17 noyabr 2023 02:15
385

Ulu Öndərin iftixar hissi keçirdiyi gün

1999-cu ilin 18 noyabrında Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı 

1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" tarixi saziş imzalanışdır. Sözügedən  tədbirdə çıxış edən Ulu Öndər Heydər Əliyev demişdir: “Mən bu gün böyük iftixar hissi keçirirəm”. Şübhəsiz, həmin gün bütün Azərbaycan da qürurlu bir gün yaşadı. Çünki  məhz həmin gün “Əsrin müqaviləsi” adlı böyük neft müqaviləsinin imzalanmasından 5 il sonra həmin sənəddə  nəzərdə tutulmuş 1768 kilometr olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün  hüquqi baza reallaşdı.

Qeyd edək ki, bu, heç də asan iş deyildi. Belə ki,  bəzi ölkələr tərəfindən çox böyük maneələr  var idi. Amma Ümummilli Lider həmin çətinliklləri müdrik siyasi iradəsi ilə aradan qaldırdı. Şübhəsiz, bu məsələdə Türkiyə, Gürcüstan və Azərbaycan arasında olan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb etdi. Ulu Öndər Bakı-Tbilisi-Ceyhanın reallaşmasında ABŞ-ın da rolunu xüsusi vurğulayaraq demişdir: “Ancaq onu da bəyan edirəm ki, əgər bu məsələləri həyata keçirmək üçün Amerika Birləşmiş Ştatlarının dəstəyi olmasaydı, biz bunların heç birisini edə bilməzdik”.

2002-ci il sentyabrın 18-də Bakıda-Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə BTC  əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan BTC layihəsinin reallığa çevrilməsinə başlanıldı. 2005-ci ilin mayında Səngəçal terminalından Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulmuş Azərbaycan nefti mənzil başına bir il sonra - 2006-cı il mayın 28-də - Müstəqillik Günündə çatdı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan BTC əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Həmin gündən 2023-cü il sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 554 milyon ton (4,2 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5482 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Cari ilin ilk üç rübü ərzində isə BTC vasitəsilə ixrac olunmuş təqribən 23 mln. ton (təxminən 171 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 238 tankerə yüklənib və yola salınıb.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

BTC təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyan kəmərdir. Belə ki, bu enerji dəhlizi dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına, tranzit potensialının, həmçinin valyuta ehtiyatının artırılmasına təkan verdi, yeni layihələrin reallaşdırılmasına imkan yaratdı, ölkəmizə sərmayə axınını artırdı. Bir sözlə, iqtisadi siyasətimizin ən böyük uğurlarından sayılan və böyük siyasi məzmun kəsb edən BTC ölkəmizin dünya miqyasında mövqeyini gücləndirdi, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi, onu söz sahibi etdi. Bir sözlə, BTC-nin çəkilməsi ilə reallaşan və Ulu Öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır. Elə təcavüzkar Ermənistan üzərindəki  tarixi Zəfərimizdə də BTC-nin ölkəmizə qazandırdığı bu faktorlar  mühüm rol oynamışdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”