23 noyabr 2023 02:37
329

Qafqazın incisi, Türk-İslam dünyasının tarixi məkanı

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq

Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa bütün Türk və İslam dünyası üçün də əziz bir şəhərdir. Bunu qeyd olunan coğrafiyalarda yerləşən dövlətləri birləşdirən beynəlxalq təşkilatların Şuşa ilə bağlı qərarları da təsdiqləyir. 25-26 sentyabr tarixlərində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Qətərin paytaxtı Dohada keçirilən İSESCO-nun İslam Dünyası Mədəniyyət Paytaxtları Proqramında Şuşanın 2024-cü il üçün namizədliyini irəli sürüb. Bəyanatda Kərimlinin təklifinin müsbət qarşılandığı və Şuşanın yekdilliklə “İslam dünyasının 2024-cü il mədəniyyət paytaxtı” elan edildiyi bildirilib.

Hazırda Şuşada erməni vandallarının törətdikləri dağıntıların aradan qaldırılması, şəhərin tarixi-mədəni simasının bərpa olunması məqsədilə həm dövlət qurumları, həm də Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bəli, bu gün azad Şuşa dirçəlir, sürətlə bərpa olunur. Böyük iqtisadi, turizm potensialına malik olan qədim şəhərin bərpası üzrə nəhəng layihələr gerçəkləşdirilir, bütün zəruri addımlar atılır. Qarabağın tacı Şuşa bundan sonra Azərbaycan, İslam, türk mədəniyyətinin inkişafına böyük töhfələr verəcək. Hər birimiz əminik ki, yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək. Artıq bu proses start götürüb.

Ən əsası odur ki, Şuşa şəhərinin kimliyini, hansı dəyərlər daşıdığını, hansı mədəniyyətin bir parçası olduğunu Vətən müharibəsindəki sonrakı dönəmdə bütün dünyaya elan edə bildik. Şuşanın 2023-cü ildə türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi bir daha onu göstərdi ki, bu ecazkar diyar Azərbaycan - türk-müsəlman şəhəridir və hər zaman da belə qalacaq. Qeyd edək ki, 21 noyabr tarixində Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi də təsadüfi deyil. Vaxtilə Şuşada xeyli dini ziyarətgah vardı. 17 məscid – Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı, Malıbəyli, Qaybalı, Şırlan məscidləri, 3 türbə, “Həzrət Əli” kahası, 2 mədrəsə, Saqqaxana və Pirgah pirləri bu qəbildəndir. Mirzə Həsən və Mirfəseh qəbiristanlıqları, məzarüstü abidələr, Seyid Məcidin mülkü, Çuxur məhəllədə 2 minarəli “Şəfa ocağı”, İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağa məscidinin həyətində), Qarabağ xanlığının vəziri Mirzə Cəmal Bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi, tarixin yaddaşı olan Daş kitabələr və sair Şuşanın simvolları idi. Şuşanın din xadimləri, seyidləri bütün Qarabağda məşhur idi.

Prezident İlham Əliyevin dediyi kimi, 30 illik işğal zamanı ermənilər dini abidələrimizə daha qəddar yanaşaraq, məscidlərimizi təhqir etmişdilər, dağıtmış, qalanlarında donuz otarmış, saraylarımızı sökmüşdülər ki, müsəlman izi qalmasın. Kafirlər qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Amma nə sovet dönəmindəki beynəlmiləlləşdirmə cəhdləri, nə də işğal dövrünün erməniləşdirmə səyləri, vandallıq əməlləri Şuşanın əsl müsəlman şəhəri kimi simasını dəyişdirə bilmədi.

Qarşıdakı ildə “İslam dünyasının paytaxtı” elan edilmiş Şuşada Zəfər Yürüşündən sonra aparılan bərpa işləri məhz dövlət nəzarəti ilə həyata keçirilir.

Heydər Əliyev Fondu tərəfindən Şuşanın bərpa kontekstində ilk olaraq Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərinə aparılması bütün soydaşlarımız üçün önəmlidir. Onu da minnətdarlıqla xatırlayırıq ki, 2021-ci ilin yanvarında Şuşaya gələrək, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı, məscidlərini ziyarət edən Azərbaycan Prezidenti bu müqəddəs inanc yerlərimizə Məkkədən gətirdiyi "Qurani-Kərim"i bağışlamışdır. Şuşanın qədimliklə müasirliyin vəhdətində yenidən tikilməsi onun əsl simasının bərpası baxımından önəmlidir.

Ötən il Ağdama səfəri zamanı Prezident İlham Əliyev Cümə məscidində aparılan işlərlə tanışlıq zamanı vurğulayıb ki, Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri əsaslı təmir edilir: “Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk”.

Onu da deyək ki, Şuşadakı bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsi də bərpa edilir, onun XIX əsrdəki ilkin bədii-estetik görkəminə uyğun bərpa edilməsi reallaşdırılır. Bu, həm də bizim tolerantlığımızı bir daha dünyaya göstərir.

İnanırıq ki, ISESCO-nun qərarı bütün müsəlman dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevriləcək, əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə sanballı töhfələr verəcək.

Nigar Orucova, “İki sahil”