17 noyabr 2023 00:00
271

Milli Dirçəlişdən doğan Zəfər

Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter almışdı. Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxana meşəsində törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. Ermənistanda və Qarabağın dağlıq hissəsində Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. O zamankı SSRİ rəhbərliyi ermənilərlə əlbir olub Dağlıq Qarabağı işğal edərək, Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqın səbir kasasını daşırmışdı. Xalqımız imperiya buxovlarından və əsarət zəncirindən azad olmaq istəyirdi. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində, XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı və 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Yüz minlərlə insanın toplaşdığı bu meydanda səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Dekabrın 4-dək 18 gün aramsız davam edən aksiyalara 1 milyonadək insan toplaşmışdı. Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridildi. Mitinq dağıdıldı və fövqəladə vəziyyət elan edildi. Məhz mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırıldı və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirildi. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam etdi və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Bununla da milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atılmış oldu. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi.

1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə deyirdi: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır". Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlişi xalqa ümid oldu. Bütün sahələrdə inkişaf müşahidə olunmağa başladı, xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırır. Məhz dövlətimizin qətiyyəti, Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi qüdrəti, müasir ordu quruculuğu və Prezident-xalq birliyi İkinci Qarabağ müharibəsində Qələbəmizi təmin edən mühüm amillər oldu. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Bir daha sübut olundu ki, tarixi ədalətə, real faktlara əsaslanan siyasət qalib olur. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Ulu Öndərimizin müqəddəs vəsiyyəti yerinə yetirilərək bu gün Azərbaycan bayrağı qədim Şuşa və Xankəndi şəhərləri də daxil olmaqla Qarabağ torpaqlarında dalğalanır.

Sevinc Azadi, “İki sahil”