17 noyabr 2023 00:36
252

Bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik

Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə səfərlərinin hər birində, Zirvə görüşlərində bu çağırışı edir

“Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.” Dövlət başçısı İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə bu çağırışı etdi. Cənab İlham Əliyev hər zaman türk birliyinin, həmrəyliyinin vacibliyini bildirib. “Biz birlikdə güclüyük!” çağırışı da bunun təsdiqidir.

Reallıq budur ki. tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə yol açdı. Bölgədə. dünya siyasətində dəyişikliklər baş verdi. Ölkəmizin yaratdığı reallıqlar istər türk dünyasına, istərsə də ümumilikdə bütün dünyaya birlik çağırışı oldu. Ədalətin, beynəlxalq hüququn müdafiəsi, dövlətlərarası münasibətlərdə etimad mühitinin qorunması hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas yaradır.

Azərbaycanın türk dünyasının birliyiniə töhfələri davamlılığı ilə diqqət çəkməklə yanaşı, keçirilən tədbirlərdə yüksək dəyərləndirilir. Cənab İlham Əliyev Astana Zirvə görüşündəki çıxışında bu statistik rəqəmi açıqlamaqla ölkələr arasında münasibətlərin inkişafında, yeni prioritetlər üzrə əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin rolunu təsdiqləyir.  Dövlət başçısı bildirdi ki, son iki ildə  Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər edib.  Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyulması münasibətlərimizin inkişafına işıq saldı.  Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına yatırılan  sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesinin  başlanması da birliyin, həmrəyliyin təqdimatları sırasındadır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.  Bu rəqəm də açıqlanmışdır ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb.  Münasibətlərin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Cənab İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir çağırışı da etmişdir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Bu günlərdə dövlət başçısı İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün dost  Özbəkistana  səfəri də bu kimi məqamlara işıq saldı. Azərbaycan və Özbəkistan prezidentlərinin görüşündə dövrün çağırışlarına uyğun olaraq qarşıda dayanan məsələlər müzakirə edildi. “Güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan xalqının, Azərbaycanın dostlarının, o cümlədən özbək xalqının, Özbəkistanın və Özbəkistan rəhbərliyinin də uzun illər gözlədiyi uğurlara nail olacaq. Ümidvarıq ki, Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz” söyləyən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki,  Şuşada və Füzulidə həyata keçirilən bütün işləri öz gözləri ilə görmüş insanam.  Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik.

Şavkat Mirziyoyev  əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin rolunu vurğulayaraq qeyd etdi ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurları Özbəkistanda böyük sevinc hissi doğurur. İkitərəfli əlaqələr qarşıdakı illərdə də inkişaf edəcək.

Dövlət başçısı İlham Əliyev Zəfər Günündə Şuşa və Füzulidə olduğunu önə çəkərək “Mən də dünən bu yerlərdə oldum və Füzuli şəhərinin yaxınlığından keçəndə Sizin bizə təqdim etdiyiniz qardaş hədiyyəsinə - Mirzə Uluqbəy adına məktəbə bir daha böyük məmnunluq və minnətdarlıqla baxdım. Zənnimcə, Füzuliyə gələn hər kəs, orada yaşayanların hamısı belə münasibətə görə Sizə minnətdardırlar. Bu, qardaş dövlətin ərazilərimizin bərpası prosesində aldığımız birinci hədiyyəsidir” fikirləri ilə iki dost ölkənin qardaşlıq əlaqələrinin bugünkü səviyyəsinə aydınlıq gətirdi.

Hər bir səfər, keçirilən görüş həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev həmin görüşdə də bu məqamlara bir daha diqqəti yönəltdi ki, bu gün Azərbaycanın ərazisində Azərbaycan Bayrağının dalğalanmadığı heç bir guşə yoxdur. Bu məsələyə şəxsi, eyni zamanda, özbək  xalqının münasibətini yuksək dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, Özbəkistan inkişaf edir, iqtisadi, sənaye potensialı güclənir və əlbəttə, beynəlxalq arenada nüfuzu artır: “Bütün bunlar Sizin sayənizdədir, çünki son illər qazanılan bütün nailiyyətlər məhz Sizin adınızla bağlıdır… Sizin seçkilərdən sonra ilk dövlət səfərinizi Azərbaycana etməyinizi biz hamımız çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, düşünülmüş addımdır, bizim qardaşlıq münasibətlərimizin nümayişidir.” Həyata keçirilən əməkdaşlıq gələcəkdə iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir.

Milli Məclisin  Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı sazişi ratifikasiya etməsi son günlərin mühüm hadisələri sırasındadır.  Parlament  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsini qəbul etdi. Bu sənəd iki qardaş ölkənin-Azərbaycan və Türkiyə Prezidentlərinin bu ilin sentyabr ayında  Naxçıvanda görüşü zamanı imzalanmışdır.

Qardaş ölkədə  bu ilin fevralında dəhşətli zəlzələ baş verdi. Azərbaycan ilk dəstəyini göstərən ölkə oldu. “Qardaş Türkiyə, sizinləyik” devizi altında başlanan  hunanitar yardım kampaniyasına qoşulanların sayı-hesabı yox idi. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə bütün anlarda biri-birinin yanında olub. Onu da qeyd edək ki,   bu ilin martında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi oldu.

Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalının, ümumilikdə türk dünyasının birliyinin şahidi olur. Bu birlik özünün aydın ifadəsini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də  tapır. Hələ tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirmişdir: «Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.» Tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsi imzalandı. 

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan bu günlərdə  İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısındakı çıxışı zamanı  Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsinin bölgədə davamlı sülhün təmin olunmasında xüsusi rol oynayacağını vurğulayaraq  bildirmişdir ki, Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə daha bir addım yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında  “ Ermənistan Qarabağ müharibəsində dərsini aldı və yerinə oturdu” söyləyərək, həmçinin Fransa hökumətinin dəyişkən siyasətini  tənqid edib, Parisi Ankara kimi sabit siyasi bəyanatlar verməyə çağırıb.

Bu mühüm məqamı  qeyd etməyimiz səbəbsiz deyil. 44 günlük İkinci Qarabağ müharibəsi bir həqiqət anı oldu. Tarixi Zəfərimizdən sonrakı dövr də kimin haqqın, ədalətin yanında, kiminsə isə regionda vəziyyətin gərginləşməsində maraqlı olduğunu təsdiqləyir. Hazırda türk dünyasının birliyin, həmrəyliyinə edilən çağırışlar diqqətdədir. Türk dövlətlərinin bir-birinə dəstəyi göz önündədir. Müharibə dövründə bu dəstək hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində, həmçinin regionda sülhün, təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasına səylərdə özünü göstərir.

Son illərdə türk dövlətləri arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi genişmiqyaslı işlərdən söhbət açaraq bildirir ki, Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən qardaşım İlham Əliyevin  bu sahədə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük. Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir.

Göründüyü kimi, Azərbaycan və Türkiyə hər zaman uğurları ilə diqqətdədirlər. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.  “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam da xüsusi qeyd edilir ki, bir türkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərilməlidir. Təbii ki, bu çağırış özlüyündə diaspor fəaliyyətinin genişləndirilməsini bir tələb kimi qarşıya qoyur. Çünki informasiya mübarizəsi bütün dövrlər üçün əsasdır.  

Yeganə Əliyeva, “İki sahil”