22 noyabr 2023 19:35
270

Ermənistanın Azərbaycanın uzatdığı əli tutmaqdan başqa çıxış yolu yoxdur

Məğlub Ermənistan ya qalib Azərbaycanın uzatdığı əli tutub özünü saldığı    bataqlıqdan çıxaracaq, ya da Qərbin, ilk növbədə isə Fransanın avantürasına uyub özünü bir dövlət kimi məhvə aparacaqdır. Bu gün Ermənistanın Azərbaycanla sülh müqaviləsini bağlamasının ən doğru yolu Azərbaycanla birbaşa danışıqlardan keçir. Bunun  alternativi yoxdur. Qalib ölkəyə digər dövlətlər vasitəsilə təziq göstərmək cəhdləri Ermənistanın nöbəti ağılsızlığırdır. Ermənistan hökuməti Qarabağda son bir neçə ildə oynadığı siyasi oyunların nə ilə qurtardığından nəticə çıxarmalıdır. Ermənisatan hökuməti son illərə ərzində Qarabağda oynadığı oyunu indi ölkəsi üçün təkrar oynamaq istəyir.

Prezident İlham Əliyevin cari ilin 20 noyabr tarixində Azərbaycana səfər edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə mətbuata birgə bəyanatında səsləndirdiyi çağırışlar Ermənistanı ciddi düşündürməlidir. Bu gün Fransa kimi tarixi boyu başqa xalqların qanını tökmüş avantürist bir ölkənin və onun cılız siyasi lideri E.Makronun düşüncəsiz çağırışlarına qulaq asıb, revanşist əhval-ruhiyyə ilə yaşamaq Ermənistana heç nə verə bilməyəcək. Ermənistan hakimiyyəti Fransanın bu təhriklərinin arxasında erməni sevgisinin deyil, Fransa dövlətinin maraqlarının dayandığını anlamalıdır.

Bu gün Afrikadan sıxışdırılaraq qovulan Fransa hökuməti yaranan  bu böşluğu Cənubi Qafqaza və Orta Asiyaya müxtəlif yollarla girməklə doldurmaq istəyir. Ancaq bütün bunlar Makron hakimiyyətinin növbəti uğursuz siyasi gedişlərindən başqa heç nə deyil. Makron qarşıdakı seçkilərdə nə edəcəyini indidən “düşünür”. Onun hakimiyyəti dövründə Fransa cəmiyyətində insanların həyat tərzi ən azından iki dəfə pisləşmiş, uğursuz pensiya islahatları ölkədə ciddi qarşıdurma və iğtişaşlara səbəb olmuşdur. Bu gün Makron hakimiyyəti Fransa cəmiyyətində nüfuzunu tam itirmiş bir vəziyyətdədir. Fransa Senatı bu hakimiyyətin Afrikadakı uğursuz siyasətini ciddi tənqid edərək, bununla bağlı  E.Makrondan hesabat tələb edir. Makron isə hesabat vermək iqtidarında deyil. Çünki bu gün Fransa Afrikadakı mövqelərini Çinə, ABŞ-a və hətta Rusiyaya sürətlə uduzmaqdadır. Bu səbəbdən Fransa hökuməti yeni “müstəmləkə” əraziləri axtarışındadır. Bu məqsədlə o ilk öncə Cənubi Qafqazda münaqişə ocağı yaratmaq həvəsinə düşüb.

Ermənistan anlamalıdır ki, Azərbaycana qarşı üçüncü dövlətlər vasitəsilə təzyiqlər göstərməklə heç nəyə nail ola bilməyəcək. Azərbaycan Prezidentinin dediyi kimi: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz”. Azərbaycan 30 il ərzində düçar edildiyi işğaldan öz torpaqlarını 3 mindən çox şəhid verərək azad edib. Biz bir dövlət olaraq ən azından o şəhidlərin ruhu qarşısında məsuluq. Bundan sonra bizə təziq göstərmək cəhdləri ağılsızlıqdan başqa bir şey deyil.

Bölgədə sülhü Ermənistan Azərbaycan və Gürcüstan bir araya gələrək təmin etməlidir. Prezident İlham Əliyev bu yaxınlarda Gürcüstana səfəri zamanı bu təklifləri səsləndirərək çağırış etmişdir.

Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq. Lakin bunun Ermənistanın təkid etdiyi yanlış xəritələrdə göstərilən çərçivələrdə deyil, reallıqları olduğu kimi əks etdirən, gerçəkləri olduğu kimi göstərən xəritələr əsasında edilməsini tələb edirik. Özgə torpaqlarında gözümüz yoxdur. Biz, bizə aid olanları geri qaytarmaq istəyirik. Özgə torpaqlarında gözümüz olsaydı, vaxtilə rusların qədim Azərbaycan torpaqlarında yaratdığı Ermənistan adlı qondarma bir dövlətin bütün torpaqlarını tələb edərdik. Çünki bu torpaqlar gerçəkdən bizim ata-baba yurdumuz olub. Lakin biz o torpaqların hamısını istəmirik. Biz Ermənistan tərəfindən o torpaqların yağmalanmış, bizə aid olan  hissəsini istəyirik.

Zaman – zaman torpaqlarımızı addım – addım yağmalayan ermənilər üçün indi hesab vaxtı gəlib. Ermənistan bu səbəbdən ciddi təşviş içərisindədir. Azərbaycan qalib ölkə kimi on illər boyunca oğurlanmış torpaqlarını geri qaytarmağa nail olub. Ermənistana isə bu çox ağır gəlir, çünkü yağmaladıqları torpaqlarda uzun illər ərzində məskunlaşma aparıblar.

Fikrət Yusifov,
iqtisad elmləri doktoru,
professor