir tük dövlətinin milli maraqları və eləcə də bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını zəruri və labüd edir. Bu baxımdan SPECA çərçivəsində əməkdaşlığımız da regional miqyasda əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır. Prezident İlham Əliyevin Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışı və vermiş olduğu mesajlar vacib istiqamətləri əhatə edib. 25 ildir ki, həyata keçirilən SPECA proqramı bu illər ərzində ölkələr arasında hərtərəfli əlaqələrin uğurla inkişafında mühüm amillərdən olub. Sözsüz ki, SPECA-ya üzv dövlətlərin Bakıda ilk dəfə Zirvə görüşünün təşkili də tarixi əhəmiyət kəsb edir. Bu Zirvə görüşü ölkəmizin təşəbbüsü ilə baş tutub. Azərbaycanın bütün uğurlu təşəbbüsləri kimi bu təklifinə də Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən böyük dəstək verilib. Ölkəmizin başçısı qeyd edib ki, SPECA yarananda ölkələrimiz müstəqillik yoluna təzə qədəm qoymuşdular, iqtisadiyyatımız zəif idi, qarşıda bir çox problemlər və çağırışlar mövcud idi. SSRİ-nin dağılması ilə paralel olaraq iqtisadi əlaqələr zəifləmişdi. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.

BMT-nin himayəsi altında SPECA Etimad Fondunun  təsis edilməsini alqışladığını bildirən cənab Prezident bildirib ki,  Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. Ölkəmizin  birbaşa xarici borcunun hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil etdiyini bildirən ölkə başçısı  qeyd edib ki, valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. “Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparıldığını, vacib infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edən ölkə başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına - Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur.

Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı olduğunu, Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzinin hazırda Füzulidə inşa edildiyini və gələn il açılacağını bildirən cənab İlham Əliyev bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürünü bildirmişdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri