28 noyabr 2023 02:39
334

Haylar elə bir dumanlı yola çıxıblar ki...

"Bu çərxi-fələk tərsinə dövran edir indi"

Rusiyaya dirsək göstərən şəkkak Ermənistanın baş naziri Nikol Paşinyan xarici siyasəti manipulyasiya obyektinə çevirib. Onun təzahürlərindən biri də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  (KTMT) tədbirlərində iştirakı məsələsidir.

Bu fikirlər  “Hraparak” nəşrində dərc olunan məqalədə bildirilib. Beş il əvvəl Paşinyanın demokratiya vədi ilə hakimiyyəti zəbt edəndən sonra diktatura qurduğunu bildirən müəllif qeyd edib ki, Nikol Paşinyan  KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edir, Ermənistanla bağlı qərarların qəbuluna mane olur: “O, Minskdə dövlət başçısı, xarici işlər və müdafiə nazirləri səviyyəsində keçirilən sammitdə iştirakdan imtina etdi. Eyni zamanda o, KTMT-dən çıxmaq niyyətində olmadığını açıqlayır. Bu nədir, ironiya deyil? Təbii ki, bu, Ermənistanı mövcud təhlükəsizlik sistemindən çıxarmağa yönəlib. Amma problem ondadır ki, o, KTMT-ni nə ilə əvəz edəcəyini bilmir”.

Beləliklə, Ermənistan Rusiya ilə 300 ildə formalaşmış hərbi, siyasi, iqtisadi və mədəni münasibətləri kəsməkdə, bağları qırmaqda davam etməkdədir. Vaxtilə rusların Cənubi Qafqazda qondardıqları oyuncaq bu dövlətdə indi rusofobiya təbliğatı pik həddə çatdırılıb. Onlar vəzifələrdən çıxarılaraq ölkədən qovulublar. Ancaq məqsəd bundan ibarət deyil. Ermənistan Rusiyanı öz ərazisindən kürəyib çıxarmaq üçün bütün vasitələrdən istifadə edir.

Nə qədər qəribə də olsa, Kreml bütün bunların qarşılığında hələ də  Ermənistana bəslədiyi ümidlərindən bəhs edir. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremlin hansısa bir zamanda Ermənistanın KTMT-də fəaliyyətini bərpa edəcəyinə inandığını vurğulayıb. Bu, o deməkdir ki, Ermənistan KTMT-da artıq təmsil olunmur. Kreml təmsilçisi rəsmi İrəvanın mövqeyinə bələd olduqlarını, ancaq onunla razılaşmadıqlarını da qeyd edib. Onun fikrincə, KTMT-yə hələ ciddi ehtiyac olduğundan bu qurumu dağıtmaq deyil, əksinə inkişaf etdirmək və gücləndirmək lazımdır.

"Hraparak" nəşrində dərc olunan məqalədə bildirilib ki, Ermənistan Rusiyadan imtina edərək Qərb silahları alır: “Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyanın zenit müdafiə sistemi özünü ən yaxşı şəkildə göstərdi. Nikol isə fransız silahı alır. Bu, cəmi üç kompleksdir. Bu, əlbəttə ki, daha keyfiyyətli rus analoqundan daha bahalıdır. Məqsəd silah deyil, Qərbə qoşulmaqla bizi Rusiya təhlükəsizlik sistemindən tədricən “azad etmək”dir. Ancaq Qərbin təhlükəsizlik sistemi NATO-dur, burada isə bizi qətiyyən gözləmirlər. İnanmırsınızsa, Gürcüstan, Moldova və ya Ukrayna nümunələrinə nəzər salın”.

Daha sonra bildirilib ki, Ermənistan rəhbərliyinin KTMT-nin Ermənistanı müdafiə etmədiyi ilə bağlı fikirləri manipulyasiyadır. Ermənilər İkinci Qarabağ müharibəsində umurdular ki, Rusiya onların əvəzinə vuruşmalıdır. Çünki 200 il idi ki, Rusiya özü təşkil etdiyi Ermənistan dövlətini hərtərəfli müdafiə edir, bütün kənar təsirlərdən qoruyub. İndi ermənilərin umacaqları heç də qəribə qarşılanmamalıdır. Lakin hakimiyyətə Nikol Paşinyanın gəlməsi ilə münasibətlərdə ciddi dəyişiliklər və mərkəzdənqaçma baş verdi. Rusiya yolunu azmış Ermənistanı əvvəlki orbitinə qaytarmaq üçün manevrlər etməyə məcbur qaldı: “Moskva Rusiya Baş Qərargahının xəritələri əsasında demarkasiyanı, bundan sonra KTMT missiyasını yerləşdirməyi təklif etdi. Lakin bunun ardınca Nikolun növbəti manipulyasiyası baş verdi. Nikol və komandası “KTMT sərhədimizi tanımırsa, missiyası harda dayanacaq” tipində təbliğata başladılar. Halbuki KTMT missiyası sərhədlərin yerini bilmirsə, Müdafiə Nazirliyinin rəsmiləri onları müşayiət edə bilərdilər - necə ki, avropalı müşahidəçilərlə bunu etdilər. KTMT missiyasının ardınca isə Avropanın nəzərdə tutmadığı daha ciddi müdafiə dəstəyi gələcəkdi. Çünki silahsız avropalı müşahidəçiləri silahlılarla əvəz etsələr belə onlar çətin ki, Ermənistana görə azərbaycanlılara qarşı vuruşsun”.

Müəllifin gəldiyi nəticədən aydın görünür ki, artıq bir çox ermənilər əllərini Rusiyanın köməyindən üzüblər. Həm də elə bir dumanlı yola çıxıblar ki, sonu bütün hallarda yaxşı görünmür. Çünki kiməsə qarşı gedəcəklərsə ondan öldürücü zərbələr alacaqlar, yəni elə temp götürüb ki, biri ilə dostluq etmək onu başqaları ilə düşmən olmağa vadar edəcək. Belə çətin vəziyyətdən itkisiz çıxmaq üçün Hayastana güclü lider lazımdır. Ancaq İrəvanda belə ağıllı baş hələ  ki, yoxdur. Çiynində baş gəzdirənlərin hər biri isə ölkəni hansısa bir "ağa"nın himayəsinə verməkdən başqa çarə tapmırlar. Çünki haylar ata-babaları kimi rəzil qul qılafından çıxa bilmirlər.

Vəli İlyasov, “İki sahil”