15 noyabr 2023 23:09
325

Azərbaycan ədəbi dili tarixinə dəyərli töhfə

Ədəbi-bədii fikir tariximizdə olduğu kimi, dil və ədəbiyyatımızın inkişafında mühüm yeri olan Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsəri çox böyük dəyərə və əhəmiyyətə malikdir. Təəssüf ki, indiyədək bu əsər və onun müəllifi haqqında kifayət qədər məlumat əldə edilməmişdir. İranın Qum şəhərindəki “Mərkəz-i ihyay-yi turas-ul İslami” (İslam İrsini Yenidən Canlandırma Mərkəzi) kitabxanasında mühafizə olunan, Azərbaycan dili və tarixi üçün dəyərli olan bu qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosenti, əslən azərbaycanlı İxtiyar Bəxşi professor Nadir Məmmədliyə hədiyyə etmişdir.

Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsəri Bakıda “Elm və təhsil” nəşriyyatında yenicə çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan əsərin elmi redaktoru akademik Möhsün Nağısoylu, tərtibçisi, “Ön söz”ün və şərhlərin müəllifi  AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, tərcüməçiləri isə Fərhangiyan Universiteti, Fars dili və ədəbiyyatı fakültəsinin dosenti İxtiyar Bəxşi və AMEA Nəsimi adına Dilçilik İnstitutu, Hind-Avropa dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucovadır.

Tanınmış tədqiqatçı, professor N.Məmmədli  bu əsəri  geniş şəkildə təhlil etmiş, izah və şərhlər vermişdir. Alimin yazdığı ““Məzhər üt-türki”nin dil tariximizdə rolu” başlıqlı ön sözünün ingilis (“About the work “Mazhar ut-Turki” translated from persian and published for the first time in Azerbaijan”) və fransız (“A propos loeuvre “Mazhar-ut-Turki”) dillərinə də tərcümə edilərək kitabda verilməsi əsərin müxtəlif dillərdə geniş oxucu kütləsi tərəfindən faydalanması imkanlarını təmin edir. Əsərin maraq doğuran cəhətlərindən biri də dosent İxtiyar Bəxşinin türk dilində yazdığı “Abdurrahim Erdebili Şirvaninin yaşamı hakkında” başlıqlı ön sözüdür.

Əsərin açarı rolunu oynayan “Ön söz”də professor Nadir Məmmədli “Məzhər üt-türki” kitabının müəllifi və yazılma səbəbləri haqqında geniş məlumat vermişdir. Məlum olur ki, əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır. Əbdürrəhim Ərdəbili Şirvani Azərbaycan türkcəsilə və fars dilində şeirlər yazan, böyük zövq və istedada malik şair və ədib olmuşdur. O, çox bilikli, ağıllı və dindar bir adam olmuş,  ərəb və fars dillərini yaxşı bilmiş, geniş dünyagörüşə və dərin zəkaya malik olmuşdur. Əlyazmanı geniş şəkildə təhlil edən professor Nadir Məmmədli “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, mənşəyinin də Ərdəbildən olduğu haqqında məlumatları tam təfsilatı ilə oxucunun diqqətinə çatdırır. Şirvani təxəllüsünü götürməyinin səbəbini isə müəllifin dilindən verdiyi “yeniyetməliyinin əvvəllərində bir müddət Şirvanın pak şəhəri olan Şamaxıda yaşaması və gəncliyinin ilk illərini həmin vilayətdə dostları ilə keçirməsi” olduğunu qeyd edir.

Əbdürrəhim Ərdəbili Şirvani risalədə Şamaxı və onun yerli əhalisi, dilləri barədə dolğun təsəvvür yaradaraq belə qeyd edir: “O diyarın əhalisi böyükdən kiçiyə, varlıdan yoxsula, ümumiyyətlə, türkcə danışırdılar və türk dili o sərhəddə o qədər geniş yayılıb ki, o vilayətdə yeniyetmə ikən müşahidə edirdim ki, bəzən iraqlı, fars və ya xorasanlı olan qonaq ya yad o şəhər və diyara girib farsca sözlərlə danışanda o vilayətin əhalisi cavab söyləməkdə aciz olub, dilmanca möhtac olurdular və o şəxsin suallarına farsca kitabların üzündən ən çətin şəkildə cavab verməyə çalışırdılar”.

