18 noyabr 2023 02:16
359

Qərbə ciddi mesaj: Yetər artıq!

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycanla bağlı qərəzli, əsassız sayıqlamalarına tərs siyasi sillə

Özünü dünyaya guya «beynəlxalq siyasətin dəmir qanunu» kimi qəbul etməyə çalışan, demokratiyanın qoruyucusu sayan, insan hüquqlarının müdafiəsi pərdəsi altında «ipə-sapa yatmayan», iradəsinə tabe olmayan olmaq istəməyən ölkələrə « demokratiya dəyənəyi» ilə dərs verən Amerika Birləşmiş Ştatlarının illərdən bəri xüsusilə Şərqdə, müsəlman ölkələrində həyata keçirdikləri «təcrübələr» nəticəsində düzəni pozulan dünyanın üzləşdiyi vəziyyət getdikcə daha da tündləşir. Birləşmiş Ştatların səmum yeli kimi tez-tez dəyişən «siyasi küləyi»nin burulğanı ilə üzləşən ölkələrdən biri də iqtisadi inkişafı, müəllifi olduğu enerji, nəqliyyat layihələrini reallaşdırmaqla dünyada mövqeyi möhkəmlənən, diplomatik səyləri dəstəklənən, humanizmə sadiqliyi ilə maraq doğuran Cənubi Qafqazın lider dövləti Azərbaycandır. İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdıran ölkəmizə qarşı qısqancqlığını qərəzli yanaşmaları ilə bildirən, Ermənistanın havadarı, işğalçı ölkəni silahlandıran, təxribatlara şirnikləndirən, sülh müqaviləsini imzalamaqdan çəkindirən Fransa kimi, ABŞ administrasiyası da bölgədə sabitliyin yaranmasına hər vasitə ilə mane olur. Artıq tarixin zibilxanasında çürüyən «Dağlıq Qarabağ münaqişəsi»nin mövcud olduğu müddətdə saparatçı rejimə maliyyə dəstəyini ildən-ilə artıran, münaqişənin «sülh yolu ilə həlli üçün» yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ bu sahədəki missiyasını da ermənisayaq «yerinə yetirmişdir.» Bundan əlavə, separatçı rejimi dəstəkləyən, nümayəndələrinin bu ölkəyə səyahətlərini, rəsmi görüşlərini təşkil edən ABŞ yeganə dövlət olmaqla, hadisələrə ikili standartlarla yanaşmada da öndə gedənlərin sırasındadır.

Buna görə də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanla bağlı səsləndirdiyi birtərəfli və qərəzli fikirlərə nə təəccübləndik, nə də təəssüfləndik. Çünki əqrəbsayaq sancmaq huyunu tərgitməyən, ermənilərin dostu, siyasi korluğa, karlığa məhkum Fransa, Almaniya kimi, ABŞ da ağ rəngi görməyib qaranı seçməkdə mahirdirlər. ABŞ-ın Azərbaycana qarşı qərəzli münasibətini təsdiqləyən faktlar yetərincədir.

Erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan «Azadlığı Müdafiə Aktı»na 907-ci düzəlişi xatırlayaq.
 Ötən müddətdə hər il üçün tətbiqi dayandırılan bu düzəliş ilk dəfə 1992-ci ildə, guya Azərbaycan tərəfindən Dağlıq Qarabağın «işğalının» və Ermənistana qarşı blokadanın dayandırılması məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmiş, daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Sonradan bu düzəliş ABŞ-ın siyasi dairələrinə yaxın Ermənistanın lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdir. O zaman ABŞ-ın vitse-prezidenti olan Birləşmiş Ştatların hazırkı Prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və onun ləğv edilməsinə qarşı çıxış etmişdir. 2001-ci ilin 11 sentyabrında ABŞ-da törədilən terror aktlarından sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal iştirakını, dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir. Sözügedən Aktın tətbiqi indiyədək dondurulsa da, tam ləğv edilməməsi əslində işğala məruz qalan Azərbaycana qarşı ədalətsiz yanaşma və təhdid sayılır. «Demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik» çağırışları, antidemokratik bəyanatları ilə istədikləri dövlət haqqında fikir formalaşdırmağa çalışanlar əslində separatizmi dəstəkləməklə, istədikləri ölkələrdə daxili gərginliyi artırır, milli münaqişələr üçün münbit şərait yaradırlar.
 ABŞ-ın ölkəmizə qarşı antidemokratik, qərəzli yanaşmasına daha bir nümunə Birləşmiş Ştatlarda keçirilən demokratiya sammitləridir. 2021-ci il dekabrın 9-10-da keçirilən «Birinci Demokratiya Sammiti» məramına uyğun təşkil edilməmişdi. İnsanlığa münasibətdə qəddarlığı ilə seçilən, Azərbaycan xalqına qarşı soyqırımlar törədən, yüzminlərlə soydaşımızı qətlə yetirən «demokratik» Ermənistanın iştirak etdiyi Sammit haqqında başqa açıqlamaya ehtiyac yoxdur. Azərbaycan, Türkiyə, Macarıstan və Çin kimi ölkələrin dəvət edilmədiyi Sammitin təşkilində məqsəd demokratiyanın təbliği deyil, ABŞ-ın özünü dünyada guya insan hüquqlarının , himayədarı, «demokratiya mayakı» kimi tanıtması idi. Halbuki, özlərini söz azadlığının, ədalətli seçki sisteminin, korrupsiya və insan hüquqlarına qarşı mübarizənin avanqardları kimi təqdim etmək istəyən Qərbdə çiçəklənən korrupsiya ilə bağlı çoxlu faktlar var. «Demokratiya seçimi»ndən kənarda qalan Azərbaycanla Türkiyə kimi digər qüdrətli dövlətlər də Sammiti hegemonluq missiyasının dünyaya bəyan edilməsi kimi qiymətləndirdilər. Xatırladaq ki, «Demokratiya Sammiti»nə dəvət olunan 110 ölkənin üçdə biri «Freedom House» təşkilatı tərəfindən müəyyən edilmiş demokratik meyarlarda zəif nəticə göstərən ölkələr olub.
2023-cü il martın 30-da ABŞ-ın təşkilatçılığı ilə keçirilən «İkinci Demokratiya Sammiti» əvvəlkindən heç də fərqlənməyib. Adı demokratiya olan bu Sammit də Qərbin özünəməxsus oyunları əsasında təşkil edilib. Ölkəsində insan hüquq və azadlıqları pozulan, humanizm prinsiplərindən əsər-əlamət olmayan Ermənistanın demokratik ölkə hesab edilərək Sammitə dəvət edilməsi demokratiya adına təhqirdir.

ABŞ Dövlət Departamentinin dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatında da anti-Azərbaycan ruhu diqqəti cəlb etdi.
 Adı çəkilən hesabat, Azərbaycan ilə bağlı yalanlar «Ümumerməni Xeyriyyə İttifaqı», «Aragats Fondu» kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən ABŞ-ın Kornel Universiteti tərəfindən hazırlanmışdı.

Reallıqları qısaca əks etdirən bu faktların fonunda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın sayıqlamaları başadüşüləndir. Ölkəmizə bu cür qərəzli yanaşmaya münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd olunduğu kimi, Azərbaycanla bağlı deyilənlər səmərəsiz, əsassız və qəbuledilməzdir: «Dinləmələri və səsləndirilən çıxışları Azərbaycan ilə ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır.»

Sentyabrın 19-20-də Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən, tarixdən, Cənubi Qafqazda son 30 ildə baş verənlərdən xəbərsiz Dövlət Departamentinin rəsmisi yalanları ilə siyasi savadsızlığını bəyan etmişdir. XİN-in açıqlamasında qeyd olunduğu kimi, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə yerləşən, azərbaycanlılara qarşı dəhşətli cinayətlər, terrorlar törədən erməni faşistlərinin, silahlı qüvvələrinin 10 mindən çox üzvünün qanunsuz mövcudluğunu «unudan» O’Brayna bəzi xatırlamalar. Özlərinə məxsus bütün əşyalarını götürərək sərbəst, könüllü olaraq Xankəndini tərk edən ermənilərin taleyinə acıyan mister Ceyms nədənsə 1992-ci ildə erməni faşistlərinin törətdikləri Xocalı dəhşətlərindən söz açmır. Erməni vəhşilərinin bir gündə qətlə yetirdikləri 613 azərbaycanlının qətlini, başlarının dərisi soyulan ahılları, körpələri, meşələrdə soyuqdan donanları soyqırım kimi qəbul etmir. Ermənistanın işğalından azad edilmiş ərazilərdə aşkarlanan, erməni cəlladlarının vəhşicəsinə qətlə yetirdikləri soydaşlarımızın basdırıldıqları kütləvi məzarlıqları təbii qəbul edir.

