22 noyabr 2023 11:16
1151

Azərbaycanın inkişaf modeli: İqtisadi tərəqqi, siyasi sabitlik və sosial rifah

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, hakimiyyətinin hər iki dövründə zamanın tələbinə uyğun təkmilləşdirdiyi inkişaf konsepsiyasının son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkələr sırasında qərarlaşıb. Ölkəmizin dünyaya təqddim etdiyi  yeni sosiad və iqtisadi inkişaf modeli özündə bütün məqamları ehtiva edir. Azərbaycanın iqtisadi və siyasi islahatları paralel olaraq həyata keçirməsi ölkəmizin uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də təqdir edilir ki, müstəqil iqtisadi siyasət həyata keçirən ölkə müstəqil siyasət yürütmək imkanındadır. Azərbaycan daim bu sahədə nümunəvi ölkə kimi qeyd olunur. “Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni, biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməyək. Biz buna nail olduq” söyləyən dövlət başçısı İlham Əliyev  siyasi müstəqillik qədər önəmli olan iqtisadi müstəqilliyi dövlətin varlığının təməl sütunlarından hesab edir. Bu mühüm çağırış da daim önə çəkilir ki, sabitlik bütün inkişafın əsasıdır. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.

Son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Bu müddətdə ümumi daxili məhsul (ÜDM) dörd, büdcə gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Azərbaycanın xarici borcu  ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər bu rəqəmin ÜDM-in 7-7,5 faizini təşkil edəcəyi proqnozlaşdırılır.  Ən əsası odur ki, ölkə üzrə müsbət sərmayə mühiti təkcə enerji ixracı hesabına deyil, qeyri-neft sektorunun gəlirləri hesabına da formalaşmışdır. 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə sərmayə yatıran ölkə kimi də nüfuz qazanır. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idisə, hazırda bu göstərici 5,5 faiz təşkil edir. Azərbaycanın beynəlxalq  bazarlara çıxarılan təbii sərvətlərinin dövlətin maraqları və ölkə vətəndaşlarının mənafei naminə sərf edilməsinin nəticəsidir ki, respublika əhalisinin  sosial müdafiəsinin, rifahının yüksəlməsi üçün  həyata keçirilən  “islahatlar paketi” ildən-ilə daha  da  zənginləşir. İnkişafımızın əsas meyarı olan siyasi, iqtisadi və sosial sabitlik proqnozlaşdırılan istiqamətdə davam etdirilir. Maaşlar, pensiyalar müntəzəm artırılır. İşğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlər üçün şəhərlər salınır, doğma yurdlarına qayıdan insanlar  yeni evlərlə, mənzillərlə təmin edilir. “İndi isə onlar üçün biz, bax, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Laçında, Xocavənddə, Hadrutda, Ağalıda, Talışda, Suqovuşanda evlər inşa edirik və inşa edəcəyik” söyləyən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra qısa müddətdə görülən işləri iqtisadi inkişafımızın nailiyyəti adlandırır.  Ermənistanın işğalından azad edilmiş ərazilərdə şəhərlərin, kəndlərin bərpası planlaşdırılımış qaydalara uyğun, tərtib edilmiş Baş planlara əsasən davam etdirilir. Hazırda respublikamız genişmiqyaslı inşaat meydançasını xatırladır. Beynəlxalq reytinqlər və hesabatlarda Azərbaycanın adı ilk sıralarda  çəkilir.  Həmin hesabatlarda qeyd olunduğu kimi, 2003-2022-ci illərdə ölkə üzrə ÜDM 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib. Dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata, strateji valyuta ehtiyatları 66,1 milyard dollara çatıb.

Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması dayanıqlı iqtisadi inkişafını şərtləndirir. Son 20 ilin əsas çağırışlarından biri iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasıdır. Bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Regional inkişaf proqramları uğurla isra edilir. Artıq 3 proqramın icrası başa çatıb, dördüncü sənədin icrası isə bu il yekunlaşacaq. Hər bir sənədin uğurlu icrası növbəti dövrün hədəflərini özündə ehtiva edən Dövlət Proqramının təsdiqlənməsini bir zərurətə çevirir. Məlum olduğu kimi, tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün aparılması ilə bağlı Fərman imzalandı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulub: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Bu gün işğaldan azad edlimiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra bərpa-qurculuq işlərinə başlamaqla böyük iqtisadi potensiala malik olduğunu nümayiş etdirdi. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. Böyük Qayıdış Proqramını icra edirik. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Ermənistanın işğalından azad edilmiş torpaqlarda-  Şuşada, Laçında,  Ağdamda, Füzulidə, Kəlbəcərdə  aparılan genişmiqyaslı bərpa- abadlıq işləri, yenidən qurulan su elektrik stansiyaları, inşa edilən yol-nəqliyyat infarastrukturları, çəkilən beynəlxalq,   respublika əhəmiyyətli  daxili və  magistral yollar, açılış mərasimləri keçirilən sosial obyektlər, təməli qoyulan yaşayış məskənlərinin hər biri iqtisadi inkişafın real göstəricilərindəndir. İşğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq status qazanmış hava limanlarının qısa zamanda tikintisi də iqtisadi imkanlarımızın təqdimatında öz sözünü deyir. Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapıları kimi dəyərləndirilən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının tikintisi isə uğurla davam etdirilir. Azərbaycanın iqtisadi imkanları qarşıya qoyulan hədəflərə yüksək səviyyədə və zamanında nail olmağa stimul verir.

Təkcə Füzuli rayonunun timsalında Azərbaycanın iqtisadi imkanların təqdim edə bilərik. Bu baxımdan ki, ermənilər bu rayonumuzu tamamilə yerlə-yeksan etmişdilər. Bir tikilidən belə söhbət gedə bilməzdi. Füzuli işğaldan azad ediləndə Azərbaycan Bayrağını ucaltmaq üçün bir dənə də olsun dağılmamış bina qalmamışdı. Amma bu gün Füzuli rayonu mərhələli şəkildə sakinlərini qarşılayır. Keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıdışı ilə birlikdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün də iqtisadiyyatın güclənməsi mühüm amildir. Həyata keçirilən layihələrdə coğrafi ərazilərin, hər şəhərin xarakterik xüsusiyyətinə, iqlim şəraitinə, insanların maraqlarına uyğun ənənəvi iş yerləri açılır. Özünüməşğulluq proqramına qoşulanlar texnikalarla, avadanlıqlarla, mal-qara ilə təmin edilirlər. Görülən işlər, həyata keçirilən layihələr Prezident İlham Əliyevin “Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır” sözlərinin real həyatda təsdiqidir.

Bu gün yalnız işğaldan azad edilmiş ərazilərimiz deyil, bütün bölgələrimiz inkişaf mərhəlsini yaşayır. Əsas hədəflərdən biri “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin bütün bölgələrdə tətbiqidir. Təbii ki, bu da ölkəmizin yeni texnologiyaların inkişaf etdirilməsinə və tətbiqinə marağından irəli gəlir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST layihələrinin davamı olaraq “ağıllı şəhər” və “ağıllı kənd” təqdim edilir.

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət mərkəzindədir. Bunun şahidi olmaq üçün təkcə cari ildə bu sahədə görülən işlərin dieamikasına diqqət yetirmək kifayətdir. 2023-cü ilin  ilin ilk həftəsində Prezident İlham Əliyev tərəfindən “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalandı. Bu Sərəncam minimum əməkhaqqının artırılmasını, əmək pensiyasının minimum məbləğinin, sosial müavinət və təqaüdlərin artımı ilə bağlı Nazirlər Kabineti tərəfindən təkliflərin hazırlanmasını özündə ehtiva etdi. Prezident tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı yeni Sərəncam imzalandı.  Minimum əməkhaqqının artırılması ilə eyni zamanda vahid tarif cədvəlinə uyqun olaraq əməkhaqqı da artırılırdı”. 2022-ci ilin ilk ayında orta aylıq əməkhaqqı 828 manat olaraq ilin sonuna kimi təxminən 840 manata qədər yüksəldi.  Prezident İlham Əliyev 2023-cü ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində 2023-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağını bildirdi. Bu, Azərbaycanın müstəqillik tarixində sosial təminat siyasətinin mühüm göstəricilərindən biridir. 2023-cü ildə şəhid ailələrinin, eləcə də qazi və ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirildi. Cari ildə Qarabağ qaziləri və şəhid ailələrinə mənzillərin təqdim edilməsi və onların sosial təminatının daha da gücləndirilməsi ilə bağlı tədbirlərin və bütövlükdə bu sahədə siyasətin genişləndirilməsi diqqət mərkəzindədir.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət büdcəsi hər bir ölkəninin iqtisadiyyatının aynasıdır. Bu baxımından məmnunluqla qeyd edə bilərik ki, 2023-cü ilin dövlət büdcəsi müstəqillik dövrünün ən irihəcmli dövlət büdcəsidir. Bununla yanaşı,  hətta bu ilin iyun ayında büdcəyə yeni əlavələr də edildi. Belə ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 milyard 774 milyon manata qarşı 3 milyard 5 milyon manat artırılaraq 33 milyard 779,5 milyon manat təşkil etdi. Büdcənin 33 milyard 353,3 milyon manat məbləğində xərcləri 3 milyard 215,5 milyon manat artırılaraq 36 milyard 568,8 milyon manata çatdırıldı. Bu günlərdə Milli Məclis tərəfindən 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat məbləğində təsdiq edildi. Dövlət başçısı İlham Əliyev bu hədəfi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi daim ondan əvvəlki ildən kəmiyyət və kefiyyət baxımından yüksək olmalıdır.

Əhaliyə sosial xidmətin təkmilləşdirilməsi də prioritet istiqamət olmaqla bu istiqamətdə mühüm addımlar atılır. Qeyd etdyimiz ki, DOST mərkəzlərinin coğrafiyası genişləndir. Sevindirici haldır ki, işğaldan azad edilmiş Zəngilan rayonun Ağalı kəndində də DOST mərkəzi yaradılıb. Növbəti ünvan kimi Qarabağın tacı Şuşa seçilib. Ümumilikdə bərpa-quruculuq işlərinin davam etdiyi dövrdə bütün işğaldan azad edilmiş ərazilərimizdə DOST mərkəzlərinin yaradılması əsas hədəflərdəndir.

Qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, dinamik iqtisadi inkişafa malik olan, beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan, həmçinin sosial dövlət kimi diqqətdədir. Atılan hər bir addım bu imicə yeni əlavələr qazandıdrır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin dünyanı heyrətləndirəcək sosial-iqtisadi göstəriciləri fonunda 2024-cü ilin də aydın mənzərəsini təqdim etmək mümkündür. Hazırda paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də iqtisadi və sosial mçrkəz kimi dünyanın diqqətindədir. Yeni sosial və iqtisadi çağırışlar Qarabağın tacı Şuşada müzakirə edilir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək.

Nüsrət Məmmədov, "İki sahil"