28 noyabr 2023 03:01
309

Nala-mıxa vurmaqdan yorulmadınmı, ay zavallı?..

Paşinyanın növbəti “sülh” oyunu

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl “sülh göyərçini”nə çevrilsə də, regionda baş verən son proseslərdən sonra adəti üzrə siyasi kursunu dəyişərək yenə Azərbaycanla baş tutacaq sülh müqaviləsini imzalamaqdan yayınmağa, sülh danışıqlarını uzatmağa başlayıb. O, növbəti dəfə açıqlama verərək bir müddət əvvəl dediklərini təkzib edib. Siyasətini nala-mıxa vurmaq kursu üzərində quran Paşinyanın bu tipli açıqlamaları ilk dəfə deyil ki səslənir. Bir müddət əvvəl ölkəmizlə sülh müqaviləsinin imzalanmasının vacibliyindən danışan Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların videosuallarını cavablandırarkən bildirib ki, Azərbaycanla Ermənistan arasında üç prinsip üzrə sülh müqaviləsinin imzalanacağı bəlli deyil. Paşinyan yenə də Brüssel danışıqları zamanı Ermənistanın ərazisinin 29 800 kv. km. olduğunun qəbul edildiyini, sərhədlərini müəyyən edilməsi zamanı 1974-1990-cı illər xəritələrindən istifadə edilməli olunduğunu (halbuki Ermənistan SSR 1920-ci ildə yaradılıb, sərhədi də həmin vaxt müəyyən edilib -red.) iddia edib. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina edərək, kommunikasiyalar ölkələrin yurisdiksiyasında olmasının vacibliyini bildirib. “Biz əminliklə deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə əsaslanan sülh müqaviləsini imzalamaqdan imtina edir. Amma biz onu da deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə sadiqliyini təsdiqləyir”, - deyə Paşinyan yenə nala-mıxa vurub. Onun sözlərinə görə, danışıqlar zamanı bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var. “Bildiyiniz kimi, noyabrın 30-da sərhədlərin demarkasiyası komissiyalarının iclasının keçirilməsi nəzərdə tutulur. Biz bu müzakirələrdən Azərbaycanın bu prinsiplər əsasında danışıqlar aparmağa hazır olması və ya bu prinsipləri qəbul etmədiyinə dair nəticə çıxaracağıq. Bizdə hələ də belə bir inam yoxdur. Düzdür, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma Ermənistan Respublikasının ərazisi dedikdə hansı əraziləri nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır” - deyə, baş nazir bildirib.

Beləliklə, Paşinyan da bilir ki, Ermənistanın ərazisinin əhəmiyyətli bir hissəsi Sovet hakimiyyəti tərəfindən Azərbaycandan qoparılan torpaqlardır. Artıq Sovet hakimiyyəti mövcud olmadığından Ermənistanın həmin əraziləri Azərbaycana qaytarması lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi də məhz 1918-20-ci illərin xəritələri əsasında aparılmalıdır. Necə deyərlər, “Ermənistan SSRİ-yə nə ilə gəlmişdirsə, onunla da getməlidir!”

Göründüyü kimi, Ermənistan rəhbəri əfsuslar olsun ki, ona verilən şansı layiqincə dəyərləndirmir və real iş əvəzinə, yenə boşboğazlıqla məşğul olur, vaxtı fövtə verir. Özünü məğlub tərəf kimi aparmır. Bəs kapitulyant ölkə sülh oyunlarını hara kimi davam etdirə biləcək? Məlumdur ki, ABŞ və Qərb Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Hər halda, onlar ən azından, regional sülhün “siyasi sərmayədarı” kimi görünməyə üstünlük verirlər. Lakin son vaxtlar Qərb siyasi dairələrində sülh prosesinə zərbə vura biləcək davranışlara xüsusi həvəs də müşahidə edilməmiş deyil. Bu, Qərbdə Cənubi Qafqaza münasibətdə ikibaşlı oyun vərdişlərindən hələ tam uzaqlaşılmadığını təsdiqləyir. Hazırda regional sülh prosesinə ən güclü müqavimət məhz Avropa İttifaqının aparıcı üzvlərindən olan Fransa tərəfindən törədilməkdədir. Məhz Fransa regional sülh prosesini pozmağa çalışan əsas məkrli beynəlxalq siyasi iradə mərkəzlərindən biri rolunda çıxış edir. Rəsmi Parisin Ermənistan üzərindən reallaşdırmağa çalışdığı hərbi-siyasi manipulyasiyalar, təxribatlar dayandırılmayacağı təqdirdə, Cənubi Qafqazda yaxın gələcəkdə davamlı sülh və əmin-amanlıq dövrünə başlamaq çox çətin olacaq. Bu, Fransanı pozucu tərəf statusunda ön plana çıxarır. Bu ölkənin sərgilədiyi "sülhpərvərliyə" Yaxın Orta Şərqin misalında baxa bilərik: Qəzza problemi yeni-yeni başlayan zaman Fransa HƏMAS-a qarşı koalisiya formalaşdırmaq istəyirdi, hətta buna çağırışlar belə edirdi. Amma indi İsrailin üzərinə gedir. Makronun həm daxili, həm xarici siyasəti anlaşılmazlıqlarla, ziddiyyətlərlə doludur. Bu dövlətin əsas qayəsi sülhün əldə olunmamasıdır. Paris üçün destruktiv mənzərə həmişəki kimi, "ürəkaçıcıdır".

Bütün bu hadisələrdən nəticə çıxarmayan, öz havadarlarına arxayın olaraq yeni təxribatçı fikirlər səslənirən Nikol Paşinyan göründüyü kimi, yenə də dar siyasi təfəkkürü ilə hərəkət edərək Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi və aparılan sülh danışıqlarını baltalamaqla məşğuldur. Əgər Ermənistan sülh prosesini uzatsa, uduzan tərəf də elə özü olacaq. Çünki başqa çıxış yolları yoxdur. Azərbaycan bu gün regionda lider dövlət olmaqla yanaşı, qlobal müstəvidə də mühüm oyunçuya çevrilməkdədir. Cənubi Qafqazda maraqları olan güclər Azərbaycanla hesablaşmalı olduqlarını da bilirlər. Onların Ermənistanla bağlı populist çıxışların arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Azərbaycan isə sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır.

Sevinc Azadi, “İki sahil”