20 noyabr 2023 11:39
248

“İşıqlı, ağ bina"nın azad, abad və ağ günləri

Gözəl Qarabağın  ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. 

Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 km² olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Bəzi mənbələrdə Ağdam şəhərinin rəsmi olaraq salınması 1741, bəzilərində isə 1752-ci il kimi qeyd olunmuşdur.

  Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində — Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. 

Ağdam qədim türk dilində "Kiçik qala" mənasını verir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. "Ağdam” sözünün də qədim türk dilində mənası “kiçik qala” deməkdir. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini  XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə deyilən yerdə aparılan arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.Rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə  və Üzərliktəpə  deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit  və orta Tunc dövrünə aid  dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-ci illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə aid möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir.  Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya  quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan qarqarlar  Ağdam ərazisindəki Qarqarçay  boyunca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 23 iyul 1993-cü cü il tarixində Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Rəşdadətli ordumuzun ardıcıl qələbələri düşməni ağ bayraq qaldırıb təslim olmağa məcbur etdi. İmzalanan üçtərəfli Bəyanatla Ermənistanın işğal etdiyi Kəlbəcər, Laçın və Ağdam rayonları heç bir döyüş əməliyyatı aparılmadan azad olundu, bununla da ərazi ərazi bütövlüyümüz təmin olundu. Noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da insan tələfatının qarşısı alındı. Bu həm də onu göstərir ki, Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada qalib gəldi.

2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali BaşKomandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı.

Əfsanə Məhərrəmova,
Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 39" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü