28 noyabr 2023 01:50
358

Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə…

Dövlət başçısı İlham Əliyev bildirir ki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edan dövlətlərə ciddi mesajları ilə zəngindir. Noyabrın  24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü də bu baxımdan mühüm çağırışlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyev bu reallığı diqqətə çatdırdı: «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.»

Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da diqqətə çatdırır ki, bunu hər kəsin bilməsini istəyirəm: «Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.  Sentyabrın 19-da lokal antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı.»

Cənab İlham Əliyev bu fikirləri  Ermənistana dəstək missiyasını yerinə yetirən bəzi dünya güclərinin ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan addımlarını öz maraqlarına uyğun şəkildə dəyərləndirmələrinə tutarlı cavabdır. Sentyabrın 20-dən sonra sülh müqaviləsinin imzalanmasına bütün manelərin aradan qaldırılması üçün imkanlar yaranıb. Əsas olan  hər iki tərəfdən nümayəndələrin masa arxasında əyləşib sülh sazişinin layihəsi üzərində işləməsidir. Azərbaycan 20 sentyabrda  suverenliyini tam  bərpa etdi. Cənab İlham Əliyev bundan sonra atılacaq addımların xronologiyasını da təqdim edir. Sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışmalı və uzun müddət davam edən  bu qarşıdurmaya son qoyulmalıdır. Azərbaycan Qafqazda sülh və sabitlik istəyir. Təbii ki, bu, mümkündür və seçim Ermənistanındır.

  Azərbaycan tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərində yeni səhifə açmaq məqsədilə qarşı tərəfə sülh təklifini etdi və bu bəyanatı səsləndirdi ki, təklif masa üzərində uzun müddət qalmayacaq. Həmin vaxtdan üç il keçməsinə baxmayaraq Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda işğalçı Ermənistan müxtəlif bəhanələrlə yayınır, yaxud təxribatlar törətməklə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səy göstərir. Reallıq budur ki, Azərbaycan sülh gündəliyinin müəllifi olaraq bu prosesin qısa zamanda uğurla başa çatmasına səy göstərir. Müxtəlif məkanlarda  və formatda  keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifi yüksək dəyərləndirilir, Ermənistanın baş naziri bu prinsipləri dəstəkləyir.  2019-cu ildə Xankəndidən «Qarabağ Ermənistandır və nöqtə» sərsəm bəyanatını səsləndirən Nikol Paşinyan artıq «Qarabağ Azərbaycandır» deyir. Bugünkü hadislərə diqqət yetirsək görərik ki,  bölgədə vəziyyəti daha da dərinləşdirməyə səy göstərən Fransadır. Onun ikili standartlara əsaslanan siyasətinin daha  qabarıq şəkildə özünü büruzə verməsi 30 illik işğal dövründə vasitəçilik missiyasını hansı səvivəyyədə yerinə yetirməsinə işıq salır. Bu gün Fransa rəsmilərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamaları və sair kimi addımlar  belə qənaətə əsas verir ki, dünya gücləri regionda sülhün və təhlükəsizliyin təminatında maraqlı deyillər.

   Məlum olduğu kimi, oktyabrın 5-də Qranadada «Avropa siyasi birliyi»nin Sammiti keçirildi.  Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın  baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulmuşdu. Görüşün beşli formatda ( Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) formatında təşkili vurğulansa da Azərbaycan tərəfi bu görüşdə qardaş Türkiyənin iştirakının vacibliyini bildirdi. Türkiyənin iştirakına imkan verilməməsi Azərbaycanın bu görüşdən imtinasını şərtləndirdi. Fransa və Almaniya Türkiyənin iştirakına mane olmaq üçün ciddi cəhdlər göstərdi.  Təbii ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan, birlikləri, həmrəylikləri ilə dünyaya nümunə olan Azərbaycan ilə Türkiyənin danışıqlarda birgə iştirakı həmin formatın iştirakçılarını razı sala bilməzdi. Ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında saxlayanlardan bu formatda danışıqlar zamanı konkret addım gözləmək sadəlövhlük olardı. Fransanın iştirak  etdiyi heç bir format Azərbaycan üçün məqbul sayıla bilməz. Azərbaycanın tarixi Zəfərindən bugünədək hadisələrin xronologiyasına diqqət yetirsək Azərbaycana qarşı qərəzli mövqenin nümayiş olunduğu  məkanlarda Fransanı görmək mümkündür. Bu danışıqların Praqa formatını yada salaq. Fransa Prezidenti Emmanuel Makron danışıqlara qatılsa da tərəf kimi qəbul edilə bilməzdi. Hər zaman ermənipərəst siyasəti ilə diqqətdə olan Fransa görüşün getdiyi vaxtda Azərbaycanın təklif etdiyi sülh müqaviləsini  dəsləkləsə də görüşdən az çonra Fransadakı erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın əleyhinə fikirlər səsləndirdi və bir qədər də irəli gedərək ölkəmizi işğalçı kimi təqdim etdi.  Mövqesizliyi ilə diqqətdə olan bir dövlətin yenidən prosesə qatılmasına  ehtiyac varmı?