Birləşmiş Ştatların rəsmisi kimi mister Ceymis bilməli idi və çox güman bilir ki, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına daha çox cəhd göstərir. Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edən Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək havadarlarının sifarişinə uyğun olaraq prosesi ləngidən Ermənistanı günahlandırmalı olan Dövlət Departamentinin rəsmisinin diqqətinə Azərbaycan XİN-in açıqlmasındakı bu sözləri çatdıraq: «Baza prinsiplər, habelə sülh sazişinin imzalanması, o cümlədən sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiya xətlərinin açılması əsasında sülh prosesini başladan tərəfin Azərbaycan olmasına baxmayaraq, Dövlət katibinin köməkçisi son 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını və maneə törədildiyini vurğulamaqdan çəkinib. Ermənistandan fərqli olaraq, Azərbaycan ötən il oktyabrın 6-da Praqada keçirilən görüş zamanı da bir daha təsdiqləndiyi kimi, hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edib.»

Bütün dünya ictimaiyyəti də bilir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da sülh prosesinə sadiq olub. ABŞ isə təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Hayastana dəstək olan bu cür əsassız ittihamlar, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar verməyə sövq edib. XİN-in «qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda Azərbaycan da regionun təhlükəsizliyi üçün «3+2» formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir» sözlərinin yer aldığı açıqlamasında mövcud vəziyyət şərh olunub. Görünür, Zəngəzur dəhlizinə nəzarət Birləşmiş Ştatları da qıcıqlandırır. ABŞ-ın məqsədi dəhlizin onun planı əsasında bərpa olunmasıdır. Amma Zəngəzur dəhlizinin tərəfdaşları arasında regiondan uzaqda yerləşən dövlətlərin adlarının çəkilməməsi o deməkdir ki, Cənubi Qafqazda «erməni xislətli dostlara» yer yoxdur və bu regiona kənar müdaxilələr yersizdir.

Amma ABŞ rəsmiləri unutmamalıdırlar ki, Birləşmiş Ştatlar üçün gərəkli olan vacib məqamlarda Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla okeanın o tayına yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk və Kabili tərk edən sonuncu tərəfdaş ölkə Azərbaycan idi. Belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib. Amma unudulmamalıdır ki, tarix təkrarlana bilər.

Departament rəsmisinin «Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb”» ifadəsi 30 ilə yaxın təcavüzün və gücdən istifadənin qurbanı olan ölkəmizə qarşı ən böyük ədalətsizlikdir. ABŞ rəsmiləri aydın başa düşməlidirlər ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququnu təmin edib. Vaşinqtonun «Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və «ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməz» bəyanatına da XİN-nin açıqlamasında aydınlıq gətirilib. Bildirilib ki, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacağı «Bu şərtlər altında 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi vurğulamaq vacibdir» sözləri ilə diqqətə çatdırılıb. Beynəlxalq hüququn norma və prinsiplərinə xarici siyasətinin prioriteti kimi diqqət yetirən Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.

Belə ki, qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin dəstəyinə arxalanaraq demokratik ölkə imicinə zərbə vuran ABŞ-ın, Avropanın beynəlxalq təşkilatlarının qərəzli erməni sevgisi hamıdan çox buxovsuz yaşaya bilməyən, protektoratlığa alışmış, dünyada «qulpsuz çamadan» kimi tanınan Ermənistana zərbə vuracaq.

Bu ilin sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri və onun nəticələri ilə bağlı Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyevin Cənub Qafqazın gələcəyi ilə bağlı sözlərini də ABŞ Dövlət Departamentində unutmasınlar: «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»

Xuraman İsmayılqızı, «İki sahil»