16 noyabr 2023 00:31
295

Fransanın sağalmaz xəstəliyi

Rəsmi Paris bütün səviyyələrdə Azərbaycana qarşı düşmən münasibətini davam etdirir

Tarixin müxtəlif dövrlərində erməniləri Qarabağda etnik separatizmə, vətəndaşı olduqları dövlətə qarşı çıxmağa, sonra isə silahlı münaqişəyə təhrik edən bəzi ölkələr və onların göstərişi ilə, necə deyərlər, oturub-duran siyasi dairələr bu gün də öz çirkin əməllərindən əl çəkmirlər. Belə ölkələrin başında regiondan min kilometrlərlə uzaqda yerləşən Fransa dayanır. Ermənilərin Qarabağda separatizmə başlamasına rəvac verən, onları buna səsləyən ilk hadisə məhz Fransada baş verib. Belə ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılaraq, Ermənistana verilməsi məsələsini Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, SSRİ Elmlər Akademiyasının akademiki Abel Aqanbekyan ilk dəfə 1987-ci il noyabrın 18-də Fransa Kommunist Partiyasının orqanı olan və erməni diasporuna xüsusi simpatiyası ilə seçilən “Humanite” qəzetinə müsahibəsi zamanı qaldırıb. Həmin müsahibə erməni millətçiləri üçün “start düyməsi” rolunu oynayıb. Müsahibənin dərc olunmasından heç üç ay keçməmiş – 1988-ci il fevralın 13-də Xankəndi şəhərinin mərkəzi meydanında İrəvandan gəlmiş millətçilərin iştirakı ilə Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi (“miatsum”) tələbi ilə ilk icazəsiz mitinq təşkil olunub.

İqamətgahı Fransa ərazisində (Strasburq şəhərində) yerləşən Avropa Parlamenti də daha çox rəsmi Parisin təsiri ilə ölkəmizə tez-tez “hücumlar” edir. Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonundan erməni əhalinin könüllü gedişi ilə bağlı oktyabrın 5-də ilk dəfə qərəzli qətnamə qəbul edən də Avropa Parlamenti oldu. Öz növbəsində Avroparlament də Avropanın bəzi ölkələrinin ali qanunverici orqanlarının birtərəfli və obyektivlikdən uzaq qətnamələr qəbul etməsi üçün bir növ oryentir rolunu oynadı. Onu da xatırlatmaq yerinə düşər ki, Avropa Parlamenti ilk dəfə hələ Sovet İttifaqının mövcud olduğu dövrdə – 1989-cu ildə Ermənistan–Azərbaycan münasibətləri barədə qətnamə qəbul etmişdi. Ötən müddətdə baş verən hadisələr, yeni qərəzli qətnamələrin siyasi dövriyyəyə buraxılması Avroparlamentin zərrə qədər də dəyişmədiyini göstərir. Ermənistan və ermənilər isə tarixən Fransa və onu kimi bir sıra dövlətlərin əlində alət olublar.

Fransa hazırda Ermənistanı silahlandırmaq işinə girişib. Təəssüf doğuran hal ondan ibarətdir ki, digər Qərb qurumları Ermənistana əlavə silahların verilməsi faktına göz yumur. Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri qəbul emək istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarını güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq. Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar regionda sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. Düzdür, Fransa hərbi texnikası elə də güclü parametrlərə malik deyil. Bunu Fransanın “Ouest-France” portalında “Fransa Ermənistana “Bastion” tipli maşınlar çatdırıb” sərlövhəli məqalədə yer alan fikirlər də təsdiq edir. Burada qeyd edilir ki, Ukrayna fransız hərbi texnikasının zəifliyini dilə gətirərək, “Arquus” şirkətinin istehsalı olan “Bastion” zirehli maşınlarından imtina edib. Fransa isə bu ziyandan qurtulmaq üçün həmin zirehli maşınları Ermənistana göndərib. Məqalədə bildirilir ki, “Arquus” şirkəti tərəfindən istehsal olunan “Bastion” tipli yüngül zirehli maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulurdu. Lakin Kiyev artilleriya atəşi və tank əleyhinə raketlərdən qorunmaq üçün həmin maşınların çox zəif olduğunu bildirərək onlardan imtina edib. Paris isə Ukraynanın zəif hesab etdiyi həmin maşınları himayədarlıq etdiyi Ermənistana göndərib. Bu maşınların Gürcüstanın Poti limanından keçərək dəmir yolu ilə Ermənistana tərəf aparıldığı bildirilir. Qeyd edək ki, Fransa İkinci Qarabağ müharibəsində və sonrakı müddətdə Ermənistanı silahlandıraraq bölgədə qarşıdurmanı gücləndirməyə çoxsaylı cəhdlər edib. İndi də Fransa iki ölkə arasında gərginliyi qoruyub saxlamaq siyasəti yürüdür, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının vasitəçiliyi ilə gedən sülh danışıqlarını pozmaq istiqamətində addımlar atmaqdadır.

Oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastien Lekornu ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi də alacaq. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir. Görünən odur ki, Ermənistan silahlı qüvvələri hava hücumundan müdafiə qoşunlarının itirilmiş döyüş qabiliyyətini bərpa etmək istəyir. Bəs Ermənistan bu silahları almaq üçün vəsaiti varmı? Bəzi fikirlərə görə, ona silahlar pulsuz veriləcək. Fransanın “Le Monde” qəzeti də bir müddət əvvəl bu məsələyə toxunub. Materialda bildirilib ki, ermənilərə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, birgə təlimlərin keçirilməsi də daxildir. Lakin Ermənistanın bu xərcləri necə ödəyəcəyinin sual altında olduğu qeyd edilib. “Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Amma Yerevanın onların pulunu necə ödəyəcəyi hələ məlum deyil”, - qəzet yazıb.

Yekunda bir daha qeyd edək ki, Avropa dövlətləri, onun müxtəlif təşkilatları, sülhü təbliğ edən qurumları Cənubi Qafqazın Fransanın əli ilə silahlandırılmasına reaksiya verməlidirlər. Anlamalıdırlar ki, bölgədə sülh və əmin-amanlığın bərpası, yekun sülh sazişinin imzalanması yolu məhz bundan keçir.

Sevinc Azadi, “İki sahil”