30 noyabr 2023 01:58
305

Zəngəzur dəhlizi Turan yolunun başlanğıcıdır

«Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq» söyləyən Prezident İlham Əliyev bu vədini də yerinə yetirəcək

XIX-XX yüzilliklər bir çox dövlətlərin, o cümlədən Azərbaycanın taleyində mühüm siyasi, təlatümlü hadisələrlə yadda qalmışdır. Həmin dövrlərdə Rusiya imperiyası Cənubi Qafqaza gəlmə olan nökərləri -ermənilərə havadarlıq edərək Azərbaycanın tarixi əraziləri hesabına qondarma Hayastanı yaratdı. Daşnakların istəyi ilə Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir. Bununla kifayətlənməyən dığalar hətta Dağlıq Qarabağa da iddialı olduqlarını bildirirlər. Azərbaycanın müqəddəratının həll olunduğu o dövrdə dövlətimizin milli mənafelərini qoruyanların xidmətlərini həmişə yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 1921-ci ilin mart ayında Moskvada, həmin ilin oktyabrında Qarsda imzalanan müqavilələri əsl vətənpərvərlik, fədakarlıq adlandırırdı. O dövrdə Naxçıvanı öz əraziləri hesab edən ermənilər bu torpaqlara sahib olmaq niyyətlərini açıq-aşkar söyləyirdilər və məqsədlərinə çatmaq üçün havadarlarından dəstək alırdılar. Sovet hakimiyyəti yeni qurulan zaman Zəngəzur mahalının və Araz sahilindəki Mehrinin Ermənistana verilməsi Azərbaycana qarşı ədalətsizliyin daha bir nümunəsi idi. Tarixi nöqteyi- nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük səylər göstərilmiş, son nəticədə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilmişdir. Saxtakarlıqla barışmayan zaman tarixi həqiqətləri təkrarladı. Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri olarkən Qars müqaviləsini təzələməklə muxtar respublikanı Ermənistanın işğalından qorudu.

«…Xatirimdədir, 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin Sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, o vaxtkı Baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik. Uzun bir fasilədən sonra Türkiyə Cümhuriyyətinin başçıları, xüsusən Baş nazir Süleyman Dəmirəl bütün mətbuat qarşısında bəyan etdi ki, Moskva və Qars müqavilələrinə görə, Naxçıvan Muxtar Respublikasının statusunda əgər bir dəyişiklik edilərsə, Türkiyə burada səs sahibidir. Bu, həqiqətən də belədir. Çünki həm Qars müqaviləsini, həm də Moskva müqaviləsini imzalayan bir tərəf də Türkiyədir. Türkiyə o vaxt olduğu kimi, indi də dünyanın böyük, müstəqil dövlətidir. Bu baxımdan Türkiyə o vaxtdan Naxçıvan Muxtar Respublikasının qarantı kimi olubdur. Bunlar bizim tariximizin səhifələridir» söyləyən, uzaqgörən siyasətçi, torpağına bağlı olduğunu dövlətçilik təcrübəsinə əsaslanaraq bildirən, müdrik şəxsiyyət olduğunu təsdiqləyən Ulu Öndər Heydər Əliyevin qətiyyətinin nəticəsidir ki, bu gün Zəngəzur dəhlizinin gerçəkləşməsi istiqamətində real addımlar atılır.

Çinin geosiyasi əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsi»nə ilk qoşulan, ölkəmizin maraqlarına cavab verdiyi üçün onu tam dəstəkləyən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin tarixi İpək yolunun bərpası təşəbbüsünü yeni istiqamət üzrə davam etdirdi. Şərqin Qərblə birləşməsinə tam imkan verən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıldı. Ümumi inkişaf və faydalı əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyətə malik, Şərqi Çindən başlayıb və Qərbi Avropanın son nöqtəsinə qədər uzanan bu marşrut Zəngəzur dəhlizinin açılması baxımından də önəmlidir. Zəngəzur dəhlizinin açılması ilə Qazaxıstan və Azərbaycanı Xəzər dənizi üzərindən birləşdirən Orta Dəhliz layihəsi quru yolla reallaşacaq və aradakı məsafə xeyli qısalacaq. Beləliklə, Avropa, Afrika və Yaxın Şərqə doğru başqa bir marşrut fəaliyyət göstərəcək. Biri-birini tamamlayan bu cür layihələrin çoxluğu o deməkdir ki, inteqrasiya proseslərinə getdikcə daha çox ölkə cəlb olunacaq.

«Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq» söyləyən Prezident İlham Əliyevin bu marşrutun açılması üçün göstərdiyi qətiyyət sayəsində tərəfdaş ölkələrin iqtisadi inkişafı intensivləşəcək, dəhliz boyu ölkələrin əməkdaşlığı güclənəcək. Yəni, Bakı-Tbilisi-Qars dəmir yoluna paralel olaraq Zəngəzur dəhlizinin işə salınması ilə Azərbaycan ərazisindən daşımaların həcmi artırılacaq. Məsafələri yaxınlaşdıracaq, səmərəli daşımalar üçün önəmli tranzit rolunu artıracaq Azərbaycanın geosiyasi əhəmiyyəti, loqistika imkanları daha da genişlənəcək, ölkəmizdə böyük sənaye zonaları yaradılacaq, Ələt Azad İqtisadi Zonasına maraq daha da artacaq. Bu imkanları nəzərə alan Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanın Avropaya açılan qapısı Zəngəzur dəhlizinin bərpası mütləqdir!

