29 noyabr 2023 18:30
575

COVID-19 bitmədən qızılca: Betərin betəri, yoxsa?..

Qızılca çox yoluxucu xəstəlik olduğu üçün koronavirusdan  qorunmaq üçün riayət etdiyimiz qaydalar bu xəstəlik üçün  keçərli deyil

COVID-19 bəlasından təzəcə canımızı qutarmışdıq ki, indi də qızılca kabusu başlayıb. Hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir.

Qızılca necə xəstəlikdir?

Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni, bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. 

Aidiyyəti qurum və mütəxəssislər məsələ ilə bağlı nə deyir?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən “İki sahil”in sorğusuna cavab olaraq bildirildi ki, qızılcaya yoluxma hallarının artması müəyyən səbəblərdən (valideynlər tərəfindən vaksinlərə  inamın olmaması, əsassız imtina halları, COVID-19 pandemiyası dövründə uşaqların vaksinasiyadan kənarda qalması və s.) uşaqların vaxtında peyvənd olunmaması nəticəsində baş verib. Qızılca xəstəliyinə yoluxma riski immuniteti zəif olan şəxslərdə (vərəm, İİV xəstələri), hamilələr, 5 yaşına qədər uşaqlarda daha yüksəkdir. Xəstəliyin ilkin simptomlarına – yüksək qızdırma, quru öskürək, zökəm, konyunktivit, gözlərin işığa həssaslığı (işıqdan qorxma) aiddir. Sonrakı mərhələdə ağızın selikli qışasında başlayan, mərkəzi ağ, qıraqları qırmızı səpgilərin yaranması müşahidə olunur. İki-üç gündən sonra dəridə, əvvəl qulağın arxası,başın tüklü hissəsində, üzdə səpgilər əmələ gəlir. Növbəti günlərdə səpgilər boyunda, sinədə, əllərdə, 1-2 gündən sonra isə aşağı ətraflarda müşahidə olunur.

Qurumdan verilən məlumata görə, qızılca virus mənşəli xəstəlikdir, lakin bakterial infeksiyanın qoşulması zamanı, xüsusilə immuniteti zəif olan insanlarda, ağırlaşmalar – pnevmoniya, otit, bağırsaq pozulmaları, meningit, ensefalit – qeyd oluna bilər. Qızılca, yüksək kontaqiozluğa malik olan xəstəlikdir. Yoluxma birbaşa təmas zamanı hava-damcı yol ilə keçir. Bu xəstəlikdən qorunmaq üçün peyvənd etdirmək mütləqdir. Bütün respirator infeksiyalarda olduğu kimi, qoruyucu respirator vasitələrdən istifadə, mümkün qədər kütləvi toplantı yerlərindən uzaq durmaq tövsiyə olunur.

Qızılcaya yoluxma hallarının artmasının səbəbi...

Bakı Sağlamlıq Mərkəzinin infeksionisti Ləman Qalimova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, qızılcaya yoluxma hallarının artmasının səbəbi uşaqlar və böyüklər arasında vaksinasiya olunanların sayının az olmasıdır. Valideynlər arasında belə bir deyim formalaşıb ki, qızılca aktiv vaksindir və bunu uşağıma vurdursam nə isə bir fəsadı olar. Ancaq valideynlər belə düşünməməlidir. Mütləq şəkildə peyvənd olunmalıdırlar. Dövlət Proqramına əsasən, vaksinasiya  1-6 yaş aralığında aparılır. Ancaq böyüklərdə əgər keçirməyiblərsə, mütləq şəkildə vaksin olunmalıdırlar.

Mütəxəssis diqqətə çatdırdı ki, qızılcaya hər kəs yoluxa və  onu ağır keçirə bilər. Bəzi xəstə kateqoriyaları var ki, kimyaterapiya, radioterapiya alanlar, onkoloji xəstələr, kartikosteroid qəbul edənlər, HİV xəstələr hansıki onlarda immun sistemi çox aşağı olur və bu qrupdan olan şəxslərə canlı vaksin edə bilmirik. Onların qızılca xəstələyinə tutulması  çox təhlükəlidir. Özlərini  mütləq şəkildə qorumalıdırlar.

İnfeksionistin sözlərinə görə, xəstəliyin inkubasiya dövrü 1-2 həftəyə qədər uzana bilir: “Sonra isə xəstədə kataral simptomlar başlayır. Bu kataral simptomlardan isə konyuktivit, xəstənin temperaturunun yüksəlməsi, burnunun axması halsızlıq, boğaz ağrısı, boğazda udqunmada çətinlik kimi halları müşahidə edə bilərik. Xəstənin qızdırması enməyə başladıqca səpkinin əmələ gəlməsini, sonra isə piqmentasiya mərhələsi olur.”

Müsahibimiz vurğuladı ki, xəstəlikdən qorunmaq üçün yeganə yol vaksinasiyadır. Əl gigiyenasına riayət etmək, tibbi maskadan istifadə etmək lazımdır. Bu xəstəliyin müalicəsi də yoxdur. Ona görə də insanlar gərək vaksin olunsunlar ki, xəstəliyi tutsalar belə çox yüngül keçirə bilsinlər.

