18 noyabr 2023 01:57
325

UNESCO-nun erməni sifəti

Vəzifəsi millətlərin və xalqların milli dəyərlərini qorumaqdan ibarət olmalı olan bu beynəlxalq təşkilatın ayrı-seçkilik və qərəzli fəaliyyət yolunu tutması təəssüf hissi  doğurur. İşğalçı Ermənistana Azərbaycanın milli-mədəni, tarixi abidələrini dağıdıb talaması və ya məhv etməsi üçün uzun illər heç bir təsir göstərməməsi bizdə UNESCO-ya qarşı antipatiya formalaşdırır. İndiki sivil dünyada işğalçının cinayətlərinə mane olmayan, heç olmazsa pisləməyən bir təşkilat ona şərik kimi qiymətləndirilməlidir. Əgər saysız-hesabsız cinayətlərə bircə dəfə də olsun etiraz etmirsə onun adı elə dediyimiz kimidir. Görün onlar kimin mənafeyini müdafiə ediblər?

Erməni vandallar işğal olunmuş ərazilərdə iyirmi səkkiz il müddətində 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbini qarət edən ermənilər 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksionu talan edərək Ermənistana aparıblar.

Keçmiş SSRİ-də yeganə Ağdamda olan Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza ağır zərbələr endirilib. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, mədəniyyət evi dağıdılıb.

Şuşa Şəhər Tarixi Muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin 300-dən çox əşyası talan olunub. Azərbaycan vokal sənətinin əsasını qoymuş Bülbülün, görkəmli şair, musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin fondları erməni təcavüzkarları tərəfindən qarət edilib. O cümlədən görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları oğurlanıb. Bütün bunara UNESCO sadəcə olaraq susub...

UNESCO-nun Azərbaycanla bağlı qərarları və mövqeyi həmişə erməni lobbisinin təzyiqinə məruz qalıb. Məsələn, 2019-cu ildə UNESCO-nun İcraiyyə Şurasının 207-ci sessiyasında erməni tərəfinin Qarabağda yaradılmış saxta "Dağlıq Qarabağ respublikası"nın mədəni irsinin qorunması ilə bağlı məqalənin qəbul edilməsinə cəhd göstərilib. Bu məqalə Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqa zidd idi. Azərbaycanın səfirliyi və digər dost ölkələrin müdaxiləsi ilə bu məqalənin çap olunmasının qarşısını alınıb.

Erməni lobbisi UNESCO-nun mədəniyyət mərkəzləri vasitəsilə də Azərbaycanın tarixi və mədəni irsinə qarşı dezinformasiya yaymağa çalışır. Məsələn, 2020-ci ildə Fransanın Strasburq şəhərindəki UNESCO-nun Mədəniyyət Mərkəzində "Ermənistanın mədəni irsi" adlı sərgi açılıb. Bu sərgidə Azərbaycanın işğal altındakı ərazilərindən oğurlanmış mədəni əşyalar və Azərbaycanın mədəni irsinə aid olan abidələr erməni mədəni irsi kimi təqdim edilib.

Erməni lobbisi UNESCO-nun Azərbaycanın mədəni irsinə qarşı qoruma və monitorinq funksiyalarını yerinə yetirməsinə mane olur. Ermənistanın işğalı altında olan ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizm və talan faktlarını UNESCO-nun nəzarətinə çatdırmaq üçün Azərbaycan tərəfindən bir neçə dəfə təkliflər verilib. Lakin erməni lobbisinin təsiri ilə UNESCO-nun bu ərazilərə missiya göndərməsi gecikdirilib və ya ləğv edilib.

Bizim dünyaca məşhur xalq və bəstəkar mahnılarımız, musiqi alətlərimiz var ki, ermənilər onları oğurlayıb öz adlarına çıxırlar. Təzyiq görməyən həyasız ermənilər isə bizim milli musiqi alətlərimizi istehsal edərək xarici ölkələrdə satırlar. Tutəyimizin Yaponiyada "duduk" adı altında satışı buna misaldır. Bu sırada xalı-xalçalarımız, milli yeməklərimiz də var. Ancaq adını çəkdiyimiz beynəlxalq mədəniyyət təşkilatı özünü görməzliyə vurur, heç bir reaksiya vermir, sanki orada fil qulağında yatıblar.

Vəli İlyasov, “İki sahil”