19 noyabr 2023 02:31
262

Zəngin dövlətçilik tarixi

XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.
Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Tarixi Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixi var. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranıb.
Eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub.
Manna dövləti yalnız Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı mübarizə aparırdı.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar.
Sonrakı dövrlərdə nə Əhəməni-İran imperiyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilməyib. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəlib. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəlib.
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə çoxsaylı irandilli və ərəb mənşəli əhali köçürdülər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi, onlara geniş imtiyazlar verildi. Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi və Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə, ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi.
Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi: Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verdi. 600 ilə qədər davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, İslam dininin bütün ölkə ərazisində yayılması Azərbaycanın sonrakı inkişafında mühüm rol oynadı. Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış dövlətlərdən heç biri uzun tarixi dövr ərzində Azərbaycanın bütün ərazisini əhatə edən vahid, davamlı, qüdrətli dövlətə çevrilə bilmədi və davamlı siyasi sabitlik təmin olunmadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti xalqımızın etnik-siyasi tarixində xüsusi çəkiyə malikdir. Azərbaycan intibahı özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil dövlətin daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, onun hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, xalqın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı.
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Səfəvi dövləti qısa müddətdən sonra Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla, Şimali Hindistanı ələ keçirdi. Lakin onun bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.
Beləliklə, XVIII əsrin ikinci yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla da Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli fürsət düşdü.
Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: Azərbaycanın şimalı Rusiyaya, cənubu isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Buna baxmayaraq, vətənpərvər insanların, görkəmli ziyalıların fəaliyyəti sayəsində Azərbaycan xalqının mənəvi inkişafı təmin edildi, onun tarixi yaddaşı, milli mədəniyyəti qorunub saxlandı.
Azərbaycan maarifçilik hərəkatı tariximizin ən vacib dövrlərindən birini təşkil etdi. Bu mərhələnin Azərbaycan xalqının mədəni və siyasi dirçəlişindəki rolu əvəzsizdir.

Ravil Abdullayev,
YAP Xətai rayon təşkilatının "İzzət Orucova 21a" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü