22 noyabr 2023 01:37
287

Ağ evin qara üzü

ABŞ-ın dünyada davam edən vahid qütbə və ya şəriksiz liderə çevrilmək uğrunda mübarizəsi müasir dövrdə daha açıq kontekstdə təzahür etməkdədir. Məhz bunun nəticəsidir ki, ABŞ dünyada hegemonluq etməklə sabitliyi pozaraq ölkələrdə iqtisadiyyatların dağıdılmasını və ondan böyük qazanc əldə etməsini özü üçün siyasi xətti seçib. Diqqət yetirsək görərik ki, dünyada baş vermiş müharibələrin və çevrilişlərin əsas müəllifi ABŞ-dır. Vaşinqton suveren ölkələrə müxtəlif adlarla daxil olub və özü ilə fəlakətlər gətirib, amma heç bir dövlətə sabitlik və inkişaf aparmayıb.

Toxunduğu yer qan gölünə çevrilir

ABŞ ayrı-ayrı müstəqil ölkələrin daxili işlərinə rahat müdaxilə etmək üçün öz agentura şəbəkəsini yaradır, hakimiyyət çevrilişləri hazırlayır. İstəkləri suya düşəndə isə demokratiya pərdəsi adı altında birbaşa təcavüz planlarına start verir, vətəndaş müharibələri, dövlət çevrilişləri, xaos yaradır. İraq, Əfqanıstan ABŞ-ın təcavüzünün ən üzdə olan nümunələrindən biridir. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu kimi nümunələr sırasında Misiri, Liviyanı, Yəməni, Suriyanı göstərmək olar. Hər üç ölkə ABŞ tərəfindən “ərəb baharı” adı ilə  qışın elə bataqlığına salınıb ki, nə vaxt xilas olacaqları belə bilinmir. Vaxtilə inkişaf edən və sabit ölkə olan Liviya bir neçə yerə parçalanıb, vətəndaş müharibəsi məkanıdır, Yəməndə də fərqli durum yoxdur. Suriya isə faktiki olaraq poliqon funksiyasını yerinə yetirir. Supergüclər buranı sanki silahlarını sınaqdan çıxarmaq üçün məkan seçiblər. Bu ölkələrdə gündəlik ölənlərin sayı isə yüzlərlədir. ABŞ-ın Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətləri də bura əlavə etsək, sözsüz ki, dəhşətli mənzərənin şahidi oluruq. Bütün bunlar isə dünyada baş verən bütün qarışıqlıqlarda ABŞ-ın marağının və “əlinin” olmasını deməyə əsas verir.

Bu fəlakətlərdən ABŞ həm də böyük sərvətlər qazanır. ABŞ Avropanı Rusiyanın enerji resurslarından məhrum edib və ən gəlirli sahəni özününküləşdirib. Baha qiymətə öz neftini və qazını avropalılara satan, milyardlar qazanan məhz ABŞ-dır.

Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Artıq iki ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Amerikadır. Qəzzaya yönəlik bəyanatlarında qızışdırıcı mövqedən çıxış edən, tələm-tələsik Qəzzanın bombalanması üçün maliyyə vəsaiti ayırmaq üçün hərəkətə keçilir. Axı, özünü “dünya jandarmı” elan etmiş bu ölkə həm də regiondakı dinc əhalinin hüquqlarını müdafiə etməli idi. Qəzzada həyatını itirən 10 mindən artıq insan həm də ABŞ-ın siyasi oyunlarının qurbanıdır. Özünə sərf etdiyi məqamda terroru maliyyələşdirməkdən, nəzarətindəki dini-terrorçu qrupları özünün müttəfiqlərinə qarşı istifadə edən Vaşinqton bütövlükdə Avropa üzərindəki patronajlığını davam etdirmək üçün Ukraynanı güdaza verir - bu gün Ukraynanın düşdüyü vəziyyət acınacaqlıdır. Ölkə bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Niyə? ABŞ-ın maraqları ucbatından…

