24 noyabr 2023 01:58
259

ABŞ-ın təxribat çömçəsi - USAİD

Demokratiya nağılının personajları “yumşaq gücləri”ni işə salaraq göz qoyduqları ölkələr üçün xain planlar qurur

Qərbin, o cümlədən ABŞ-ın dünyanın müxtəlif bölgələrində “rəngli inqilablar” gerçəkləşdirməsi təcrübəsi çağdaş dünyamızın acı reallığıdır. Bu reallıq insan hüquqlarının, söz və ifadə azadlığının müdafiəsi qiyafəsinə bürünərək, müstəqil dövlətlərin daxili işlərinə qarışmaq niyyətinin gerçəkləşdirilməsini rəhbər tutur. Bu işdə USAİD təşkilatı (ABŞ Beynəlxalq İnkişaf Agentliyi)  artıq “qırmızı xətt”i çoxdan keçib.

USAİD  demokratik inkişaf yolu tutmuş dövlətlərə ABŞ-ın  yardımını çatdırmalı olan mexanizm kimi yaradılıb. USAİD ABŞ-ın digər ölkələrin daxili işlərinə, siyasi proseslərə açıq şəkildə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rol oynayır. Nizamnaməsində qeyd edilir ki, o,  xarici  ölkələri mülki-humanitar yardımlarla təmin edir. Bundan əlavə, bu qurum guya demokratik inkişafı stimullaşdıran proqramlar  icra edir. 

USAİD təxribat planlarını həyata keçirmək məqsədilə 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb. Bu qurum fəaliyyətində yol verdiyi xeyli korrupsiya, mənimsəmə halları ilə hər zaman məşhur olub. Məsələn, “Wall Street Journal”ın 2013-cü ildə apardığı araşdırma nəticəsində Afrika qitəsində malyariya xəstəliyinə qarşı mübarizə məqsədilə ayrılan yardımın bir qisminin təyinatı üzrə istifadə olunmadığı aşkara çıxmışdı. Belə ki, USAİD-in rəhbərlik etdiyi Malyariya Təşəbbüsü Proqramına 2006-2012-ci illərdə ABŞ büdcəsindən 2,5 milyard dollar xərclənsə də, vəsait hesabına alınan dərmanların heç də hamısının bölgə əhalisinə pulsuz çatdırılması təmin edilməmişdi. İl ərzində qitəyə göndərilən dərmanların 20 faizi cinayətkar şəbəkələrə ötürülərək qara bazarda 60 milyon dollar dəyərində satılmışdı.

ABŞ təmsilçiləri “demokratik inkişafı dəstəkləyən layihələri” həmin QHT və KİV-ə deyil, qeyri-legitim, qeyri-qanuni təşkilatlara yönəldirlər. Məqsəd bəllidir. Əlbəttə, mil­li şüura sahib, legitim, qanuni təşkilat heç zaman ictimai əxlaqa zidd addım atmaz. “Qrant” almaq xatirinə milli maraqlarını sat­maz. Qeyri-legitim, marginal qruplar üçün isə bu prinsip əsas deyil. 

ABŞ hədəf ölkələrdə iş metodlarını nə üçün dəyişib? Nə planlaşdırır, məqsədi nədir? USAİD-in direktoru Samanta Pau­er 2022-ci ilin iyun ayında “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlayıb. Bildirib ki, yenilənmiş “Demokra­tiya doktrinası” imkan yaradır ki, ABŞ “de­mokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırsın. “Demokratiyanın işartıları” deyəndə 4 mühüm əlamətin adını çəkib. On­lardan biri “demokratik” üsyanların dəstək­lənməsidir. 

Strategiyadan belə nəticə çıxır ki, ABŞ USAİD vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. Samanta Pouer tərəfindən elan edilmiş bu proqram, əslində, ABŞ-ın yeni “məxməri inqilab” stra­tegiyası kimi də xarakterizə oluna bilər. Deməli, qarşıdakı illərdə dünyanı yeni təla­tümlər gözləyir. 

ABŞ-ın yenilənmiş “Demokratiya dokt­rinası” və “antikorrupsiya strategiyası”nda USAID, jurnalistlər və QHT üçün yeni im­kanlar nəzərdə tutulub. Korrupsiyaya qarşı mübarizədə fəallıq göstərən “jurnalist” və “QHT” üçün “Çempionlar mükafatı” hazırla­nır. Həmçinin onların ehtiyaclarını ödəmək üçün yeni fond təqdim edilir. USAİD-in ko­ordinasiyası ilə qurulan “Korrupsiyaya Qarşı Mübarizə Fondu” KİV və QHT-yə, araşdır­maçı agentlərə yardım göstərir. Fondun ilkin maliyyəsi 424 milyon dollardır.

