18 noyabr 2023 00:23
378

ABŞ-ın Cənubi Qafqazı udmaq istəyi: Yavaş, boğazında qalar!

Böyük güclərin Azərbaycana riyakar yanaşması zavallı Ermənistana sevgidən  deyil, bu tamahdan qaynaqlanır

Azərbaycanın öz suveren haqlarına sahiblənməsi, ərazi bütövlüyünü tam bərpa etməsi paxıl beynəlxalq gücləri ölkəmizə qarşı hərəkətə keçirib. Azərbaycan Fransa və ABŞ-ın illərlə münaqişəni uzatmaq cəhdlərinin, postmünaqişə dövründə münaqişə ocağını sönməməyə qoymamalarını, sülhdən yayınmaq üçün hər cür siyasi oyunbazlığa əl atmalarının şahidi olur. Bu şouda Fransanı, hətta  bütövlükdə Qərbi qabaqlamaq iddiasına düşən ABŞ son günlər xüsusi fəallıq göstərir. Necə deyərlər, su durur, ABŞ durmur…

Azərbaycan xalqına düşmən münasibəti bəsləyən ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” təxribatçı  adı altında keçirilmiş dinləmələrdə çıxış edən həm dövlət rəsmiləri, həm də konqresmenlər regionda sülhə maneə törədən və düşmənçiliyi qızışdıran bəyanatlar vermişlər. Təbii ki, bu dinləmələr ilk deyil. Təəccüb doğuran məqam budur ki, hər dəfə keçirilən dinləmələrdə ədalət və beynəlxalq hüquq prinsiplərinə ABŞ dövlətinin maraqları prizmasından yanaşılmasının şahidi oluruq.

 Artıq biz  bu tipli siyasi şantajlara öyrəncəliyik. Azərbaycan dövləti illərdir ki, bu reallıqlar şəraitində fəaliyyət göstərməkdə və belə hallara qarşı müqavimət formalaşdırmaqda, immunitet yaratmaqdadır. Ona görə hazırkı siyasi təhdidlərin də ölkəmizi haqq yolundan döndərə bilməyəcəyi birmənalıdır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın xarici KİV-ə açıqlamasındakı "Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq. Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır" iddiası da onu deməyə əsas verir ki, guya Ağ ev regionda sülhün bərqərarı  alması üçün "çalışır", amma Azərbaycan buna "əngəl" yaradır. 

Bütün bunlar ABŞ-ın və onun Konqresinin destruktivliyini, səlibçi mentalitetini, korrupsiyaya uğramış bu strukturun insan hüquqlarına zidd və etnik ayrı-seçkilik yanaşmasını isbatlamışdır. Açıq-aydın görünür ki, ABŞ Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə yaranmış sülh imkanından ciddi şəkildə narahat olub.

Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında öhdəliyi var və bu gün heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olacaq. Erməni lobbisinin dəstəyi ilə Azərbaycanla bağlı dinləmələr keçirən Konqresin məqsədi də bəllidir. Lakin yaxşı olardı ki, Konqres Azərbaycanla bağlı deyil, ABŞ-ın günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsun. 

İkinci Qarabağ müharibəsinədək bütün beynəlxalq toplantılarda, ali kürsülərdə çıxış edərkən Azərbaycan Prezidenti sülh çağırışı edirdi, dünyanı ədalətə çağırırdı. Amma beynəlxalq hüquq heç zaman ədalətli olmadı, Azərbaycana qarşı ikili standartlar tətbiq edildi, Ermənistana işğalçı kimi heç bir sanksiya tətbiq edilmədi, hüquqları pozulmuş bir milyon azərbaycanlı barədə hansısa qərar qəbul olunmadı. 30 il Azərbaycanın ərazi bütövlüyü pozuldu, torpaqları işğal altında saxlanıldı, əhalisinin müdafiəsinə ehtiyac oldu.  Bəs keçmiş münaqişənin həlli üçün yaradılmış ATƏT-in sabiq Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ bu istiqamətdə hansı addımları atdı? Məhz belə bir şəraitdə də Ağ ev Azərbaycana deyil, Hayastana dəstək verdi. İşğalçı ölkə bundan əməllicə yararlanaraq terror aktlarını, təcavüz siyasətini daha da genişləndirdi. Hər formatlı təzyiqlərə, ikili standartlar oyunlarına dözən, səbir edən Azərbaycan sonunda ədaləti özü təmin etdi, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin icrasını reallaşdırdı. Bütün bunları görmək istəməyən, Azərbaycana çatanda kor olan ABŞ indi də bizə şər atmaqla məşğuldur. Azərbaycanın regionda sülhün, təhlükəsizliyin təminatında maraqlı olmadığını iddia etmək gülüş doğurur. 