 O da məlumdur ki, bu ilin iyun ayında Kişineuda «Avropa siyasi birliyi»nin ikinci Zirvə görüşü çərçivəsində Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Həmin danışıqlarda da  Almaniya Kansleri Olaf Şoltsu və Fransa Prezidenti Emmanuel Makron iştirak etmişlər. Kişineu danışıqlarında  Azərbaycanın mövqeyi ötən ilin oktyabrında Praqada keçirilən «Avropa siyasi birliyi» Zirvə görüşündəkindən daha güclü oldu.  Çünki Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan, BMT tərəfindən təsdiqlənən 86,6 min kvadrat kilometr çərçivəsində ərazisini tanıdığını rəsmən bəyan etdi. Bu ilin aprel ayının 23-də Laçında sərhəd-keçid məntəqəsi quraşdırmaqla ərazi bütövlüyünü de-fakto bərpa edən Azərbaycanın qətiyyəti Prezident İlham Əliyevin « Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik» fikirlərində  əksini tapıb.

Həmin görüşdə sülh müqaviləsinin imzalanması üçün elə bir ciddi maneənin qalmadığını diqqətə çatdıran dövlət başçımızın söylədiyi kimi  Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər çərçivəsində sərhədlərin delimitasiyasını aparmalı, qəbul olunmuş bəyanatlarda nəqliyyat infrastrukturunun bərpası barədəki şərtlərə əməl etməli, Zəngəzur dəhlisinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir.

Qarabağ ermənilərinin reinteqrasiyasi ilə bağlı Azərbaycanın şərtlərini dəfələrlə diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, etnik ermənilər Azərbaycan qanunlarına tabe olmalı və ölkə vətəndaşlığını qəbul etməlidirlər. Azərbaycanın son uğurları sırasında  sentyabrın 20-də suverenliyinin tam təmin edilməsini xüsusi vurğulamalıyıq.

Sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsi kimi dəyərləndirildi.  Bütün bunlar Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətinin nəticəsidir. Otuz il Ermənistan və ona dəstək verən dövlətlər qondarma qurumun tərəf kimi danışıqlar prosesinə qatılmasına çalışsalar da Azərbaycan bütün bu cəhdləri güclü siyasi iradəsi, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatı ilə puç etdi. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və bunun BMT qətnamələrində də öz əksini tapdığı bəyan edildi. Belə bir bəyanat səsləndirildi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Son uğurlarımız bu siyasətin məntiqi nəticəsidir. Qondarma qurum tarixin zibilliyinə atıldı.

   Hadisələrin gedişi sülh müqaviləsinin imzalanması üçün heç bir maeənin olmadığını təsdiqləyir. Ermənistana yeni müharibə planlarının hazırlanmasının deyil, sülh müqaviləsinin reallığa çevrilməsinin yollarını çatdırmaq gərəkdir. Regionda dayanıqlı sülhün təmin edilməsi yeni əməkdaşlıq formatlarının yaradılmasına böyük stimuldur.

   Dövlət başçısı İlham Əliyev noyabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid  mətbuata birgə  bəyanatlarında bir daha bu həqiqəti diqqətə çatdırdı ki, bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi. Bunun nəticəsində Dağlıq Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri “Dağlıq Qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdılar.

  «Ermənistandan təklifimizə dair qeydləri gözləyirik» bildirən cənab İlham Əliyev onu da bildirir ki, biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki gözləyirik və bizə heç bir cavab gəlməyib. Yenə də bunun səbəbinin onlara pis,  xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla  Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir: «Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.»

Dövlət başçısı İlham Əliyev bu çağırışı bir daha bəyan etdi ki,  Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir. Qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib.

Yeganə Əliyeva, «İki sahil»