18 noyabr 2023 01:15
395

Ermənistan sülhə hazırlaşır, yoxsa…

ABŞ və bir sıra Qərb dövlətləri Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibə­sində ərazi bütövlüyünü, bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində  isə bütün ölkə üzərində suverenliyini bərqərar etməsini, Cənubi Qafqazda söz sahibi olmasını, azadlığa qovuşan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərini aparmasını heç cür həzm edə bilmirlər. Elə bu səbəbdən ölkəmizin əleyhinə  böhtanlarla dolu siyasi bəyanatlar səsləndirməklə yanaşı, təcavüzkar Ermənistanı silahlandırırlar. Bu yaxınlarda, daha doğrusu, noyabrın 12-də guya Azərbaycanın Qərbi Zəngəzuru ələ keçirməyə çalışmasını əsas tutan və Ermənistanın təhlükəsizliyinin, müdafiə qabiliyyətinin artırılmasını ölkəsinin strateji xəttinin bir hissəsi adlandıran Fransa Hayastana 20-dən çox “Bastion” markalı çoxməqsədli zirehli maşınlar, həmçinin həmin qurğular üçün  avadanlıqlar göndərib.

Cənubi Qafqazdan min kilometrlərlə uzaqda yerləşən Hindistan da Fransadan geri qalmır. Ermənistan mətbuatının məlumatına görə, bu yaxınlarda rəsmi Nyu Dehli İrəvana 30 və 40 mm çaplı 150 min qumbara göndərəcək. Təchizatı “Munitions India Limited” (MIL) şirkəti həyata keçirəcək. İki ay əvvəl bu şirkət Ermənistana 5 milyon ədəd 7,62 mm-lik sursat tədarük etmişdi. Qeyd etmək yerinə düşər ki, iki ölkə arasındakı dəyəri milyonlarla dollar təşkil edən müqaviləyə əsasən, Hindistan son vaxtlar Ermənistana öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Svati” adlanan radarlar, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərib. Halbuki, Hindistan mötəbər tribunalardan beynəlxalq hüquqdan danışır, Cənu­bi Qafqazda isə açıq-aşkar hərbi münaqişə­nin qızışdırılması siyasətini dəstəkləyir.

Bir tərəfdən də Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Hətta o bildirib ki,  indiki şəraitdə  Ermənistana kömək etmək üçün Hindistandan yaxşı ölkə ola bilməz. Qoşulma­ma Hərəkatının üzvü  olan Hindistanın Azərbaycan torpaq­larını 30 ildən çox işğal altında saxlayan Ermənistanı dəstəkləməsi, ona silah-sur­sat satması ölkəmizdə haqlı etiraz doğurur. Dövlətimizin rəsmi şəxsləri bu istiqamət­də etirazlarını vaxtaşırı Hindistan rəsmilərinə çat­dırırlar. Amma hələ ki, bir nəticə hasil olmur.

Bütün bunlar azmış kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 14-də yerli İctimai Televiziyanın efirində söyləyib ki, Ermənistan gələcəkdə Fransa, Hindistan və digər ölkələrdən silah almaq imkanını nəzərdən keçirir. Ermənistanın baş naziri Nikol Paşinyan isə noyabrın 16-da dövlət büdcəsinin müzakirələri zamanı həmin məsələyə ermənisayağı don geyindirərək deyib ki,  bu, müharibəyə deyil, sülhə hazırlıqdır: "Qonşu ölkələr bilirlər ki, Ermənistan heç kimə hücum etmək istəmir". Şübhəsiz, sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın çağırışlarına adekvat cavab verməyən, bu məsələdə gah nala, gah mıxa vuran Ermənistan baş nazirinin belə bir açıqlaması olduqca gülünc səslənir və onun sülh haqqında moizələri manipulyasiya xarakteri daşıyır.

Göründüyü kimi, Qərbin diktəsi ilə hərəkət edən Hayastan silahlanmanı davam etdirməkdə israrlıdır. Bununla da ordusunu sürətlə silah-sursatla təchiz etməklə militarizm niyyətini gizlətmir. Bu isə  Ermənistanın şüurlu şəkildə revanşizmə köklənməsindən xəbər verir.

Həmin silahların Ermənistan üçün nə qədər uğurlu olub-olmayacağına gəldikdə isə, hərbi ekspert Karen Vrtanesyan bildirib ki, həmin silahların bəziləri heç hərbi sərgidə belə nümayiş etdirilməyib: “Hindistandan bir neçə silah, Fransadan bir neçə zirehli texnika, başqa bir şey alsanız, sual yaranır: bütün bunlar birlikdə necə ahəngdar işləyəcək?” Digər hərbi ekspert Hayk Nahapetyan  isə rişxəndlə bildirib ki, Fransa zirehli transportyorları yalnız hazırkı hakimiyyətin tanınmış simalarını İrəvanda daşımaq üçün yararlıdır. Ermənistanda Hindistandan göndərilən silahlar barədə də belə fikirlər səsləndirirlər.

Bəli, Ermənistan 30 il ərzində silahlanmaqla Azərbaycanın qarşısında cəmi 44 gün davam gətirə bildi, son 3 ildə müxtəlif ölkələrdən daşınan silahlar da onun işinə yarımadı. Təcavüzkar ölkənin bütün bunlardan nəticə çıxarmaması isə ona  yaxşı heç nə  vəd etmir. Kim bilir, bəlkə də Ermənistan bunun fərqindədir. Görünür, bütün bunlar hərbi sahədə "dayaq"lar tapan Ermənistana sülh danışıqlarında tələblər irəli sürmək və prosesi uzatmaq üçün lazımdır. Amma təcavüzkar ölkə hələ də anlamır ki, Azərbaycan bu gün diktə edən, qalib tərəfdir və sülhün bərqərar olması üçün bütün humanist addımları atır.

Qvami Məhəbbətoğlu, “İki sahil”