22 noyabr 2023 02:15
281

Ağdam “Qafqazın cənnəti”nə çevriləcək

Bu il ilk dəfə Ağdam Şəhəri Günü qeyd olundu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü olacaq. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Olduqca gözəl, füsünkar təbiətə, məhsuldar torpağa  malik olan qədim Ağdam rayonu Qarabağın mərkəzində yerləşir. Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Keçmiş zamanlarda burada qədim türk qəbilələri düşməndən qorunmaq üçün özlərinə kiçik qalalar tikiblər. XVIII əsrin birinci yarısında isə Pənahəli xan burada özü üçün ağ daşdan imarət tikdirib. Bu imarət hər tərəfdən-digər kəndlərdən belə  göründüyü üçün burada sanki bir oriyentirə çevrilib. Deyilənlərə görə, bu səbəbdən də həmin məkanı Ağdam adlandırıblar. Ağdam həm də Ermənistanın işğalından ən çox zərərçəkən rayonlardan biri olmuşdur. Vaxtilə öz şöhrəti ilə, istehsal etdiyi məhsullarla təkcə Cənubi Qafqazda yox, dünyada tanınan bu rayonumuz təəssüf ki, 23 iyul 1993-cü ildə 42 gün davam edən qeyri-bərabər döyüşlər nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Onu da bildirək ki, Ağdam Birinci Qarabağ müharibəsi zamanı hadisələrin episentri idi. Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da məhz Ağdam olub. Bu rayon Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verib, 16 nəfər Milli Qəhrəman adına layiq görülüb.

İşğal altında qaldığı 27 il ərzində erməni silahlı dəstələri Ağdamda görünməmiş vandalizm həyata keçiriblər. Buna qədər isə Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada 15 mindən artıq fərdi yaşayış evi, 31 çoxmərtəbəli bina olub, 42 mindən çox insan yaşayıb. Ağdamda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonun Xaçın-Dərbəndli kəndində Qutlu Musa oğlu türbəsi (1314-cü il), Ağdam şəhərində məscid (1868-ci il), Şahbulaq kəndində məbəd (VI-VIII əsrlər), Karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), Kəngərli kəndində məbəd (VI əsr), XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid kümbəz və məscid, Ağdam şəhərində Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XVIII əsr), Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, onlarca digər abidələr erməni vəhşiliyinin qurbanına çevrilib. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparıblar. Belə muzeylərdən 3 mindən artıq eksponatı olan Ağdam tarix-diyarşünaslıq muzeyinin, Çörək muzeyinin, tarzən Qurban Pirimovun xatirə muzeyinin, şəkil qalereyasının adlarını çəkmək olar. Bir sözlə, rayon ərazisində mövcud olan abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb. Prezident İlham Əliyev erməni vandallığı haqqında danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir”.

Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi quruculuğun baş meydanına çevrilib. Üç il öncə Prezident İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamada da həyat yenidən canlanır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilib. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır. 2021-ci il 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş plan əsasında Ağdam tamamilə bərpa olunur. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyması, park-meşədə ağac əkməsi rayona yeni nəfəs gətirir. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faiz fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Şəhərin yaşıllaşdırılması xüsusi diqqətdə saxlanılacaq. Belə ki, burada 4 böyük meşə sahəsi, 23 ədəd şəhər parkı salınacaq. Ümumilikdə şəhərin ərazisinin 20 faizi yaşıllıqla təmin olunacaq. Bu yaşıllıq həm şəhərin ekologiyasına, həm də gözəlliyinə töhfə verəcək. Şəhərin içərisində – su kanalının keçəcəyi yerdə artıq meşə parkı salınıb. Mühüm infrastruktur layihələri icra edilir Bunlardan biri Bərdə-Ağdam avtomobil yolunun inşasıdır. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri də intensiv şəkildə həyata keçirilir. Belə layihələrdən biri də Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulmasıdır. İşğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə inşa ediləcək Bərdə-Ağdam dəmir yolunun ümumi uzunluğu 45 kilometrdir. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən artıq hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb. Bu yarımstansiyalarda rəqəmsal idarəetmə mərkəzi yaradılıb.

İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası nəzərdə tutulub. Plana əsasən Pənahəli xanın imarəti, karvansaray, hamam, türbələr, tribuna bərpa ediləcək, atlar üçün cıdır, axur və suvarma yeri yaradılacaq, əraziyə çinar və meyvə ağacları əkiləcək. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafına böyük təkan verəcək, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq, layihələr icra olunacaq. Belə layihələrdən biri Ağdam Sənaye Parkıdır. Sənaye parkında sosial sahə, İqtisadi Zonaların İnkişafı Agentliyi üçün mobilizasiya, Qida sənayesi müəssisələri, kiçik istehsal və xidmət müəssisələri, istehsal sahəsi, tikinti materiallarının satışı, TIR parkı, texnika təmiri sahəsi, texniki zona və iri sənaye müəssisələri üçün nəzərdə tutulmuş sahələr olacaq. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır. Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlir.

Sevinc Azadi, “İki sahil”