Bununla belə, Zəngəzur dəhlizinin açılması muxtar respublikanın inkişafına daha böyük töhfələr verəcək. Prezident İlham Əliyevin qətiyyəti sayəsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata, Şuşada Azərbaycanla Türkiyə arasında imzalanmış Müttəfiqlik Bəyannaməsinə Zəngəzur dəhlizi ilə bağlı bəndlərin salınması dövlət başçımızın siyasi iradəsinin, qətiyyətinin nəticəsidir. Zəngəzur dəhlizinin açılması ilə bağlı Prezident İlham Əliyevin yeritdiyi siyasətin, onun diplomatiyasının dünya birliyi tərəfindən dəstəklənməsi Azərbaycanın siyasi , iqtisadi uğuru olmaqla, muxtar respublikanın Avropaya açılan qapısı statusunun gerçəkləşməsi, Orta Dəhliz layihəsinin əsas tərəfdaşı və iştirakçısı olan ölkəmizin önəminin artması, türk dünyasının birlik və həmrəyliyinə etibarlı zəmindir.

Zəngilan-Ordubad dəmir yolu xəttinin inşası bu dəhlizin açılmasını tezləşdirməklə Ermənistanın revanşist əhval-ruhiyyəli qüvvələrinin sərsəm ideyalarının sonu, dəmir yumruğun güc və qüdrətinin də ifadəsidir. Yerli və xarici jurnalistlərə müsahibələrində regional əhəmiyyətli, türk dünyasının birliyini təmin edəcək və Azərbaycan üçün mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi ilə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyevin «Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır» sözləri Ermənistana ciddi xəbərdarlıq idi. Zəngəzur dəhlizinin inşasının 80 faizə qədərinin artıq başa çatdırılması isə verilən vədə sadiqliyin ifadəsidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına diqqət və qayğı ilə yanaşılması bu dəhlizin açılmasına böyük önəm verilməsi də Ulu Öndərin arzularının gerçəkləşməsinə yönələn sadiqlikdir.

Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Qarabağ və Şərqi Zəngəzurda, Şuşada, Laçında, Xankəndidə və işğaldan azad edilmiş digər şəhər və rayonlarda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu Qayıdış Qərbi Azərbaycana da dönüşün müjdəçisidir.

Azərbaycanın Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatmasından sonra sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ulu Öndərin ata yurdu Naxçıvana səfəri də iki ölkə arasındakı enerji, nəqliyyat layihələrinə yeni istiqamətlərin əlavə olunacağından xəbər verdi. Prezident İlham Əliyevin dəvəti ilə baş tutan səfər, artıq dünyada söz sahibi olan iki ölkə başçısının görüşü Zəngəzur dəhlizinin açılmasına inamı daha da artırdı. Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasındakı çıxışında Azərbaycanla həmrəyliyini «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək!» sözləri ilə ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın” «Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr, mənə görə, yersizdir. Artıq bütün Qarabağın atdığı bu addımlardan sonra belə qorxulara yer yoxdur» sözləri, Prezident İlham Əliyevin «Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır»” ifadəsinin reallaşacağı günə az qalıb. O gün, eyni zamanda, varislik ənənəsinin təntənəsi kimi tarixə yazılacaq.

...Müsahibələrinin birində özünün şəxsi həyatı, siyasi fəaliyyəti, Azərbaycan naminə tarixi xidmətləri barədə danışan «Mən balaca bir evdə, zəhmətkeş ailəsində bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz qırx nəfər sevinib, indi bəlkə də bir qədər qeyri-təvazökar səsləndi. Amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycan üçün dünyaya gətirib. Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm» söyləyən Ulu Öndər Heydər Əliyevin daim arzusunda olduğu böyük Turana gedən yolun başlanğıcı olan Zəngəzur dəhlizinin bərpası ilə milyonlar sevinəcək. Əlamətdar, tarixi günlərdə Qələbəmizin müjdəsini Ali Baş Komandan kimi, Ulu Öndər Heydər Əliyevə raportu ilə bildirən Prezident İlham Əliyevin Zəngəzurun bərpasından sonra üz tutacağı daha bir ünvan var. Yerli televiziya kanallarına müsahibəsində Zəngəzurla bağlı sualı cavablandıran, «Babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir» söyləyən Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə ulularımızın ruhlarına təskinlik bəxş etdi. Bildirdi ki, Azərbaycan xalqının üstünlüyü milli ruha bağlılığı, adət-ənənələrimizə sadiqliyidir: «Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm.» O vaxt uzaqda deyil.

Xuraman İsmayılqızı, «İki sahil»