30 noyabr 2023 01:37
307

Fransa və ABŞ-ın qərəzli mövqeyi…

Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə gətirib çıxarmalı olan Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına ən böyük maneədir

Bu günlərdə Fransanın Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarı ilə bağlı tələm-tələsik bəyanat verərək, guya qərarın Fransanın mövqeyinə uyğun olduğu təəssüratı yaratmağa çalışıb. Fransız diplomatiyasına yaxşı məlumdur ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında sadəcə Azərbaycanın onsuz da atmaqda olduğu addımlar sadalanıb. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşayan bütün insanların hüquqlarını təmin edir. Azərbaycan Qarabağ bölgəsindən köçmüş ermənilərin qayıdış hüququ ilə bağlı öz siyasətini aydın bəyan edib.

Fransa tək əldən səs çıxmaz düşüncəsi ilə bu prosesə bütövlükdə Avropa İttifaqını (Aİ) cəlb etməyə çalışır. Bu yaxınlarda İrəvanda Avropa İttifaqının monitorinq missiyasının hüquqi statusuna dair sazişin imzalanması da buna xidmət edir. Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur.  Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanın regionda tam yerləşdirilməsinə cəhd edir. Çünki missiyanın statusuna dair sazişin imzalanması göstərir ki, əslində bu, mülki deyil, hərbi yönümlü missiyadır. Fransanın Ermənistanı silahlandırması da bunu təsdiqləyir.

Qərbin Cənubi Qafqazda yeni müharibəni alovlandırmaq cəhdlərinin əyani sübutu kimi son vaxtlar Fransanın apardığı təxribatçı hərbi-siyasi fəaliyyətini göstərmək olar. KTMT üzvü olan Ermənistanın əsgərlərinə hazırda Fransanın təxminən yeddi poliqonunda təlim keçirlər. Bu barədə rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın “Te­leqram” kanalında yaydığı məlumatında deyilir ki, bu təlimlərə cəlb olunan ermə­ni hərbçiləri Rusiyaya qarşı müharibədə iştirak etmək üçün hazırlanır.

Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Dəhşətli cinayətlər, soyqırımı törətmiş, işğalçılıq siyasəti yeridən Fransa indi də gözünü Cənubi Qafqaza dikib və Ermənistan vasitəsilə çirkin əməllərini həyata keçirmək istəyir. 

Bu gün Fransa öz daxili problemləri ilə məşğul olmaq əvəzinə məkrli planlar qurur, başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhd göstərir. Fransada uzun müddət davam edən mitinqlər, ölkədə hökm sürən özbaşınalıqlar fransızların özlərini də cana gətirib. Ölkədə islamofobiyanın və türkofobiyanın geniş yayılması da ciddi problemlərə səbəb olur. Fransızlar Prezident Emmanuel Makrondan ciddi şəkildə narazıdırlar və onun siyasətinə qarşı açıq etirazlarını nümayiş etdirirlər. Belə olan halda Fransa Prezidentinin Ermənistanla məşğul olması, onu silahlandırıb revanşistləri həvəsləndirməsində təəccüblü heç nə yoxdur, Paris qonşu ölkələri bir-birinə qarşı qoymaqla fitnəkar xislətini büruzə verir. 

ABŞ da Fransa kimi, güclü, suveren və qüdrətli Azərbaycanı qəbul edə bilmir. Son zamanlar ABŞ-ın sərgilədiyi mövqe də  regionda vəziyyətin gərginləşməsinə yönəlib. Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilməsi və bu tədbirdə çıxış edənlərin Azərbaycana qarşı qərəzli mövqeyi bunu bir daha təsdiqləyir. Bundan əlavə, ABŞ Senatı “2023-cü il Erməniləri Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir. Vaşinqtonun belə qərəzli mövqe ortaya qoyması səbəbindən rəsmi Bakı ABŞ-da noyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib.

Azərbaycanı müzakirə etmək əvəzinə ABŞ öz daxilində günbəgün artan problemlərlə bağlı bir dinləmə keçirsəydi daha yaxşı olardı - ABŞ Konqresi ölkə daxilindəki irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi, eyni zamanda, Birləşmiş Ştatların günbəgün artan dövlət borcları və s. kimi problemləri ilə məşğul olsaydı, Amerika xalqı üçün daha faydalı olardı. ABŞ anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında öhdəliyi var.

Qərbin, xüsusilə Fransanın və onun Qafqaz “təşəbbüslərini” dəstəkləyən ABŞ-ın bölgədə hansı maraqları güddüyü, burada kəllə-kəlləyə gələn güclərin əsas məqsədlərinin nədən ibarət olduğu hamıya məlumdur.  Həmin güclərin planı “Ermənis­tanı Cənubi Qafqazın Ukraynasına çevirmək”, bölgədə qüvvələr nisbə­tini dəyişmək, nəticədə burada geo­siyası maraqlarını təmin etməkdirsə, bu ssenari alınmayacaq. Çünki böl­gədə bütün tərəflərə ədalətli və şəf­faf oyun qaydalarını diktə edən, söz və güc sahibi olan Azərbaycan var. Kənar aktorlar bu amili görməzdən gələ bilməzlər. Əslində, bunu yeni “Qafqaz ssenarisi”nin müəllifləri də çox gözəl bilirlər, lakin Ermənistanın üzərindən Rusiyaya təsir göstərməyi hədəfləyən hayların saxta təəssüb­keşlərinin son cəhdi də fiaskoya uğ­rayacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”