17 noyabr 2023 14:06
279

Regionun logistika mərkəzi

“Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı uğurlarını şərtləndirən əsas amillər sırasındadır. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı dövlətimizin siyasətində əhəmiyyətli rol oynayır. Ulu Öndərin ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə “Əsrin müqaviləsi” kimi tarixə yazılan neft sazişinin imzalanmasına nail olması bugünümüzə və gələcəyimizə xidmət edən mühüm addımlarındandır. Azərbaycan çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi_Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrildi. İllər keçdikcə əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır, dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsü kimi mövqeyini möhkəmləndirir. Artıq 2020-ci ilin sonunda çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin icrası tam tərkibdə başa çatdı. Azərbaycan malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpa olunan enerji istehsalının artırılmasına mühüm töhfələr verir. Ölkəmiz alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Enerji keçidində “Cənub Qaz Dəhlizi” layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilib. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcək. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır”, “Neft kapitalını insan kapitalına çevirək!” tezisləri artıq reallıqda öz əksini tapıb: “Ölkəmizin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında da öz sözünü deyir. Bu gün Azərbaycan neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı ilə də dünyanın diqqətindədir. Bu sahəyə yatırılan investisiyaların həcmi artır. Bu günlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı hər bir ölkənin iqtisadi imkanlarının və gələcəklə bağlı hədəflərinin təqdimatı oldu. Belə ki, həm iştirakçı ölkələrin dövlət başçıları, həm  də Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqtisadi uğurlarından, dünya iqtisadi sisteminə inteqrasiyasından, hazırkı dövrün əsas çağırışlarından olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasından geniş bəhs etdilər. Dövlət başçısı İlham Əliyev bu mühüm məqama diqqəti yönəltməklə Azərbaycanın investisiya cəlbediciliyini yüksək səviyyədə qoruduğunu diqqətə çatdırdı. Bildirdi ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.”

Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyev çıxışında, həmçinin Azərbaycanın enerji və nəqliyyat imkanlarından danışaraq bu mühüm çağırışı etmişdir ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.

Nurlan Həsənov diqqəti bu mühüm məqama da  yönədib ki, son üç ildə işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun yaradılması, müasir dövrün çağırışlarına uyğun olaraq yenidən bərpası da Azərbaycanın  nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyir: “Bu gün tarixi sahibinə qovuşan torpaqlarımızda beynəlxalq status qazanmış hava limanlarının tikintisi bunu deməyə əsas verir. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının tikintisi isə 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində başa çatacaq. Bu, mühüm addım həmin ərazilərin strateji mövqeyinin təqdimatında da öz sözünü deyir. Bu ərazilərimiz tezliklə böyük turizm məkanı kimi diqqətdə olacaq. Beynəlxalq Hava limanları bu ərazilərimizə turist axınını daha da sürətləndirəcək, onların rahat gediş-gəlişini təmin edəcək. Qürurvericidir ki, artıq paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilirlər.”

Millət vəkili buna bariz nümunə olaraq Zəngilan şəhərində keçirilən və iki gün davam edən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransı qeyd edib. Bildirib ki, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının Nəqliyyat Nazirlərinin 7-ci iclası da  keçirildi. Bu mühüm addım türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurlu inkişafının təqdimatıdır.