24 noyabr 2023 02:15
284

Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olmağa nə cəsarəti, nə də gücü çatar

Azərbaycan başda olmaqla regional güclər İrəvanı oyundankənar vəziyyətə salıblar

İkinci Qarabağ müharibəsində tarixi  Zəfərimizdən sonra 2023-cü ilin sentyabrın 20-də birgünlük antiteror tədbirləri ilə Xankəndidəki separatçı xuntanın ləğv edilməsi və cinayətkar rəhbərlərin həbs edilərək Bakıya gətirilməsi regionda yeni reallıqlar yaradan Azərbaycanı şəriksiz güc sahibinə çevirib.  Hazırda geosiyasi hədəfimiz  Zəngəzur dəhlizinin açılmasıdır.

Amma məğlub Ermənistan yenə də məkrli niyyətini nümayiş etdirərək bu prosesdən, yəni dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikdən,  xüsusilə də sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Azərbaycan isə qalib ölkə kimi Ermənistanı 10 noyabr üçtərəfli Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməkdə israrlıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki,  biz hələlik səbirli, təmkinli davranırıq : «Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın».

Azərbaycan müharibədən ötən üç ildən çox bir zamanda işğaldan azad edilmiş  ərazilərdə min kilometrlərlə  yol çəkib. Bu mənada,  ölkəmiz üçün Zəngəzur dəhlizinin Ermənistandan keçən  40 kilometrlik hissəsini inşa etməyə qısa zaman lazımdır. Belə görünür ki, ölkəmiz işğaldan azad edilmiş rayonlarda  yol infrastrukturunu tam başa çatdırdıqdan sonra Ermənistanı  Zəngəzur dəhlizinin açılmasına məcbur edəcək rıçaqlarını tam gücü ilə işə salacaqdır. Bunun üçün ölkəmiz  həm iqtisadi, həm də geosiyasi nüfuza və gücə malikdir.

Təbii ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın iqtisadi mənfəətinə hesablanmayıb. Bu dəhlizdən qonşu ölkələr, o cümlədən  Asiyanın böyük dövlətləri də yararlanmaq istəyirlər.  Xüsusilə Çin kimi fövqəlgüc  Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Ona görə ki, bu dəhlizin açılması Çinin mövcud yükdaşımalarını  zaman  və məsafəni  azaltmaqla səmərəli nəticələrə gətirib çıxaracaq. Zəngəzur dəhlizi həm də türk dünyası arasında körpü rolunu oynayacaq.  Qeyd edək ki, bu gün  türkdilli ölkələrin ümumi daxili məhsulu 1,1 trilyon dollara çatır. Zəngəzur dəhlizinin açılması ilə bu ölkələr arasındakı ticarətin həcmi  daha 10-15 faiz artmaqla bolluq və firavanlığın coğrafiyasını da genişləndirəcək.

Azərbaycan və Türkiyə arasında imzalanan  Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Əsl gerçəklik belədir ki, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də  Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Ona görə də İlham Əliyevin təbirincə desək,  Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi icra olunacaq, tikilib başa çatacaq. Azərbaycan xalqı illər öncə əlindən alınmış Zəngəzura sahib çıxmaq şansı qazanacaq.  Zəngəzur dəhlizi  böyük Turan yolunun önəmli bir parçası olacaq.
Təbii ki, Türkiyənin, Rusiyanın, Çinin, Özbəkistanın, Qazaxıstanın Pakistanın, Qırğızıstanın və bəzi Avropa ölkələrinin  Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsləri,  Azərbaycanın bu məsələdə qəti mövqeyi İranın və Ermənistanın  haqsız mövqelərini ciddi şəkildə zəiflədəcək.

Elçin Zaman, «İki sahil»