17 noyabr 2023 00:24
289

Cinayətkarlar hərbi xidmətə?

Otuz ildir əhalisinin sayı üç milyona çatmayan Ermənistanda demoqrafik böhran yaşanır

Sosial-iqtisadi problemləri xarici borcların hesabına aradan qaldırmağa çalışan Ermənistan hərbi xərclərini növbəti ildə iki dəfə artırmağı nəzərdə tutur. Baş nazir Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı bildirib ki, bu addım müharibəyə deyil, sülhə hazırlıqdır. Paşinyan Ermənistanın müharibəyə hazırlaşmadığına region dövlətlərini də, necə deyərlər, şahid göstərib: “Qonşu ölkələr bilir ki, Ermənistan heç kimə hücum etmək istəmir.”

Otuz il Azərbaycanın iyirmi faiz suveren torpağını işğal altında saxlamış, hələ də Azərbaycana və Türkiyəyə (hətta aktiv gündəm mövzusuna çevirməsələr də Gürcüstana) qarşı ərazi iddialarından əl çəkməmiş, üç ildir qeyri-konstruktiv mövqe nümayiş etdirməklə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olan Ermənistanın baş nazirinin bu gün hansı məntiqlə düşmənçilik apardığı qonşularını şahid göstərdiyi sual doğursa da, hərbi büdcəni artırmaq faktının özündə bir neçə maraqlı məqamlar var. Bəs görəsən, Ermənistanın cəhdləri Azərbaycan ilə müqayisədə balans yaratmağa imkan verə bilərmi? Ümumiyyətlə, düşmən ölkənin ordusunu inkişaf etdirmək imkanları hansı səviyyədədir?

Paşinyan bildirib ki, Ermənistanın 2024-cü il üçün dövlət büdcəsi layihəsində hərbi xərclər 555 mlrd dram, yəni təxminən 1,4 mlrd ABŞ dolları nəzərdə tutulub. Yeri gəlmişkən, bu rəqəm iqtisadiyyatı böhrandan çıxa bilməyən Ermənistan üçün böyük sayıla bilər, çünki ölkənin ümumi daxili məhsulunun 5,3 faizini təşkil edəcək. Ancaq hər bir halda Ermənistanın ordunu gücləndirmək üçün nəzərdə tutulan vəsaiti yenə də Azərbaycanın müdafiə xərclərindən təxminən üç dəfəyə yaxın az olacaq ki, bu da Paşinyanın, o cümlədən ermənipərəst Makron Fransasının və Hindistanın səylərinin diqqətçəkən balans fərqi yarada bilməyəcəyi deməkdir. Belə ki,  2023-cü ildə Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün 3 milyard 560 milyon ABŞ dollarından çox vəsait nəzərdə tutulub, rəqəmin yeni ildə daha da artacağı şübhə doğurmur. Bundan başqa, dünyanın ən nüfuzlu hərbi vebsaytlarından olan “Defence Industry Europe”nin yazdığına görə, Azərbaycan İsraildən təyyarə və raket kimi hava hücumu vasitələrindən qorunmaq üçün nəzərdə tutulmuş daha bir “Barak MX” Hava Hücumundan Müdafiə sistemi alacaq. Əgər bu alqı-satqı növbəti ildə baş tutarsa yalnız sözügedən HHM-in dəyəri təxminən Ermənistanın bir illik hərbi büdcəsinə yaxın məbləğ, yəni, 1,2 milyard dollar təşkil edir.

Qeyd edək ki, “Barak MX” modul tipli mobil HHM sistemidir, müxtəlif modifikasiyalı raketlərdən, eləcə də təyyarələr, helikopterlər və PUA kimi hava obyektlərindən qorunmağa qadirdir. Sistemə 35, 70 və 150 km-ə qədər mənzili olan üç növ tutucu raketlər daxildir. Həmçinin  “Barak MX” gəmi platformalarında da quraşdırıla bilər.

Ermənistanda ordu quruculuğunda ciddi problem yaradan daha bir vacib məqam demoqrafik vəziyyətlə bağlıdır. Belə ki, düşmən ölkədə əhalinin sayı ildən-ilə artmaq əvəzinə azalır və bu faktor özünü həqiqi hərbi xidmətə çağırışda da göstərir. Ermənistan parlamentinin deputatı Hayk Sarqsyan noyabrın 14-də jurnalistlərə açıqlamasında bildirib ki,

ölkədə son 9 ildə hərbi xidmətə çağırışçıların sayı 44 faiz azalıb.

