18 noyabr 2023 00:35
310

Azərbaycan qlobal logistika və nəqliyyat sahəsində əsas aktorlardan biridir

Bu gün nəinki paytaxt Bakı, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımız beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkandır

“Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik.” Dövlət başçısı İlham Əliyev bu günlərdə Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışı zamanı ölkəmizin iqtisadi imkanlarından geniş bəhs etdi.

Reallıq budur ki, Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməsi bütün sahələrdə davamlı uğurlarını şərtləndirir. Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın bütün bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır, paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Hər bir bölgənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeni düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur.

Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. BTQ-nin əsas missiyası yalnız Asiya ilə Avropa arasında yükdaşımaları həyata keçirmək deyil. Eyni zamanda, Şimaldan və Cənubdan gələn yüklərin Asiya və Avropaya daşınmasını təmin etmək də bu dəmir yolu xəttinin əhəmiyyətini bir daha göstərir. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artdı.

Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir. Artıq 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. Üçüncü Hava Limanı isə Laçın rayonu ərazisindədir.

Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir.İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək.

Davamlı və yüksək iqtisadi artımın sosial islahatların həllinə yönəldilməsi istiqamətində Azərbaycanın malik olduğu təcrübənin şaxələndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Beynəlxalq aləmdə özünü doğruldan yeniliklərdən ölkə vətəndaşlarının bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyətin formalaşmasına diqqət artırılacaq. Regionların sosial- iqtisadi inkişafı Dövlət proqramlarında olduğu kimi, 2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə paytaxtın və regionların tarazlı inkişafı üçün mühüm vəzifələr əksini tapır.

İşğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır. Bərpa-quruculuq işləri soydaşlarımızın bu məkanlara qayıdışı ilə müşayiət olunur. Hazırda Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərinə, Füzuli və Laçın şəhərlərinə soydaşlarımız mərhələli şəkildə qayıdır. Azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Hazırda qarşıda dayanan əsas vəzifələrdən biri azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadənin təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır.

Son üç ildə işğaldan azad edilmiş ərazilərimizdə yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını bir yazıda əhatə etmək mümkün deyil. Salınan yeni yollar bizi 30 ilə yaxın düşmən tapdağı altında olan və bu gün azadlığa qovuşaraq sevincli günlərini yaşayan ərazilərimizlə birləşdirir, onların potensial imkanlarının ölkə iqtisadiyyatının inkişafına yönəldilməsini təmin edəcək.

Əvvəldə də qeyd etdiyimiz kimi, Özbəkistanın Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında ölkəmizin iqtisadi uğurları təqdir edildi.. Belə ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq bildirdi ki, Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir.

ECO-nun Baş katibi Xusrav Noziri Türkmənistan, Tacikistan və Türkiyə, eləcə də Azərbaycan və İran arasında razılaşdırılmış multimodal dəhlizlərin xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirdi. Energetikanın ECO üçün çox vacib sahə olduğunu qeyd edən Baş katib bu istiqamətdə Xartiyanın imzalanmasının əhəmiyyətini vurğuladı. Turizm sahəsində əməkdaşlığa diqqət çəkən Xusrav Noziri bildirdi ki, biz, həmçinin turizm potensialının inkişafına diqqət yetiririk. “Turizm paytaxtları” konsepsiyası çox mühüm təşəbbüsdür. İndiyədək 6 şəhər, o cümlədən Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri “Turizm paytaxtları” seçilib. Çox zəngin mədəni irs və təbiətimizin gözəllikləri ideyalarının təbliği məqsədilə turizm sahəsinin seçilməsi müntəzəm yanaşma olacaq.

Cənab İlham Əliyev iqtisadi uğurlarımızın təhlili fonunda bu mühüm məqamı da qeyd etdi ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir. O da bildirildi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirildi ki, hazırda Ağalı kəndində 175 ailədən ibarət 871 sakin yaşayır. Böyük Qayıdış dövlət proqramına görə 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 3 şəhər, 5 qəsəbə, 24 kənd tikiləcək. Zəngilan nəqliyyat qovşağı olacaq. Bundan başqa, İranla ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün Ağbənddə yeni yolun təməli qoyuldu. Bununla Zəngilanın bölgənin böyük logistik mərkəzə çevrilmə potensialı var.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev çıxışında bildirdi ki, Azərbaycan qlobal logistika və nəqliyyat sahəsində əsas oyunçulardan biridir. Onun sözlərinə görə, Azərbaycan Avropa ilə Asiyanı birləşdirir və iqtisadi artım üçün imkan yaradır. Nəqliyyat məsələləri türk dövlətləri üçün prioritet məsələlərdəndir. Bu, sənədlərdə də öz əksini tapıb. Baş katib onu da əlavə etdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi və çətinliklərin aradan qaldırılmasıdır.

Onu da qeyd edək ki, sözügedən konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının Nəqliyyat Nazirlərinin 7-ci iclası keçirildi. Bu mühüm hadisə türk dövlətləri arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini və qarşılarında yeni imkanların yarandığını təsdiqləyir.

Göründüyü kimi, Azərbaycan bütün sahələrdə uğurlu inkişafı ilə həyata keçirilən siyasətin düşünülmüş və gələcəyə hesablanmış olduğunu bir daha təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, işğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi nəqliyyat-logistika sahəsində yeni reallıqlar yaratdı. Təbii ki, söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.

Yeganə Əliyeva, “İki sahil”