30 noyabr 2023 00:22
292

Üçdən ikisi...

Ermənistan Cənubi Qafqazda sülh və mehriban qonşuluq naminə Gürcüstan-Azərbaycan əməkdaşlığına qoşula bilərmi?

Gürcüstan uzun müddətdir Azərbaycan və Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi əməkdaşlığı da inkişaf etdirməklə, belə demək mümkünsə, öz tərəfdaşlarını seçmiş olduğunu açıq şəkildə göstərir. Mütəmadi olaraq keçirilən üçtərəfli birgə təlimlərin və treninqlərin əhatə dairəsinin genişləndirilməsi, müdafiə sahəsində əlaqələrin inkişafı, hərbi təhsil, hərbi tibb sahələrində görülən işlər sadəcə üç ölkənin deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə hesablanıb.

Təbii ki, hər iki region dövləti ilə dost münasibətlərin rəsmi Tbilisi üçün xüsusi əhəmiyyət daşımasını şərtləndirən bir sıra mühüm amillər mövcuddur. Dünyanın yeni siyasi mənzərəsinin formalaşdırılması uğrunda güc mərkəzləri arasında mübarizənin kəskinləşdiyi, Cənubi Qafqazın da bu “savaşda” xüsusi əhəmiyyətli bölgəyə çevrildiyi indiki vaxtda Ermənistan kimi “poliqona” çevrilməmək üçün Gürcüstanın Azərbaycan-Türkiyə müttəfiqliyinə inteqrasiyası ən optimal variantdır. Üstəlik, Qərb qonşumuza ciddi siyasi və iqtisadi dividendlər qazandıran bu dostluq münasibətlərinin tarixi kökləri əsrlərə söykənir. Odur ki, müxtəlif sahələrdə, həmçinin hərbi əməkdaşlıq istiqamətində atılan üçtərəfli addımlar regionun təhlükəsizliyinin təmin edilməsi və bu prosesə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsi baxımından vacibdir. İndi bu birliyə həmişə olduğundan daha çox ehtiyac var.

“3+3” əməkdaşlıq platformasına qoşulmaqdan müəyyən səbəblərdən imtina etmiş Gürcüstanın əvəzində Azərbaycan və Türkiyə ilə iki və ya üçtərəfli əməkdaşlığı regionun gələcək taleyinin müəyyənləşdirilməsində ciddi rol oynaya bilər. Çünki Cənubi Qafqazda sabitlik və mehriban qonşuluq mühitinin yaradılması, bölgənin kənar qüvvələrin təsir dairəsinə düşmədən inkişafına nail olunması funksiyasını məhz region dövlətləri öz üzərlərinə götürməlidir. Rəsmi Tbilisinin “3+3” platformasında iştiraka maraq göstərməməsinin bu ölkə üçün obyektiv sayıla biləcək səbəbləri bəlidir: Gürcüstan mümkün qədər neytrallığını qorumağa çalışsa da öz süveren ərazilərində separatizmdən çəkdiyi əziyyətin əsas səbəbkarı qismində Rusiyanı görür. Odur ki, Abxaziya və Cənubi Osetiya problemləri həll edilmədən Kremlin də əyləşdiyi masaya oturmaq istəmir. Qərbin diqqətini mənfi mənada cəlb etməmək üçün İranla münasibətdə ehtiyatlı davranan Gürcüstanın Türkiyə və Azərbaycanla dostluq əlaqələrini inkişaf etdirməsi gürcü xalqının rifahının təmin olunması baxımından da böyük önəm kəsb edir. Maraqlıdır, bəs rəsmi Tbilisinin Azərbaycanla dost münasibətləri fonunda Cənubi Qafqazın üçüncü dövləti olan Ermənistanla əlaqələrini necə qiymətləndirmək olar? Son proseslərdən sonra regionda sülhün əldə edilməsində Gürcüstanın qonşu kimi iştirakı və vasitəçiliyi mümkündürmü?

Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze “Report”un yerli bürosuna açıqlamasında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tbilisiyə son səfərini Qafqazda sülhün yaranması istiqamətində atılan addımların bir hissəsi kimi dəyərləndirib. Diqqətçəkən məqamdır ki, səfər noyabrın 27-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündən dərhal sonra reallaşdırılıb. Mamaladzenin fikrincə, Ermənistan tərəfi son günlər öz təhlükəsizliyini gücləndirmək üçün Gürcüstanla sıx təmaslar qurur. Bu da onunla bağlıdır ki, Ermənistan Rusiya ilə hərbi sahədə təmasları azaltdığı üçün özünü təhlükə altında hiss edir, ona görə də ehtiyac yaranacağı təqdirdə Gürcüstandan ona dəstək göstərilməsini istəyir.

Qeyd edək ki, iki ölkənin münasibətlərində ən həssas məqam Gürcüstanın ərazi bütövlüyü ilə bağlıdır. Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın bununla bağlı açıqlamaları əlaqələrin inkişafının yeni mərhələsinə start verə bilər. Belə ki, Paşinyan işğalçı və separatçı sələflərindən fərqli olaraq Gürcüstanın ərazi bütövlüyü ilə bağlı konkret mövqeyini bildirib. Hətta onun bu çıxışı Ermənistanın özündə və Abxaziyada yaşayan bəzi revanşist ermənilərin etirazına da səbəb olub. Ancaq görünür, Qarabağ münaqişəsinin tarixin arxivinə atılması Paşinyanın qonşu dövlətlərin ərazi bütövlüyü haqqında daha cəsarətlə danışmasına şərait yaradıb...

L.Mamaladze bildirib ki, artıq rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hazırdır: “Həm sülh prosesi, həm də regionda təhlükəsizliyin qorunması üçün Gürcüstanla Azərbaycan çox mühüm işlərə imza atırlar. Təbii ki, bu prosesə Ermənistanın da qoşulması olduqca vacibdir. Belə olan halda isə heç kimə regionda çaxnaşma yaratmaq imkanı verilməyəcək. Cənubi Qafqazda üçüncü ölkələrin qızışdırdığı münaqişələr tarixin bir parçası olmalıdır.”

Bu gün uzun fasilədən sonra Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının iclası keçiriləcək. Toplantıda demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq. Özü də Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə. Bəlkə Azərbaycan və Ermənistan liderlərinin Qərbin məsələlərə ikili standartlarla yanaşmasının, ədalətsiz mövqeyinin nəticəsi olaraq təxirə salınmış Qranada görüşünü yeni format və yeni məkanla əvəz etmək olar? Bunun üçün Tbilisi Brüsseldən və ya Qranadadan daha yaxın, daha səmərəli görüş yeri olmazmı?

Mahir Rəsuloğlu, “İki sahil”