Yarandığı gündən demək olar ki, fasiləsiz olaraq müharibə aparan, xarici dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı güc tətbiq edən, on milyonlarla insanı qətlə yetirən,  öz ehtiyacına görə 907-ci maddənin qüvvəsini dayandırmış ABŞ hökumətinin indi həmin bəndi yenə tətbiq etməsi vaxtilə terror hücumuna məruz qalmış Birləşmiş Ştatlara qarşı çətin günlərində dayaq durmuş Azərbaycanın ictimaiyyətində bu ölkəyə inamı dərindən sarsıtmışdır.

Baş verənlər onu göstərir ki, ABŞ qarşılıqlı hörmət və etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq aparmaq iqtidarında deyil. Ağ evin son vaxtlar Ermənistana hərtərəfli dəstəyi, Azərbaycana qarşı sərtləşdirdiyi siyasi ritorikası, guya Azərbaycanın Ermənistana təcavüz ehtimalını əsaslandırmağa çalışmaq cəhdləri təəssüf doğursa da, təəccüblü deyil. Çünki bütün bunlar sübut edir ki, sülhü təşviq etmək adı altında regionda öz mənfur planlarını həyata keçirməyə çalışan ABŞ əslində sülhün əldə edilməsinə qarşı çıxır. 

Ərazilərimiz 30 il işğal altında olanda da, torpaqlarımızın azadlığından sonra da sülhün tərəfdarı kimi çıxış edən Azərbaycan bu gün də qalib ölkə olmasına baxmayaraq, məğlub Ermənistana barış təklif edir. Prezident İlham Əliyev sülh müqaviləsinin bağlanmasında hər zaman konstruktiv mövqe nümayiş etdirib və Azərbaycanın sülhə hazır olduğunu dəfələrlə bəyan edib.Əslində, sülh istəməyən Azərbaycan deyil, Ermənistanı silahlandıraraq yeni savaşa təhrik edənlər, bölgədə marağı olan bəzi Qərb dairələri və xüsusən də ABŞ-dir. Ermənistan və Azərbaycan arasında prosesin sülhlə nəticələnməsi ABŞ və Qərbin arzulamadığı finaldır.

Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlamasına göz yuman, vasitəçi olaraq münaqişənin nizamlanmasında əməli fəliyyət göstərməyən "demokratik" Qərb ölkələri Azərbaycanın öz gücünə ədaləti təmin etməsi ilə heç cür barışa bilmir, erməni lobbisinin ciblərinə axıtdığı dollarlardan, avrolardan əlləri çıxdıqları üçün yanıb tökülürlər. Buna görədir ki, ikili standartlı ABŞ və müstəmləkəçi Fransa başda olmaqla bəzi riyakar Qərb ölkələri təcavüzkar Ermənistana dəstək verir, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür, yalan və böhtan səsləndirirlər. Bu koalisiyaya Cənubi Qafqaza hərtərəfli nüfuz etməkdən ötrü sülhdən daha tutarlı arqument lazımdır. Onlar bu arqumenti sülh masasında deyil, reallığı təhrif etməkdə, Azərbaycana qarşı atılan böhtanlarda, bölgədə yeni gərginliyin yaradılmasında, hətta silahlı qarşıdurmada axtarırlar. ABŞ və Avropa İttifaqı bu hədəfə çatmaqdan ötrü Brüssel sülh masasını Ermənistanda “savaş meydanı” ilə əvəzləməyi düşünür.

Məkrli Qərbin  və ABŞ-ın mənfur niyyətləri naminə Azərbaycana qarşı qərəz nümayiş etdirmələri heç bir nəticə verməyəcək. Bu dövlətlər və  beynəlxalq qurumlar riyakar davranışları ilə yalnız eyni anda bir neçə ölkəyə forpostluq edən Ermənistanı məhvə aparacaqlar. Ermənistan yaxşı olar ki, Amerikanın və Qərbin boş vədlərinə aldanmasın, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə meydana çıxan unikal sülh imkanının reallaşmasına mane olmasın, əksinə dəstək göstərsin. Yoxsa,  özünü uçuruma doğru sürükləmiş olacaq.  Hayastan nəhayət dərk etməlidir ki, qurtuluşu sülhdədir.

Yaqut Ağaşahqızı, “İki sahil”