Göründüyü kimi, USAİD özünün bütün bu əməllərini “demokratiyaya dəstək” adı altında gerçəkləşdirir.  Başabəla agentlik ABŞ-ın siyasətinə boyun əyməyən dövlətlərin vətəndaş cəmiyyəti institutlarını “qrantlar vermək” adı ilə  ələ alır. Reallıqda isə onları maddi vəsaitlə şirnikləşdirir, əvəzində  legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlıq göstərməyə sövq edir. Bu kontekstdə USAİD-in imkanları hədsiz dərəcədə genişdir. O, təqribən 27 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatıdır.  

Sadalanan faktlar ən az bu qurumun fəaliyyətindəki həyasızlıq qədər təəccüb və təəssüf doğurur. Amma USAİD-in məharətləri təkcə bununla məhdudlaşmır, siyahı uzundur…

USAİD-in Azərbaycandakı  ucuz performansına gəlincə isə … USAİD 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir. Ötən dövrdə qurumun ölkəmizdə mövcudluğu və fəaliyyəti yaxşı heç nə ilə yadda qalmayıb, əksinə təşkilatın adı bir sıra qalmaqallarda hallanıb. Bu gün qonşu Gürcüstanın USAİD tərəfindən üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb. Belə ki, USAİD Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkələrini formalaşdırmağa çalışıblar. Bu gün çevriliş cəhdi ilə üzləşmiş Gürcüstanda USAİD geniş şəbəkə yaradıb. Təzada baxın ki, qurum vaxtilə Azərbaycanda əlaqələr qurduğu təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb.

Beləliklə, adlarını çəkdiyimiz təşkilatlar dəfələrlə respublikamızda yaşanan qarşıdurma və gərginlik cəhdlərinin arxasında dayanıblar. Həmin məkrli planlardan bəzilərini xatırlamaq yerinə düşər: 2014-cü ildə USAİD Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrant müsabiqəsi elan etdi. Qısa zaman kəsiyində və qeyri-şəffaf formada həyata keçirilən müsabiqəyə yalnız qurumun lazım bildiyi media subyektləri buraxılmışdı. 2014-cü ildə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylayıb. Təbii ki, qrantla “mükafatlandırılan” QHT-lər və konkret şəxslər bunun əvəzini təxribatlarda fəal iştirakları ilə ödəməli idilər. Azərbaycanda törədilən təxribatlarda adları keçən NİDA, “Dalğa” kimi təşkilatlar USAİD, NED və digər “beynəlxalq” qurumlardan böyük həcmlərdə maliyyə vəsaitləri alıblar. Bütün bunlar USAİD-in qeyri-şəffaf maliyyələşmə yolu ilə özlərinə xidmət edən media və QHT şəbəkəsi formalaşdırmaq cəhdi idi.

USAİD-in “müxalif qrupları dəstəkləməsi” deyəndə,  təkcə müxalifətdə olan siyasi təşkilatlar nəzərdə tutulmur.  Milli düşüncəyə zidd olan, cəmiyyətin harmoniyasını pozan bütün marginal qrupların himayə edilməsində USAİD öz rolunu oynayır. Məsələn, agentlik Azərbaycanda “radikal feminizm”in təşkilatlandırılıb aktivləşdirilməsində birbaşa iştirak edir. “Radikal feministlər” isə ailə institutuna qarşı çıxır, qeyri-ənənəvi münasibətləri təbliğ edir, milli maraq anlayışını isə mənasız zehniyyət adlandırırlar. Radikal feministlərin 8 mart 2020-ci ildə Bakıda keçirdikləri  aksiya zamanı hansı rüsvayçılıqlara yol verdiklərini hər kəs xatırlayır. 

 Azərbaycanda müharibə əleyhinə hərəkatın - NoWar-çıların mövqelərinin güclənməsi üçün USAİD və digər xarici təşkilatların səylərini artırmaları da təsadüfi deyildi. Əsas məqsəd keçmiş status-kvonun saxlanılması, Azərbaycan ərazilərinin azad olunmasına maneələrin yaradılması idi. Qurum indinin özündə də xüsusilə regionlarda müxtəlif layihələr həyata keçirir. Azərbaycan tərəfi dəfələrlə təşkilatın ölkədə qalmasına ehtiyac olmadığını, məqsədəuyğun sayılmadığını nəzərə çatdırsa da, USAİD fəaliyyətini dayandırmır.

Son günlərdə USAİD-in xətti ilə ABŞ-ın Ermənistanla intensivləşən təmasları, Vaşinqtonun İrəvanı dəstəkləyən bəyanatlar səsləndirməsi, Konqresin qondarma dinləmələr keçirməsi və “907-ci düzəlişlə bağlı” dilə gətirilən ifadələr ortadadır. 

30 il davam edən işğal dövründə azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdiyi ağır vəziyyəti öyrənmək üçün bir dəfə də olsun USAID rəhbərliyi səviyyəsində ziyarət baş tutmayıb. Buna görə də indiki məqamda Qarabağın erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizlikdir. Bu qurumun 4 min itkin düşmüş azərbaycanlının taleyi ilə bağlı narahatlığını bildirməməsi, minadan zərər çəkənlərlə həmrəylik ifadə etməməsi isə təəccüblü deyil. Çünki USAİD-ın bağlı olduğu Soros fondu Azərbaycandan biabırçı şəkildə qovulub. Quyruq ağrısı pis olar deyiblər. Yəqin ki, Soros da bunu unutmayıb və kinini zaman-zaman büruzə verir. Digər tərəfdən, beynəlxalq təşkilatın xanım direktorunun ermənilərlə xüsusi bağlılığı var. 

USAİD-in rəhbəri olan Samanta Pouer qatı ermənipərəstdir. Övladının adını “erməni genosidi”nin şərəfinə adlandırıb. Çirkli pullar yuyulmasının mahir icrası Ruben Var­danyanla yaxın dostluq münasibətində olub. Onun tədbirlərində çıxış edib. Ruben Vardan­yan Qarabağda həbs edilib Bakıya gətirlən­dən sonra Samanta Pouer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb. Samanta Pouerin sifariş verdiyi “Demokratiya doktrinası”nı hazırlayan işçi qrupun rəhbəri də ermənidir.  Bu, həmin qadındır ki, erməni yalanlarına “sədaqətini” sübuta yetirmək üçün sentyabrın 21-də dünyaya göz açmasına baxmayaraq, 24 apreli– qondarma soyqırımı “gününü” özünün doğuluş günü elan etmişdi. Xatırladaq ki, hələ 2015-ci ildə ölkənin BMT-dəki nümayəndəsi S.Pauer ABŞ-ın o vaxt­kı vitse-prezidenti Co Baydenlə birlikdə Vaşinqtonda qondarma “soyqırımı”nın 100-cü ildönümünə həsr olunmuş mə­rasiminə qatılmışdı. Ermənistanın sabiq quldur prezidenti Serjik Sarkisyan da ora­da olmuşdu. Buna görə belə qatı ermə­nipərəst mövqe tutan qadını rəsmi İrəvanın “dəyərli tərəfdaş” adlandırması təsadüfi deyil.

Samanta xalanın ermənipərəstliyinə daha bir nümunədən  bəhs edək. Belə ki, Ermənistanı su yoluna döndərən USAİD rəhbəri Samanta Pauer növbəti səfəri zamanı rəsmi Vaşinqtonun yeni kartından istifadə edib. Bu dəfə Pauer Qarabağı könüllü tərk edən erməni nümayəndələri ilə görüşüb və onlar üçün 4 milyon dollar ayrılmasından yazıb.

Obrazlı şəkildə ifadə etmiş olsaq ABŞ-ın baş şillə vuranı rolunu oynayan USAİD-in Azərbaycanla bağlı mövqeyi demokratiya prinsipləri ilə deyil, özlərinin milli maraqları çərçivəsində qərəzli mövqeyi ilə məhdudlaşır. USAİD-in inadkarlığına, bütün siyasi hoqqabazlığına rəğmən, qurumun təxribat planları Azərbaycanda işləmədi, acı fəsadlarla üzləşiblər. Azərbaycan cəmiyyəti bu məsələdə hər zaman birmənalı münasibət, birmənalı mövqe nümayiş etdirib. Azərbaycan ictimaiyyəti tələb edir ki, ABŞ-ın, Qərbin ölkəmizdəki şəbəkəsi təmizlənməli, USAİD kimi təşkilatların fəaliyyəti dayandırılmalı, heç kəs bu qurumlarla əməkdaşlıq etməməlidir.

Yaqut Ağaşahqızı, “İki sahil”