Sarqsyanın sözlərinə görə, bu sahə hələ də tənzimlənmədiyindən xidmət etmək istəməyən vətəndaşlar xidmət etmir, ölkəni tərk edir, vətəndaşlıqdan çıxırlar. Nəticələr isə Ermənistan üçün acınacaqlıdır: “2010-cu ildə bizdə 44 mindən çox çağırışçı olub. Sonrakı 9 ildə bu rəqəm 44 faiz azalıb. Hərbi qulluqçuların sayı 44 mindən 24 minə enib.”

Vəziyyət o qədər “ermənicədir” ki, Hayk Sarqsyan 27 yaşına çatmış, ancaq məcburi hərbi xidmətdə olmayan vətəndaşların cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Yəni, düşmən ölkə ordunun şəxsi heyətini cinayətkarların hesabına artırmağa məcbur durumdadır.

Ermənistanda demoqrafik vəziyyətin necə olduğunu statistik rəqəmlər də göstərir. Belə ki, proqnozların əksinə olaraq ölkə əhalisinin sayı 30 ildir 3 milyona çatmır. Etnoqraf alim, tarix elmləri namizədi Artaşes Boyacanyan “Sputnik Armenia”ya müsahibəsində bildirib ki, hazırda Ermənistanda 5,5 milyon əhali olmalı idi, ancaq siyahıyaalmaya, hazırkı qeydiyyata əsasən, 2 milyon 900 min nəfər qalıb. Hətta rəsmi rəqəmlərdə belə göstərilsə də əslində əslində bundan da azdır.

Boyacanyanın sözlərinə görə, demoqrafik baxımdan Ermənistan qocalmış ölkədir, yaşı 65-dən yuxarı olanlar respublika əhalisinin 14,5 faizini, bəzi kənd yaşayış məntəqələrində isə 22 faizə qədərini təşkil edir. Üstəlik, müxtəlif millətlərdən olan başqa ölkələrin vətəndaşlarının Ermənistana köçürülməsi də ciddi problem olan demoqrafik mənzərənin dəyişməsinə gətirib çıxarır: “Şorayel bölgəsi də daxil olmaqla ölkənin müxtəlif vilayətlərinə İran, Çin və Hindistandan köçənlərin sayı ildən-ilə artır. Miqrasiya itkisi dönməz xarakter ala bilər.”

Demoqrafik problemlər Ermənistanda kadr çatışmazlığına da səbəb olmaqdadır. “Hraparak” nəşrinin yazdığına görə, Ermənistan hökumətində kadr böhranı yaranıb və vakant vəzifələrə aylar, hətta illərlə təyinat olmur. Məsələn, hərbi xidmətə qış çağırışının başlanmasından iki həftədən çox vaxt keçsə də Ermənistan Müdafiə Nazirliyinin çağırış xidmətinin rəisi vəzifəsi 3 aydan artıqdır boşdur: “2023-cü il avqustun sonunda Armen Avtandilyan bu vəzifədən azad edilib. O, azadlığa çıxdıqdan sonra hüquq-mühafizə orqanlarının hərbi komissarlıqlarda araşdırma apardığı, korrupsiya risklərinin yarandığı, çoxlu sayda hərbi qulluqçunun xidmətdən uzaqlaşdırıldığı və ya azad edildiyi barədə xəbərlər yayıldı”.

Qeyd edilir ki, hakimiyyət sözügedən sahəni “daha ​​güclü” tərkiblə əvəz etmək istəyir, ancaq faktiki olaraq işdən çıxarılanların yerinə hələ də “layiqli” kadr tapılmayıb.

Oxşar vəziyyət Penitensiar Xidmətin rəisi vəzifəsinə də aiddir. Sergey Atomyan 2023-cü il avqustun 5-də bu vəzifədən azad edildikdən sonra xidmət “başsız” qalıb.

Beləliklə, faktlar göstərir ki, Paşinyanın ordu quruculuğunda “inqilabi yeniliklər etmək” və bununla da Ermənistanın Azərbaycanla müqayisədə hərbi üstünlüyünü artırmaq arzusu ürəyində qalacaq. Hətta başda Fransa olmaqla ermənipərəst Qərbin cəhdlərinə baxmayaraq...

Mahir Rəsuloğlu, “İki sahil”