30 noyabr 2023 11:02
374

SPECA güclü iqtisadi əməkdaşlıq formatı olacaq

Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə dövlətimizin başçısı həmişə olduğu kimi, yenə çox vacib məsələlərə toxunub.

Prezident İlham Əliyev çıxışında bu il SPECA-nın 25-ci ildönümü olduğunu, hazırda Azərbaycanın sözügedən Xüsusi Proqrama sədrlik etdiyini, üzv dövlətlərin Zirvə görüşünün ilk dəfə keçirildiyini qeyd edib.

Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağını vurğulayan dövlət başçısı ölkələrimizi birləşdirən daha bir amilin siyasi sabitlik olduğunu bildirib. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Azərbaycan BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayır. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkəmizdə gedən inkişafı əyani şəkildə göstərdi.

Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Dövlətin birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.

Dövlətimizin başçısı Füzulidə Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, həmçinin Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzinin inşasına, qardaşlıq dəstəyinə görə Şavkat Mirziyoyevə və Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib.

Zirvə görüşünün sonunda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri