28 noyabr 2023 01:12
380

ABŞ artıq “demokratiya şousu”nun arxasında gizlənə bilmir

İkili standartları adi hala çevirən ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır

Müsəlmanların işgəncələrlə öldürüldüyü  Əbu-Qreyb, Quantanamo həbsxanalarını yaradan Birləşmiş Ştatların özünü «insan haqlarının qoruyucusu”  kimi  təqdim etməyə haqqı yoxdur. Cənubi Amerikanı, Afrika ölkələrini , Asiyanın böyük bir hissəsini siyasi oyunları üçün poliqona çevrən ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır

Bütün dünyaya hökmranlıq iddiasında olan, xüsusilə  Şərqdə, müsəlman ölkələrində  həyata keçirdiyi “rəngli inqilab”lar nəticəsində ölkələri dağıdan, əhalisini miqrant həyatı yaşamağa məcbur edən Amerika Birləşmiş Ştatları “demokratiya” şousunu  artıq gizlədə bilmir.
Birləşmiş  Ştatların  okeanın o tayından əsən “siyasi küləyi”nin burulğanı ilə üzləşən ölkələrdən biri də  iqtisadi inkişafı,  müəllifi olduğu enerji, nəqliyyat layihələrini reallaşdırmaqla dünyada mövqeyi möhkəmlənən, diplomatik səyləri dəstəklənən, humanizmə sadiqliyi ilə maraq doğuran Cənubi Qafqazın lider dövləti Azərbaycandır.  İllərdən bəri ölkəmizlə tərəfdaş  görüntüsü yaradan, guya “demokratiyanın inkşafında”  dəstəyini əsirgəməyən  rəsmi Vaşinqton artıq Ermənistanın havadarı kimi,    araqarışdırıcılıq niyyətini gizlədə bilmir. Fransa kimi, ABŞ Administrasiyası da  bölgədə sabitliyin yaranmasına hər vasitə ilə mane olan işğalçı Ermənistana  dəstəyini artırır.  Artıq  təqaüdə göndərilmiş  ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən olan  ABŞ  missiyasını yenə də   ermənisayaq  «yerinə yetirir.»
Erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən   Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan   «Azadlığı Müdafiə Aktı»na  907-ci düzəlişi ilə qərəzli niyyətini bəlli edən ABŞ sonrakı illərdə də  ikili standartlar  siyasətinə  sadiq qalmışdır.
2001-ci ilin 11 sentyabrında ABŞ-da qoşa göydələnlərin  dağılmasından sonra  guya beynəlxalq terrorizmə qarşı mübarizə adı  ilə dünya ictimaiyyətinə müraciət edən, «Demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik»  çağırışları, antidemokratik  bəyanatları ilə istədikləri dövlət haqqında  fikir formalaşdırmağa çalışan rəsmi Vaşinqton  guya terrora qarşı mübarizə adı altında  öz məqsədinə nail olmaq planlarını gerçəkləşdirdi. İlk növbədə separatizmi dəstəkləməklə  istədikləri ölkələrdə  daxili  gərginliyi artıran,  milli münaqişələr üçün münbit şərait yaradan ABŞ Azərbaycanı  «istənilməyən ölkə» siyahısına yerləşdirdi. Qəribəsi bu idi ki, terrora qarşı mübarizə, demokratik islahatlar  adı altında  Şərq ölkələrinə «əl uzadan» ABŞ əksinə,  ən qəddar  yeni  terror təşkilatlarını yaratmaqla, onlara maliyyə dəstəyi göstərməklə «antiterror əməliyyatlarının»  məqsədini dəyişdi. Maraqlı bu idi ki, ABŞ-ın planlaşdırdığı  terror əməliyyatlarında  terrorçular deyil, mülki əhali qətlə yetirilirdi. Təlimatlarını ABŞ Administrasiyasından alan terrorçuların törətdikləri kütləvi qırğınlar nəticəsində milyonlarla insanın həyatına son qoyuldu.  Dağıdılan  ölkələrin var-dövlətləri, qiymətli əşyaları,  tarixi , dəyərli  mirasları  Vaşinqtona daşındı. «Demokratiya»  adı altında bədnam niyyətlərini həyata keçirən, əsl demokratiyanın şərtlərini «unudan», insan hüquqlarını «qanlı izləri, əməlləri »ilə  qoruyan  ABŞ ideoloji təxribatları ilə də  bölgələrdə gərginliyi artırır. Birləşmiş Ştatlarda  keçirilən dinləmələrdə «Freedom House”» təşkilatı tərəfindən müəyyən edilmiş demokratik meyarlarda zəif nəticə göstərən ölkələrin iştirakı «amerikasayaq» demokratik seçim idi. Ölkəsində insan hüquq və azadlıqları pozulan, humanizm prinsiplərindən  əsər-əlamət olmayan Ermənistanın dinləmələrə  dəvət edilməsi demokratiya anlayışına ləkədir.

Bu ilin aprel ayında  keçirilən prezident seçkilərində dünyaya demokratiyadan ustad dərsi keçən Türkiyənin, insan huquqlarının qorunduğu , humanist, tolerant Azərbaycanın həmin dinləmələrə dəvət olunmaması bu ölkənin islamofiya siyasətindən qaynaqlanan ikili siyasətinin nümunəsi idi.
 İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran  Azərbaycanın Qələbəsindən qısqanan ölkələrdən biri də məhz ABŞ-dır.
Vətən müharibəsindən ötən üç ildə Azərbaycanla Ermənistan arasında sülh  sazişinin imzalanmasına  sadiq qalan ölkəmizin səylərinə mane olan ABŞ, Fransa  Hayastana hərbi yardım, dəstək göstərməklə  əsassız ittihamları ilə  prosesə mane olurlar.  Ermənistanın 10 noyabr   2020-ci il tarixli  üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi üçün hər cür təxribatlara əl atırlar. Regionun təhlükəsizliyi üçün «3+2» (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran)” formatına qısqanclıqla yanaşan, Rusiyanın bölgədən uzaqlaşdırılması üçün Ermənistana yalan vədlər verən Fransa və ABŞ   bilməlidirlər ki, Cənubi Qafqazda  əlavə  «siyasətə», «erməni xislətli dostlara»   ehtiyac yoxdur,  bu regiona  kənar müdaxilələr yersizdir.            Azərbaycana qarşı düşmən niyyətini açıq-aşkar, çirkin  əməlləri ilə bildirən   ABŞ  Administrasiyasına bəzi məqamları xatırladaq.    Azərbaycanın hava məkanı marşrutlarından, logistika imkanlarından, Şimal Paylayıcı Şəbəkəsindən istifadə etməklə Əfqanıstanda hərbi əməliyyatlarını  davam etdirən ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk və Kabili tərk edən sonuncu tərəfdaş ölkə Azərbaycan olub.
 Bu baxımdan ABŞ rəsmiləri tərəfindən  səslənən «Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb”»   kimi yalanlar Birləşmiş Ştatlar və Fransa kimi ermənipərəst dövlətlərin iştirakı ilə  təcavüzün və gücdən istifadənin qurbanı olan ölkəmizə qarşı ən çirkin böhtandır. 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən rəsmi Bakının imtina etməsi  milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə pisləyən və adekvat şəkildə cavablandıran ölkəmizin  haqqıdır. Qarşıdan gələn prezident seçkilərində  erməni lobbisinin dəstəyinə arxalanaraq özünü demokratik ölkə imicində  göstərməyə çalışan  ABŞ-ın, Avropanın beynəlxalq təşkilatlarının   qərəzli erməni sevgisi  hamıdan çox buxovsuz  yaşaya bilməyən,  protektoratlığa alışmış,  dünyada «qulpsuz çamadan» kimi tanınan  Ermənistana zərbə vuracaq. Belə qərəzli qüvvələrin niyyətlərinin baş tutmayacağını « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin vurğuladığ kimi,   ABŞ hər zaman maraqlarına uyğun siyasət yeridir.

Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı  Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir yardım  göstərmədi,  Hər zaman daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı.  Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım  ayrıldı. Separatçılar ABŞ-a səfər edərək «Qarabağa yardım”» adı altında vəsait topladılar.  Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı. Öz  iradəsini diktə etmək üçün beynəlxalq sistemi qorxudan,  ölkələrdə daxili gərginliyi artıran,  müsəlmanların işgəncələrlə öldürüldüyü  Əbu-Qreyb, Quantanamo həbsxanalarını yaradan ABŞ-ın özünü «insan haqlarının qoruyucusu»  kimi  təqdim etməyə haqqı yoxdur. Cənubi Amerikanı, Afrika ölkələrini , Asiyanın böyük bir hissəsini siyasi oyunları üçün poliqona çevrən ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. İllər öncə Azərbaycanı «suriyalaşdırmağa» çalışan Birləşmiş Ştatların bütün cəhdləri boşa çıxıb. Vətən  müharibəsindən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən «feministlər»dən «NO WAR”çılardan istifadəyə  üçtünlük verməsi rəzillikdir. Qatı ermənipərəst və antitürk, Anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD-in xətti ilə bu qruplara maliyyə ayırılması yeni münaqişə ocaqlarının yaranması deməkdir.

 Sadalananları nəzərə alaraq tam əminliklə demək olar ki, Hayastanı «ikinci Ukrayna”»ya çevirmək istəyən  ABŞ-ın bugünkü riyakar siyasəti Ermənistana xeyir yox, ziyan verəcək.   Səbəbkarı olduğu  itkiləri,  dağılan  şəhər və kəndləri  heçə sayaraq bu  gün  Ukraynanı ərazi işğalı ilə barışmağa məcbur etmək istəyən ABŞ-ın bu siyasəti  2008-ci ildə Gürcüstandakı müharibəni xatırladır. Onda da rəsmi Tbilisini Rusiya ilə müharibəyə təhrik edən ABŞ sonda Gürcüstanı meydanda tək qoydu. Əksinə.  Moskva nəzarət etdiyi Gürcüstan ərazilərinin işğalını, faktiki olaraq rəsmiləşdirdi.  2016-cı ildə maliyyələşdirdiyi  FETÖ terror təşkilatının əli ilə Türkiyədə dövlət çevrilişinə cəhd  Birləşmiş Ştatların daha bir çirkin təxribatı idi. Əfqanıstanı xaraba qoyan, özünün  yaratdığı Talibanı hakimiyyətə qaytaran ABŞ əsl mahiyyətini bu tipli layihələrini terror təşkilatlarını maliyyələşdirməklə  nümayiş etdirir. 20 illik işğal dövründə Amerika Əfqanıstanda bir yol belə çəkmədi, bir məktəb tikmədi.  

Bu kimi faktları görməzdən gələn   Ermənistan bilməlidir ki,  ziyanın yarısından qayıtmaq da bir xeyirdir.  Ermənistanın ələbaxan,  hələ də siyasətini müəyyənləşdirməyən baş naziri Nikol Paşinyanın  Prezident İlham Əliyevin «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir» sözlərindən nəticə çıxarmasının vaxtıdır.

Xuraman İsmayılqızı, "İki sahil"