ABŞ-ın ürəyinə ox kimi batan Azərbaycan narahatlığı

ABŞ öz “hökmranlığını” təkcə Azərbaycan üzərində göstərə bilməyib və göstərə bilməyəcək də. Çünki postmüharibə reallıqlarına görə Cənubi Qafqazda sözün və gücün əsas sahibi Azərbaycandır. Azərbaycanın təkbaşına Qarabağ münaqişəsini həll etməsinə, hətta Ermənistanın regionda yaranan yeni reallığı qəbul etməsinə, sülh danışıqlarının gündəmdə olmasına baxmayaraq, ABŞ bununla barışmaq istəmir. Dünyanın müxtəlif bölgələrində münaqişə ocaqları yaradıb, milyonlarla insanın fəlakətlər yaşamasına imza atan ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasını əngəlləmək, mühiti qarışdırmaq, gərginləşdirmək üçün bütün imkanlarını “səfərbər” edir. ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə ölkəmizə qarşı qərəzli mövqe sərgilənməsi, Dövlət Departamentinin rəsmilərinin qeyri-adekvat açıqlamaları, 907-ci düzəlişlə bağlı ədalətsizliyin davam etməsi,  eləcə də Senat tərəfindən “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edilməsi bunun növbəti təzahürüdür.  Bununla da Vaşinqton  maskasını çıxarır, gerçək simasını, ikiüzlülüyünü nümayiş etdirir.

ABŞ özündən güclü qüvvə görmək istəmir. Öyrəşib ki, daim ona tabe olsunlar,  digər dövlətlər  onun dedikləri ilə oturub- dursunlar. Hər şey istədiyi kimi olmadıqsa isə ABŞ bax belə aqressiv, ədalətsiz, riyakar simasını göstərməli olur.  Daha bilmir ki, bu aqressiya, çirkin ssenarilər, bədnam əməllər yalnız və yalnız onun sonunu gətirir.  Necə ki, gətirir də…

Uçurumun kənarında…

İmperialist maraqları naminə çirkin ssenarilərə milyardlarla vəsait yönəldən ABŞ defolt riski ilə üz-üzədir. Defolt (Default) - borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilməsi imkanının olmamasıdır. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən, ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır.

Ekspertlər ABŞ-ın dövlət büdcəsinin kəsirinin 2024-cü ildən 2033-cü ilə qədər ildə təxminən 2 trilyon dollar olacağını proqnozlaşdırırlar. Qeyd olunur ki, kəsir 2033-cü ilə qədər 2,851 trilyon dollara və ya ÜDM-in 7,3 faizə çatacaq. Verilən məlumata görə, 2023-cü maliyyə ili üçün büdcə kəsiri 1,410 trilyon dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin göstəricilərini üstələyir.  Daha əvvəl “American Greatness” yazıb ki, indiyə qədər 31,5 trilyon dolları keçmiş ABŞ dövlət borcunun artan həcmi yaxın gələcəkdə ölkənin federal büdcəsinin tamamilə çökməsinə səbəb ola bilər. Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ABŞ-da regional bankların maliyyələşməsi və böyümə çətinliklərinin 2024-cü ildə də davam edəcəyini bildirib.

İrqçiliyin ABŞ siması

Dünyaya “demokratiya”, “insan hüquqları” dərsləri keçən Amerika Birləşmiş Ştatlarında irqçilik geniş hal alıb.  ABŞ-ın Missuri ştatının Ferquson şəhərində bir neçə il bundan əvvəl 18 yaşlı qaradərili Maykl Braunun polis tərəfindən amansızlıqla öldürülməsi hələ yaddaşlardan silinməyib. Ferquson hadisələri zamanı Maykl Braunun öldürülməsinə və polis zorakılığına etiraz olaraq nümayişlərin davam etdiyi günlərdə daha bir qaradərili - 25 yaşlı gənc Kaceme Pauelin də polis tərəfindən 9 dəfə açılan atəş nəticəsində həyatını itirib. Belə irqi ayrı-seçkilik halları ABŞ-ın bütün ştatlarında hər il təkrarlanır. BMT-nin irqçiliyin müasir formaları üzrə xüsusi məruzəçisi Aşvini K.P.  bildirib ki, ABŞ-da sistematik irqçilik və irqi ayrı-seçkilik davam edir. O, xüsusən irqçiliklə mübarizəyə yönəlmiş hökumət təşəbbüslərinin insanların əksəriyyəti üçün hələ də əhəmiyyətli irəliləyişlərə səbəb olmadığından və güc bərabərsizliyinin əsasında duran ağ üstünlüyü problemini həll etməməsindən narahatlığını diqqətə çatdırıb. Mütəxəssis ABŞ-ın irqi ayrı-seçkiliyə qarşı mübarizədə kritik mərhələdə olduğunu vurğulayıb. BMT ekspertinin bəyanatında deyilir ki, irqçiliyin təzahürləri irqi cəhətdən təcrid olunmuş qruplara mənsub insanlara həyatlarının hər mərhələsində tarixən, sistemli və institusional olaraq təsir edir. Bundan əvvəl BMT-nin İnsan Haqları Komitəsi də öz hesabatında qeyd edib ki, ABŞ-da cinayət ədaləti etnik azlıqlara qarşı ağdərililərdən daha sərtdir. Qaradərili insanlar daha çox ölüm cəzası alır və daha ağır cəzalara məruz qalırlar.

Polis zorakılığı

1980-2018-ci illərdə polis zorakılığı nəticəsində ABŞ-da 30 min insan qətlə yetirilib. Yalnız 2022-ci ildə 1176 nəfər polis zorakılığının qurbanı olub, zor tətbiq edilməklə öldürülüb. Qoy konqresmenlər bu rəqəmlər üzərində düşünsünlər. Eyni zamanda, ABŞ-da kütləvi qətillər getdikcə artır. Maine ştatının Lyuiston şəhərindəki kütləvi atışma 2023-cü ildə ABŞ-da silahlı zorakılıq hadisələri arasında ən çox ölüm sayına səbəb olub. Lyuistonda atışma nəticəsində 16 nəfərin həlak olduğu bildirilir. Analitiklərə görə bu, ABŞ-da 2023-cü ilin əvvəlindən bəri silahlı zorakılıq qurbanlarının ən yüksək sayıdır. Ümumiyyətlə, cari ilin birinci yarısında ABŞ-da kütləvi qətllərlə bağlı antirekord qeydə alınıb. Belə ki, yanvar-iyun aylarında ölkə üzrə azı 28 kütləvi qətl törədilib. “Associated Press” xəbər verir ki, bu, 2006-cı ildən bəri rekord göstəricidir. Əvvəlki antirekord 2022-ci ildə müəyyənləşmişdi - ölkədə 27 kütləvi qətl törədilmişdi. 2023-cü ildə 28 kütləvi qətldən 28-si odlu silahın istifadəsi ilə törədilib, qalan 1-i isə odvurma nəticəsində baş verib. ABŞ Prezidenti Co Bayden ölkədə odlu silahdan istifadə ilə törədilən zorakılığı “epidemiya” adlandırıb. “Gun Violence Archive” qeyri-kommersiya qrupunun məlumatına görə, 2022-ci ildə ABŞ atışma ilə bağlı insidentlər zamanı 43,6 min nəfər həyatını itirib.

ABŞ anlamalıdır ki, Azərbaycan olmadan Cənubi Qafqazda hər hansısa siyasətini həyata keçirə bilməz. Ona görə də ermənilərə saxta dəstək nümayiş etdirməkdənsə, Konqres ABŞ-ın günü-gündən artmaqda olan daxili problemləri ilə məşğul olmalıdır. ABŞ-də irqi ayrı-seçkilik, polis zorakılığı və s. bu kimi digər problemlər baş alıb gedir. Bütün bu haqsızlıqlara susan, Ermənistanı bircə dəfə də olsun qınamayan, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində heç bir addım atmayan ABŞ indi Azərbaycana qarşı ittihamlar səsləndirə bilməz.

Yaqut Ağaşahqızı, “İki sahil”