Nadir Məmmədli “Məzhər üt-türki” kitabının müəllifi haqqında məlumat verərkən dərsliyin (risalə) yazıldığı dövr və tarixi şərait barədə də faktları oxucuların nəzərinə çatdırır. “Məzhər üt-türki”nin dil xüsusiyyətlərini tədqiq edən alim linqvistik təhlillər və müqayisələr aparır, qrammatik izahlar verir. O yazır: ““Məzhər üt-türki” dərsliyindən (risaləsindən) aydın olur ki, XVI-XVIII əsrlərdə Azərbaycan türkcəsinin normalarında xəlqiləşmə prosesi getmiş, tələbata uyğun olaraq müxtəlif anlayışları ifadə etmək üçün ümumxalq danışığına xas söz və ifadələrin işlədilməsi dil vahidlərinin ümumiləşmə prosesini, milli dilin formalaşmasını gücləndirmişdir. Sonrakı dövrlərdə Azərbaycan türkcəsinin leksik sistemində, qrammatik qaydalarında elə bir ciddi dəyişiklik baş verməmiş, dil və nitq normaları təkmilləşmə istiqamətində həm canlı danışıqda, həm də ədəbi dildə ümumiləşərək sabitləşmişdir. Bu, onu göstərir ki, milli dil normalarının belə təzahürü həm ədəbi dil, həm də ümumxalq dili səviyyəsində çox dərin qatlarda gedən prosesin nəticəsidir”.

Gözəl nəstəliq xətti ilə yazılmış 14x21 sm ölçüdə, 163 səhifədən, hər səhifəsi 12 sətirdən ibarət olan əlyazmanın tam mətninin faksimilesi də kitaba daxil edilmişdir. Əsərin müqəddiməsi “Mərhəmətli və rəhimli Allahın adı” ilə başlayır. Əsər dörd bölmə və  “Son”dan ibarətdir.

Dərsliyin I bölməsinin birinci fəslində “feillərin təyinedici əlamətləri haqqında” məlumat verilir və nümunələr göstərilir. Bu bölmənin ikinci fəslində isə “Özünün və başqalarının yardımı ilə icra edilən türkcə feillərin əlamətləri haqqında” bəhs açılır. Məsdər, Keçmiş zaman, Müstəqbəl (Gələcək zaman), İsm-i fail, İsm-i məful, Əmr feili, Nəhy, Nəfy, Sual feili və s. dil faktları əsasında Qızılbaş türkcəsindən seçilmiş nümunələrlə dərsliyə daxil edilmişdir.

Dərsliyin II bölməsinin birinci fəsli “Özünün və başqalarının yardımı ilə edilən türkcə feillərinin əlamətləri haqqında”dır.  Bu bölmənin ikinci fəsli isə “Feil mənalı türkcə isimlər” və “Digər türkcə isimlər” adlanır. Hər iki bölmədə “Əlef” ilə başlayan türkcə feillər və isimlər başlıqlı lüğətçə də verilmişdir.

Dərsliyin III bölməsi “Türkcə hərflər” adlanır. Bu bölmədə, əsasən, köməkçi nitq hissələrinə aid dil faktları diqqəti cəlb edir. Müəllif bu dərslikdə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün əsas nitq hissələrinin izahına üstünlük verməklə yanaşı, köməkçi nitq hissələrinin də bu türkcədəki yerini və əhəmiyyətini izah edir.

Dərsliyin həcm etibarı ilə daha geniş olan  IV bölməsində “Türkcə şəkillər, sözlər, o cümlədən feillər və isimlərin qeydi və izahı” şərh olunur. Bu bölmədə Əlef, Ba, Ta, Cim, Dal, Sin, Qaf, Kaf, Ya ilə başlayan türkcə feilləri və isimləri öyrədən nümunələr, yəni Qızılbaş türkcəsi üçün ümumi olan sözlərin əlifba sırası ilə lüğətçəsi və Qızılbaş türkcəsində işlək olan, üç əsrlik zaman müddətində mənasını dəyişmiş və ya işləklikdən çıxmış leksik arxaizmlər verilir.

Kitabın “Son” başlığı ilə bitən nəticə xarakterli hissəsində Əbdürrəhim Ərdəbili Şirvani yazır: “Türkcənin bütün qayda-qanunlarını, o cümlədən feillər, isimlər, hərflər və sözləri bu kitabın müqəddiməsində və dörd bölmədə istifadə zamanı, sürətli, üzərində çox düşünmədən zikr və bəyan etdik, lakin bəzi digər qayda və ənənələr də türklər arasında adət halını alıb və işləkdir. ...onları bilmək bu risaləyə baxacaq olanlar üçün zərurətdir”.

“Məzhər üt-türki” üç əsr əvvəl Cənubi Azərbaycan ərazisində işlək olan Səfəvi və Əfşar türkcəsinin təbliği, tədqiqi baxımından dəyərli və çox əhəmiyyətlidir.  İlk dəfə Azərbaycanda fars dilindən tərcümə edilərək  çap olunan bu dərslik dilimizin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və dialektoloqlar üçün çox dəyərli mənbədir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu əsər ümumtürk mədəniyyəti baxımından da böyük əhəmiyyət kəsb edir. 

Son olaraq qeyd edək ki, professor Nadir Məmmədli zəngin və çoxşaxəli elmi yaradıcılığı, saysız-hesabsız elmi araşdırmaları ilə Azərbaycan dilçilik elminə böyük töhfələr bəxş etmişdir. Nadir müəllimə Azərbaycan ədəbi dili tarixinə dəyərli töhfə olan bu əsərin işıq üzü görməsinə verdiyi dəstək üçün dərin minnətdarlığımızı bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Zülfiyyə İsmayıl,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent