20 noyabr 2023 13:29
413

Erməni vəhşiliyinin şahidi, Ağdam şəhəri - ŞƏRH

“Həmişə işğal gününü qeyd etdiyimiz Ağdam şəhərinin azad olunduğu günü artıq 3 ildir ki, qeyd edirik. Vaxtilə “Qafqazın Xirosiması”, ya da “xəyalət şəhəri” adlandırılan Ağdam bu gün yeni intibahını, yeni dövrünü yaşamaqdadır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam rayonu 2020-ci il noyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildi. Rayon bir güllə atılmadan düşməndən geri alındı. 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu gün Ağdamda bərpa işləri aparılır, şəhər -yenidən qurulur: “Ötən müddət ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir. Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qaldığını və dünya güclərinin məsələyə biganə münasibətini əsas gətirən Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində növbəti erməni təxribatları zamanı əks-hücuma keçərək torpaqlarımızı düşmən pəncəsindən azad etdi, 27 illik ədalətsizliyə son qoydu”. 

AşHüseynov əlavə edib ki, Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir: “Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır, çox sayda tarixi-mədəniyyat abidələri var. Təəssüf ki, onların əksəriyyəti Ermənistanın işğalı dövründə məhv edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Ağdam şəhəri erməni vəhşiliyinin şahididir”.