27 noyabr 2023 21:49
275

Diplomatik reallıqlar fonunda Azərbaycanın dünya birliyinə inteqrasiyası xeyli sürətlənib

İraq hökuməti ilə yeni sənədlərin imzalanması da bu istiqamətdə görülən səmərəli işlərin nəticəsidir

Noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə müxtəlif sahələrin bundan sonrakı inkişafını və yeni münasibətlərin qurulmasını özündə əks etdirən sənədlərin imzalanması mərasimi olub.

İki ölkə əlaqələrinin tarixi qədim dövrlərə gedib çıxır və təbii olaraq yenilənməyə ehtiyac var. Hətta Sovet İttifaqı dönəmində İraq dövlətinin Bakıda konsulluğunun fəaliyyət göstərməsi bu münasibətlərə nə qədər önəm verilməsini özündə əks etdirir.

Azərbaycan-İraq ikitərəfli münasibətləri mühüm önəm kəsb edir. 2 yanvar 1992-ci ildə İraq Azərbaycanın müstəqilliyini tanıyıb. 30 mart 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan artıq bütün sahələrdə dünya birliyinin aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bu uğurların arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar  və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib. Bu uğurlar dünya birliyinə inteqrasiya istiqamətində görülən səmərəli işlərin nəticəsində qazanılıb.

20 may 2011-ci il tarixində Azərbaycan və İraq arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan səfirliyi fəaliyyətə başlayıb. 18 yanvar 2017-ci ildə Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı M.Bərzani ilə görüşüb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu əlaqələr getdikcə inkişaf edib. İki ölkə rəhbərləri və rəsmilərinin qarşılıqlı səfərləri çərçivəsində dövlətlərin maraqlarını, onların qarşılıqlı münasibətlərini özündə əks etdirən rəsmi sənədlərin yenilənərək imzalanması da günümüzdə baş verən hadisələrin reallığını əks etdirən hadisə olaraq dəyərləndirilməlidir. Bundan savayı, hər iki dövlətin beynəlxalq səviyyəli təşkilatlarda təmsil olunması regionda baş verən hadisələrə münasibət və maraqların uzlaşdırılması baxımından da əhəmiyyətlidir. Demək olar ki, beynəlxalq aləmdə sürətlə dəyişən gündəm ölkələrarası münasibətlərə korrektələr edilməsinin özünü də zəruri edir.

Son görüşdə hər iki tərəfi təmsil edən sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandum imzalanıb. Bu da gələcəkdə iki ölkə arasında inkişafına daha da diqqət ayrılmasını özündə əks etdirən sahələrdir. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalanıb. Bu da regionda baş verən hadisələrə münasibətin birlikdə işlənilib hazırlanaraq razılaşdırılması anlamını vermiş olur.

İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. Bundan sonra İraqla dostluq və əməkdaşlıq münasibətləri uğurla davam edəcək.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri