22 noyabr 2023 01:58
287

Gələcək nəsillərə “kolonializmdən azad dünya” miras qoyaq - Günümüzün əsas çağırışı

Dövlət başçısı İlham Əliyev Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bir daha bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir

Bütün dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələridir. Ölkəmizin bu istiqamətdə qazandığı uğurlar göz önündədir. Buna əmin olmaq üçün təkcə son illərin xarici siyasət uğurlarımıza diqqət yetirmək kifayətdir. Bir mühüm məqamı da daim böyük qürur hissi ilə qeyd edirik ki, istər Azərbaycanın ev sahibliyi etdiyi, istərsə də ölkəmizin qatıldığı tədbirlərə nəzər salsaq məkanından asılı olmayaraq marağın daha çox Azərbaycanın uğurlarına, inkişaf modelinə yönəlməsinin diqqətdən kənarda qalmadığını görərik. Bu, ondan xəbər verir ki, Azərbaycan bütün sahələrdə nümunə göstəriləcək səviyyədə təcrübəyə malikdir. Dünyaya təkmil inkişaf modelini təqdim edir.

Bu gün Azərbaycanın xarici siyasət uğurlarından, beynəlxalq təşkilatlarla əlaqələrindən bəhs edərkən ilk olaraq göz önünə Azərbaycan-Qoşulmama Hərəkatı münasibətləri gəlir. Ölkəmizin noyabrın 20-21-də Qoşulmama Hərəkatının “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransa ev sahibliyi bir daha qurumla ölkəmiz arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə nəzər salmağı bir zərurətə çevirir. Daim çıxışlarında ölkəmizin Qoşulmama Hərəkatı ilə əlaqələrinin inkişaf səviyyəsindən bəhs edən dövlət başçısı İlham Əliyev “Sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində bizim tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir» söyləyərək Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu təsdiqləyir. Qeyd edək ki, ölkəmiz bu il, eyni zamanda, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə ev sahibliyi etmişdir.

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında, keçirilən tədbirlərdə 30 illik işğal dövründə ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklər fonunda onu  da bildirir ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir. Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim etdi.

Hər zaman qeyd etdiyimiz kimi, keçirilən beynəlxalq əhəmiyyətli tədbir  gündəmə gətirdiyi məsələlər, səsləndirilən çağırışların düzgün cavablandırılması üçün müəyyənləşdirilən yol xəritəsi  uzun müddət müzakirə olunur. Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın bugünədək irəli sürdüyü təşəbbüslərin gerçəkləşməsi fonunda Hərəkatın artan nüfuzu, söz sahibliyi geniş müzakirə olunmaqdadır. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm bu qurum, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.

Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.

Keçirilən tədbirlərin diqqət çəkən məqamlarından biri də Azərbaycanın tarixi həqiqətlərinin, mövcud reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanların yaradılmasıdır. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırıb.  BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının sıralarında 120 üzvü birləşdirdiyini nəzərə alsaq həqiqətlərimizin təbliği üçün hansı imkanların yarandığını geniş şərh etməyə ehtiyac olmaz. 

Dövlət başçısı İlham Əliyev dünyanın ikili standartlara əsaslanan siyasətini çıxışlarında xüsusi qeyd edir.   BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsinin gündəmdə saxlanılması da bu kimi məqamlara işıq saldı. «Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Təbii ki, hər bir məsələnin  gündəmə gətirilməsini zəruri edən səbəblər vardır. Reallıq budur ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil.  Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. İki il əvvəl  Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. 

Bu gün böyük əminliklə qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Bu ərazilər tamamilə dağıdılıb. Tarixi, dini abidələrimiz yerlə-yeksan edilib. Bu gün erməni vandalizminin göstəricisi olan həmin dağıntılar, evlərin yandırılması, yaşıllıqların məhvi, ekologiyaya vurulan ziyan Ermənistanın beynəlxalq hüquq çərçivəsində dəymiş ziyanı ödəməsi tələbini yerinə yetirməyə məcbur edəcək. Heç bir cinayət cəzasız qalmır. Azərbaycan 30 il havadarlarının əlində ərköyün uşaq kimi yeyib harınlayan işğalçı Ermənistana 44 günlük İkinci Qarabağ müharibəsində elə bir dərs verdi ki, heç zaman unutmayacaq, Artıq bundan sonra işğalçı dövlətin rəhbərliyi beynəlxalq hüququn mövcudluğundan özünü xəbərsiz aparmayacaq. Çox qısa zamanda Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları işğaldan azad olunan ərazilərimizin əvvəlki vəziyyətinə qayıtmasını təmin edəcək. Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Reallıq budur ki, işğal dövründə  Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı. Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir.  Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür.

Qoşulmama Hərəkatı, eyni zamanda, quruma üzv dövlətlərin hər biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyir. Ölkəmizə artan inamın və etimadın göstəricisi Hərəkata sədrlik müddətinin bir il uzadılması oldu. Azərbaycan həqiqətin yanındadır. Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat uzunömürlü olmaqla yanaşı, gec-tez zəfər çalır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsidir. Dövlətimizin başçısı bildirir ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.

Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransının iştirakçılarına müraciətində Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsinə verdiyi töhfələrdən geniş bəhs edərək bildirmişdir ki, sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür. Həmçinin Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdır. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik. «Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir» söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir. Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcək. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etmişdir ki, konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaq.

Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıda toplaşaraq, XXI əsrdə hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəklikləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.

Yeganə Əliyeva, «İki sahil»