23 noyabr 2023 02:58
428

Qərb və ABŞ Ermənistanı savaşa təhrik edir

Paşinyan hakimiyyəti anlamalıdır ki, təhlükəsizliyi və müdafiəni Qərbdə axtarmaqla, Ermənistanın gələcək taleyini böyük risk altına atır

Bu gün Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsini bloklamağa çalışan  xeyli sayda dairələr mövcuddur. Bunların da başında heç şübhəsiz ki, ABŞ, Qərb, buradakı siyasi institutlar dayanır. Təəssüf ki, Fransa başda olmaqla bəzi Qərb dövlətlərinin, həmçinin Avropa İttifaqının, son günlər isə həm də ABŞ-ın davranışları iki ölkə arasında sülhün baş tutması və barışığın əldə olunmasına deyil, daha çox sülh sənədini əngəlləməyə, sönmüş ocağa yağ tökməyə hesablanıb. Kapitulyant ölkə üçün yeni silah tədarükləri, hansısa başqa vədlərlə İrəvanın revanşa şirnikləndirilməsi, Bakının daim təkzib etməsinə rəğmən, Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması barədə cəfəngiyatın durmadan tirajlanması, sözsüz ki, eyni hədəfə hesablanıb: Ermənistanı bacardıqca sülh müqaviləsindən çəkindirmək, revanşa həvəsləndirmək, onun əli ilə Azərbaycan qarşısında qəbuledilməz şərtlər qoymaq. Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmaq niyyətində olmadığını dəfələrlə bəyan etsə də Ermənistan daxilindəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın Zəngəzura hərbi müdaxilə edəcəyi təbliğatını da aparırlar. Bütün bu təbliğatın əsas məqsədi Azərbaycanla sülh sazişinin imzalanmasını ləngitmək, sülh danışıqlarını pozmaqdır. Bunun da arxasında hansı güclərin durduğu məlumdur.

Baxmayaraq ki, noyabrın 16-da Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib, amma qəti addım atmağa da tələsmir. O iddia edib ki, “İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir”. Göründüyü kimi, daha bir bəhanə. Əslində isə Ermənistanın asılı olduğu güclər “hansı havanı çalırsa, İrəvan da onu oynayır”. Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan indiyə qədər dəfələrlə məhz Vaşinqton platformasına üstünlük verdiklərini bildiriblər. Niyə? Sülh istəyən bir dövlət üçün bu nə qədər məntiqli yanaşmadır. Birincisi, ABŞ okeanın o tayıdır, region ölkəsi deyil. İrəvan niyə bölgəni qoyub okeanın o tayına boylanır? Digər tərəfdən məgər Ermənistan bilmir ki, ABŞ 30 il ərzində Minsk Qrupunun həmsədri kimi heç nəyə nail olmayıb? Əlbəttə, bilir. Bəs bunları bildiyi halda İrəvan niyə Qərb platformasına üstünlük verir? Çünki Ağ Ev və Yelisey Sarayı İrəvan vasitəsilə öz oyunlarını oynamağa çalışırlar. Paşinyan isə bunu bilə-bilə, Ermənistanın regionun Ukraynasına çevrilməsi təhlükəsinin hər ötən gün yaxınlaşdığını anlaya – anlaya siyasi iradə nümayiş etdirə bilmir.

Bütün bunların fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 21-də yaydığı bəyanat diqqət çəkir. Sənəddə qeyd olunub ki, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Xarici siyasət idarəsi İrəvana məqbul olan ərazidə və ya dövlət sərhədində görüşün keçirilməsini təklif edib. Prezident İlham Əliyev də Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını açıqlayıb. Bu barədə dövlət başçısı noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən bildirib. Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb.

Rəsmi İrəvan sülh istəyində səmimidirsə siyasi iradə göstərməli, ikitərəfli təmaslara üstünlük verməlidir. Ehtimal olunan sülh müqaviləsinin qonşu Gürcüstanda imzalanması da tamamilə mümkün hesab edilir. Rəsmi Tbilisi də dəfələrlə öz vasitəçiliyini təklif edib. Həm də nəzərə almaq lazımdır ki, Gürcüstan region ölkəsidir. Sülh və sabitlik birbaşa Tbilisinin də maraqlarına uyğundur. Beləliklə, Paşinyan məntiqli olmalı, uzaq perspektivi düşünməlidir. Əks halda uduzan yenə Ermənistan olacaq.

Sevinc Azadi, “İki sahil”