30 noyabr 2023 02:57
312

Bölgənin gələcək elm məbədi

Qarabağ Universiteti bu missiyanı ləyaqətlə yerinə yetirəcək

İşğaldan azad olunmuş ərazilərin ölkənin digər regionları ilə iqtisadi-mədəni əlaqələrinin bərpa olunması istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, Prezident İlham Əliyev 28 noyabr 2023-cü il tarixində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılacaq. Bununla bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. O cümlədən universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək tapşırılıb.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Həmçinin əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Qeyd olunan reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. Qarabağ Universitetinin bu çağırışları yüksək səviyyədə qarşılayacağına böyük əminlik var.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. Xankəndi Pedaqoji İnstitutunda Azərbaycan, erməni və rus məktəbləri üçün müəllim kadrları hazırlığı həyata keçirilirdi. 1973-1988-ci illərdə burada 3 minə yaxın müəllim hazırlanıb. 1974-1988-ci illərdə professor Nəcəf Quliyev institutun prorektoru vəzifəsində çalışıb. 1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunda 10 kafedrada 102 nəfər müəllim çalışırdı ki, onlardan da 4 nəfəri elmlər doktoru, professor, 36 nəfəri elmlər namizədi,  dosent idi. Aspirantura hazırlığı keçən 17 nəfər gənc tədqiqatçı dissertasiya müdafiəsi ərəfəsində idi. Sonrakı proseslər, Xankəndinin erməni separatçılarının yuvasına çevrilməsi nəticəsində pedaqoji institutun tarixi ənənələri də yarımçıq qalıb.

Belə ki, 1988-ci  ilin mayında institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlərlə üzləşdikləri üçün Xankəndi şəhərini tərk etmək məcburiyyətində qalırlar. Azğınlaşmış haylar 1 ay ərzində 3 dəfə institutun qarşısına toplaşaraq azərbaycanlılardan şəhəri tərk etmələrini tələb edirlər. Həmin ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirir, 1989-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı yaradılıb və iki il fəaliyyət göstərib. Lakin təəssüf ki, burada ciddi siyasi səhvə yol verilib. Şuşada yerləşən institutun Xankəndi filialı kimi deyil, Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi göstərilməsi hayların əlinə fürsət verib.

Növbəti dövrdə Qarabağda tüğyan edən separatizm meyilləri güclənir. Həmin ərazilər işğal altına düşür və 30 il dərin sükuta qərq olur. 1988-ci ildə institut öz müstəqilliyini itirərək Ermənistanın Kirovakan İnstitutunun filialı adı altında tədricən yaranan separatçı xuntanın əlinə keçir. İşğal dövründə buradan saxtalaşdırma mərkəzi kimi istifadə olunur. Xunta rejimi 30 il ərzində öz çirkin ərazi iddialarını məhz burada yaşatmağa cəhd edir.

1991-ci ildə Xankəndi digər torpaqlarımız kimi işğal altına düşmüşdür və 2023-cü il 19 sentyabrda keçirilən 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Xankəndi də digər ərazilərimiz kimi işğaldan azad olunub. Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı. 

Dövlət başçımız həmin gün çıxışında deyib: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

Nigar Orucova, “İki sahil”