Qızılca COVID-19 kimi təhlükəli olmayacaq…

Həkim-infeksionist Mərdan Əliyev isə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, qızılca peyvəndlə qorunan xəstəlikdir: “Peyvəndlərin olmaması qızılca riskini artırır, uşaqları xəstəliyə qarşı müdafiəsiz edir və asanlıqla yoluxurlar. Risk qrupuna daxil olanlar daha çox  yaxşlı şəxslərdir. 20 yaşdan yuxarı şəxslər  və 1 yaşdan aşağı uşaqlar xəstəliyi ağır keçirirlər. Böyüklər bu xəstəliyə həssas deyil, əsasən uşaq yoluxucu xəstəlikdir. Xəstəlik pnevmoniya və sinir sisteminə təsir göstərib, ensefalit və sinusit kimi ağırlaşmalar verə bilər. Əsas simptomlar qızdırma, halsızlıq və bədən üzərində olan səpgilərdir. Səpgilər mərhələli şəkildə  və qırmızı ləkə formasında üz nahiyəsindən başlayır, üzüaşağı, boğaz, sinə, qollar və ondan sonra da aşağı ətraflara yayıla bilər. Qızılcadan qorunmaq üçün əsas vasitə peyvənddir. Qızılca çox yoluxucu xəstəlik olduğu üçün COVID-19-dan qorunmaq üçün riayət etdiyimiz qaydalar, yəni, sosial məsafənin gözlənilməsi, əllərin gigiyenasına riayət edilməsi, tibbi maskanın taxılması burada keçərli deyil. Yeni xəstəlik deyil, peyvəndi var. Uşaqların rutin peyvəndinə daxildir deyə, vaksin olunanları bu xəstəlikdən yaxşı qoruyur. Ona görə də qızılca COVID-19 kimi təhlükəli olmayacaq.”

Qızılcanın yoluxma dövrü səpgidən 4 gün əvvəl, səpgi dövründə və ondan 4 gün sonra olur

Həkim infeksionist Əminə İsmixanova vurğuladı ki, insanlarda COVID-19-dan sonra immunitet aşağı düşüb və bir çox xəstəliklərə qarşı müqavimət zəifləyib. Bundan əlavə olaraq illərdir ki, artıq valideynlərin nədənsə qorxusu var ki, uşaqları qızılca və digər peyvəndlərdən yayındırırlar. Bu da qızılca xəstəliyinin yoluxma hallarını daha da artırır. Risk qrupundan immun çatışmazlığı olan xəstələr, hamilələr, yaşlı insanlar, 5 yaşından kiçik uşaqlar, peyvənd olunmayan əsas şəxslər, məsələn, onkoloji xəstələr, kimyaterapiya müalicəsi alan insanlar, hormonal preparatlar qəbul edənlər, xroniki xəstələr risk qrupundadırlar.

İnfeksionist bildirdi ki, xəstəliyin ilkin simptomları yuxarı tənəffüs yollarında başlayır. Buna kataral əlamətlər deyilir. Yəni, qızdırmanın olması, burun axması, bəzən öskürək, halsızlıq, yorğunluq, sonrakı günlərdə isə səpgi yaranır. Burada səpgilər mərhələli olur. İlk növbədə səpgi burun ətrafında, üzdə, qulaq ardında, sinədə olur, sonra isə bədənə yayılır, daha sonra yuxarı və aşağı ətraflarda yayılır. Bundan başqa əsas patoqnamik əlamət deyirik biz buna yanağın içərisində Filatov-Koplik ləkələri olur, bunlar xırda səpgilərdir hansı ki, bədəndə səpginin yaranmasından 48 saat öncə yaranır və  bu koplik ləkələri 72 saata qədər davam edir, sonra itir. Bunu adətən həkimlər görmür, çünki xəstələr gələndə əsas səpgi ilə gəlirlər.Və digər əsas əlamətlərdən biri  isə konyunktivitin olmasıdır. Gözlərdə işığa qarşı həssaslıq olur, hətta fotofobiya yəni işıqdan qorxma halı baş verir. Xəstəliyi  daha ağır keçirənlər 5 yaşdan kiçik uşaqlar və  20 yaşdan böyük insanlardır. Qızılcanın ağırlaşması nəticəsində pnevmoniya, ensefalit, keratit, buynuz qişanın xorası, ishal, hepatit, appendisit, 7-10 il sonra yarımkəskin sklerozlaşan panensefalit diaqnoz meydana çıxır.

Müsahibimiz vurğuladı ki, qızılcadan qorunmaq üçün uşaqlar mütləq şəkildə peyvəndə cəlb olunmalıdır: “Qızılca, parotit və məxmərəyə qarşı peyvənd (QPM) 1-6 yaşda uşaqlara vurulur. Bilirik ki, hazırkı kataral əlamətlərdə ola bilər ki, sonra qızılca yaransın. Ona görə də yuxarı tənəffüs yolu olan infeksiyalardan təmasımızı yayındırmalıyıq və uşaqların hər biri peyvənd olunmalıdır. Peyvənd 95 faiz qoruyur. Qızılcanın  yoluxma dövrü səpkidən 4 gün əvvəl, səpgi dövründə və ondan 4 gün sonra olur. Ona görə hələ səpgi yaranmamışdan belə bu insanlarda kataral əlamət varsa, digər insanlar yoluxa bilir. Bu səbəbdən də diqqətli olmalıyıq. Qızılcanı bir çox insan rahat keçirsə də onun ağırlaşması daha qorxulu fəsadlarla bitə bilər deyə insanları diqqətli olmağa səsləyirəm.”

Yaqut Ağaşahqızı, “İki sahil”