17 noyabr 2023 23:31
271

İşğalçı ölkə iki fövqəlgücün hərbi poliqonuna çevrilməkdədir

Hələ də Azərbaycana qarşı məkrli siyasətlərinə sadiq qalan Fransa və ABŞ-ın Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına maneçiliyi davam edir. Hazırda onlavrın bütün fəaliyyəti Ermənistanla Azərbaycan arasında hərbi-siyasi qarşıdurmanı dərinləşdirməyə yönəlib. Təbii ki, bu islamofobiya ölkələri sözügedən prosesdən tamamilə kənarlaşdırılmayınca bölgədə sabitliyə ümid bəsləmək mümkün deyil. Xüsusilə son zamanlar Fransa Ermənistanı ən müasir silahlarla təchiz etməyə başlayıb. Məqsəd ordusu darmadağın olmuş Hayastanı revanşist addımlar atmağa sövq etməkdir.

Hətta iş o yerə çatıb ki, Rusiya mediası belə, Fransanın Cənubi Qafqazda aktivləşməsinin arxasında təhlükəli məqamların gizləndiyini bildirir. Rusiyalı siyasi şərhçilər iddia edirlər ki, Fransanın Afrikada keçmiş koloniyalarından biabırcasına qovulması və əvəzində oarada Rusiyanın möhkəmlənmək istəməsi Makronu özündən çıxaran mühüm səbəblərdən biridir. Ona görə də Fransa da Ermənisanda möhkəmlənməklə Rusiyadan əvəz çıxmağa çalışır.

Bundan başqa, ABŞ da Ermənistana siyasi dəstəyini artırmaqla Rusiyanın buradakı mövqeyinin laxlatmağa, həmçinin Azərbaycanın bölgədəki nüfuzuna və uğurlarına mane olmağa çalışır. Belə ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın noyabrın 15-də ABŞ konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində keçirilən dinləmələrdə ölkəmiz haqqında birtərəfli və qərəzli fikirlər səsləndirib. Bu isə onların ermənipərəstliyinin yeni dalğası deməkdir. Həmçinin ABŞ Konqresinin yuxarı palatası ölkəmizə yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Qeyd edək ki, « Azadlığı Müdafiə Aktı»na edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır. Məhz bütün bunlara görə də ölkəmiz noyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçirilməsi gözlənilən görüşündən imtina edib.

Bəli, ABŞ-ın yeni qərəzli münasibəti artıq bəllidir - Cənubi Qafqazı növbəti gərginlik ocağına çevirmək. Görünür, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistan qədər də Ağ evi əndişələndirib. Bütün bunlar bir daha göstərir ki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan ABŞ bu günədək ölkəmizə münasibətdə heç də səmimi olmayıb.

Əslində, ABŞ-ın ermənipərəstliyinin yenidən alovlanması hayları növbəti təhlükəli mərhələyə sürükləyir. Belə ki, ABŞ bu hərəkətləri ilə sanki Ermənistanı Rusiyanın caynağına itələyir. İndi bir çox siyasi şərhçilər birmənalı olaraq iddia edirlər ki, Ermənistan Rusiya üçün növbəti Ukrayna və Suriya ola bilər. Ruslar hesab edirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 23 noyabrda Minskdə keçiriləcək iclasında iştirakdan imtina etməsi artıq Rusiyanın «qırmızı xətti»ni keçmək deməkdir. Bu, həm də Nikolun Rusiyanın Ermənistandakı hərbi bazalarının çıxarılması tələbi deməkdir. Ona görə də Cənubi Qafqaz, xüsusilə də Ermənistan artıq iki fövqəlgücün hərbi-siyasi poliqonuna çevrilmək üzrədir.

Kremldə yaxşı anlayırlar ki, hazırda Ermənistan üzərindən Rusiyaya qarşı təxribatlar yaradan əsas fiqurlar ABŞ-la Fransadır. İrəvanın Avropaya və ABŞ-a ciddi şəkildə meyillənərək Rusiyaya buynuz göstərməsi İranda da narahatlıqla qarşılanır. Çünki ABŞ İranın ənənvi düşmənidir. Bu ölkənin Ermənistanda möhkəmlənməsi həm də İran sərhədlərinin ABŞ silahlarına daha yaxın hədəf olması deməkdir.

Eyni zamanda, İranla Rusiya bir çox məsələlərdə ortaq geosiyasi maraqlara malikdirlər. Rusiyanın Ermənistandan çıxaılraq ABŞ-la əvəzlənməsi İran üçün açıq təhdiddir. Bu səbəblərdən də İran da artıq Ermənistanla münasibətlərində redaktələr etməyə məcburdur. Bir sözlə, bölgədəki və olduqca təhlükəli hərbi-siyasi mənzərə belədir ki, Ermənistan böyük güclərin qarşıdurmaları altında əzilməyə çox yaxındır.

Elçin Zaman, «İki sahil»