23 noyabr 2023 01:57
247

6-cı versiya...

Ermənistan həqiqətən sülh müqaviləsini imzalamaq niyyətindədirsə danışıqlar üçün Qərbə deyil, Azərbaycanla sərhədə yönəlməlidir

Əvvəlkilərlə müqayisədə xeyli müddət ləngisə də Ermənistan nəhayət ki, sülh müqaviləsi layihəsinin 6-cı versiyasını Azərbaycana təqdim etdi. Bununla da iki ölkə arasında Azərbaycanın 19-20 sentyabr tarixlərində Qarabağdakı separatçılara qarşı keçirdiyi lokal antiterror tədbirləri, daha sonra isə ABŞ-ın və ermənipərəst Fransanın rəhbərliyi ilə Qərbin vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatçı davranışları səbəbindən dayandırılmış sülh danışıqlarının yeni mərhələsinin startı verilmiş oldu. Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün indi əsas məsələ baş nazir Nikol Paşinyanın timsalında rəsmi İrəvanın təhrikçi cəhdlərdən xilas olaraq iradə və sözdə deyil, əməldə konstruktiv yanaşma nümayiş etdirməsidir. Çünki münaqişənin başladığı vaxtdan indiyə qədər iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün bu qədər real tarixi şərait mövcud olmayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sülh müqaviləsi layihəsinin 6-cı variantının baxılmaq üçün Azərbaycana qaytarılması ilə bağlı bəyanatında müsbət mənada diqqət çəkən məqamların olması danışıqların növbəti raundunda konkret nəticələrin əldə edilməsi və ilin sonunadək yekun sənədin imzalanması ehtimalını artırır. Doğrudur, müqavilənin hələ də razılaşdırılmamış bəndləri mövcuddur, ancaq əsas prinsiplər üzrə anlaşma digər məsələlərin də həllinin mümkünsüz olmadığını göstərir. Azərbaycanın ədalətli sülh sazişinin imzalanması ilə bağlı mövqeyi bəlli və dəyişməzdir. Prezident İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən növbəti dəfə bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl yoxdur. Dövlətimizin başçısı Azərbaycanın regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Ermənistanla dialoqa hazır olduğunu vurğulayıb.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan da bir neçə gün öncə bildirib ki, iki ölkə sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər. Paşinyanın sözlərinə görə, konsensusun əldə olunması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşlərdə baş verib.

Ermənistan XİN-in bəyanatında Azərbaycanın sülh çağırışları ilə səsləşən məqamlara gəlincə, rəsmi İrəvan iki ölkə arasında münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradə nümayiş etdirəcəyini və yenidən danışıqlarda iştirak etməyə hazır olduğunu bəyan edir. Qurumun göstərdiyi  “danışıqlar zamanı Ermənistanın əsas götürəcəyi bir neçə prinsip” də əsasən Azərbaycanın maraqları xaricində deyil. Bu prinsiplər ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması, Alma-Ata Bəyannaməsi və ən son Sovet xəritələri əsasında delimitasiya prosesinin gələcəkdə həyata keçirilməsi, ölkələrin suverenliyinə hörmət əsasında regional kommunikasiyaların açılmasıdır.

Daha bir diqqətçəkən məqam isə rəsmi İrəvanın Azərbaycana sərhədyanı ərazidə demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı təklif göndərməsidir. Qeyd edək ki, bu barədə Ermənistanın “Aysor”a nəşri ölkə XİN-in açıqlamasına istinadən məlumat yayıb.

Noyabrın 21-də, Ermənistanın sülh müqaviləsi layihəsinin altıncı variantını təhvil verdiyi gün Azərbaycan XİN də məsələ ilə bağlı bəyanat verərək rəsmi Bakının sülh müqaviləsi prosesinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu bəyan edib. Bəyanatda, həmçinin bildirilir ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Beləliklə, Azərbaycan Ermənistana Cənubi Qafqazda məkrli oyunlar qurmağa çalışan dairələrin təklif etdikləri platformalarda deyil, elə Ermənistan-Azərbaycan sərhədində danışıqlar aparmağın daha konkret nəticələrə səbəb ola biləcəyini xatırladıb. Bu, ən kəsə və optimal yoldur. Beləliklə, əgər Ermənistan həqiqətən münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaq niyyətindəsirsə danışıqlar üçün Qərbə deyil, Azərbaycanla sərhədə yönəlməlidir. O zaman sülh daha əlçatan olacaq...

Mahir Rəsuloğlu, “İki sahil”