16 noyabr 2023 00:58
353

Həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışı bunun bir daha təsdiqi oldu

Hər bir ölkənin uğurlu inkişafı, ilk növbədə, aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, dövlətimizin həyata keçirdiyi siyasətin əsas hədəfini nümayiş etdirir. Təbii ki, sabitliyə və iqtisadi tərəqqiyə nail olmadan digər sahələrin inkişafından danışmaq, təkmil inkişaf modeli nümayiş etdirmək qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünkü reallıqlara geniş yol açdı. Azərbaycanın öz təbii resurslarından səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir. Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 29 ildən artıq dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək uğurların davamlılığını görə bilərik. 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir.  

Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. «Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir» söyləyən dövlət başçısı İlham Əliyevin son illərdə iqtisadi islahatların dərinləşdirilməsi fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar uğurlarımızın təqdimatıdır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurulucuq işləri ilə yanaşı, keçmiş məcburi köçkünlərin yüksək rifahının təmin edilməsi ilə bağlı addımlar da atılmaqdadır. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Dövlət başçısı İlham Əliyevin səsləndirdiyi «Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır» çağırışları günümüzün reallıqlarında öz əksini tapır. Dayanıqlı inkişafın əsasını şəffaflıq, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi təşkil edir ki, cənab İlham Əliyev bu istiqamətdə görülən işlərin əsasında tələbə çevrilən hədəfləri də açıqlayır.

Azərbaycan sosial dövlət kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumaqdadır. Sosial müdafiənin gücləndirilməsinə xidmət edən Fərman və sərəncamlar əhalinin bütün təbəqələrini əhatə edib. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əməkhaqqı, pensiyalar artırılıb. Uğurla həyata keçirilən sosial islahatlar paketi milyonlarla vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaradır. Dövlət başçısı İlham Əliyevin “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar” fikrində də xalqın rifahının hər şeydən üstün tutulduğu aydın görünür. Son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 12 dəfə artırılaraq 925,3 manata, orta aylıq pensiya 18 dəfə artırıla raq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artırılaraq 466 manata çatıb. Əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib. Ünvanlı sosial yardım proqramına başlandığı 2006-cı ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artırılaraq 478 manata çatdırılıb. Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 milyard manata çatıb.

Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir təzahürü olaraq 2007-ci ilin əvvəlindən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilib və ötən dövrdə bu təqaüdlər orta hesabla 6 dəfə artırılıb. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı ildən-ilə uğurla davam etdirilib. 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişləndirilib və onlara postmüharibə dövründə 5300, ümumilikdə ötən dövrdə 14 min 100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.

Göründüyü kimi, ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, valideynini itirmiş uşaqlar, aztəminatlı ailələrin övladları sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Ölkəmizdə sosial xidmətin təkmilləşdirilməsi prioritetdir. Bu baxımdan «ASAN xidmət», DOST mərkəzlərinin coğrafiyası genişləndirilir. Beynəlxalq qurumlar illik hesabatlarında dünya ölkələrində müxtəlif meyarlar - insan kapitalı, institutlar, texnologiya və yaradıcı məhsullar, bazar, biznes və sair üzrə inkişafın səviyyəsini qiymətləndirir, innovativ ölkələrin siyahısını təqdim edirlər. Həmin hesabatlarda Azərbaycanın da xüsusi yer tutması, innovasiyalar ölkəsi kimi nüfuz qazanması bugünkü reallıqlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. Xatırlasaq 2018-ci ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdi. Nazirlər Kabinetinin 2019-cu ildə keçirilən iclasında bu hədəf açıqlanmışdı ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var.»

Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. «Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var» söyləyən cənab İlham Əliyev həyata keçirilən siyasətin aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini hesabatlara istinadən diqqətə çatdırır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyev postmüharibə dövrünün reallıqlarından bəhs edərkən “ASAN xidmət” mərkəzlərinin sayının artırılmasından geniş bəhs edir. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması Azərbaycan brendi kimi tanınan "ASAN xidmət", DOST mərkəzlərinin yaradılmasında da özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da qeyd edək ki, ötən il dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 28 May-Müstəqillik Günü ərəfəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi zamanı ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST”- “Smart DOST” məntəqəsi ilə də tanış olmuşdular. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri çərçivəsində qurulan bütün şəhər və kəndlərimiz müasir dövrün yeniliklərini özlərində əks etdirməklə Azərbaycanın yeniliyə, təkmilləşməyə nə qədər önəm verdiyini və bunu real həyatda tətbiq etdiyini nümayiş etdirəcəklər. Ağalı ilk “ağıllı kənd”, Ağdam isə ilk “ağıllı şəhər” olacaq. İşğaldan azad edilmiş şəhərlərimizin təqdim edilən Baş planlarında bütün yeniliklər öz əksini tapıb. Bu ərazilərdə təkmil idarəçilik sisteminin formalaşması, Prezidentin şəxsi nümayəndəliyinin fəaliyyəti də gələcək inkişafın aydın mənzərəsini yaradır.

Yalnız işğaldan azad edilmiş ərazilərimiz deyil, bütün bölgələrimiz yeniliklərlə əhatə olunur. Dövlət başçısı İlham Əliyevin regionlara səfərlərinə diqqət yetirsək açılış, yaxud təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlər sırasında “ASAN xidmət”, DOST mərkəzlərini görmək mümkündür. Əsas hədəf bütün bölgələrdə vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır. Bu layihələrin icrasında məqsəd operativlik, şəffaflıq, innovativlikdir. Dövlət başçısı bildirir: « Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır.» Cənab İlham Əliyev «ASAN xidmət»in fəaliyyətini belə dəyərləndirir: "ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.”

Bir sözlə, Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib.

Noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak etdilər. Mərkəzin fəaliyyət istiqamətləri əsasən musiqi, təsviri incəsənət, rəqs, dulusçuluq, xalçaçılıq, toxuma, floristika, landşaft dizaynı və bağçılıq, bədii oyma, kulinariya, fotoqrafiya və sairdir. Məlumat üçün bildirildi ki, fəaliyyət dövrü ərzində 470 benefisiar Mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb. Hazırda Mərkəzdə 186 nəfərə xidmət göstərilir. Onlardan 131 nəfər əlilliyi olan şəxs, 21 nəfər valideynini itirmiş uşaq, 22 nəfər aztəminatlı ailələrin üzvləri, 12 nəfər isə şəhid ailəsi üzvüdür. İsmayıllıdakı “DOST EVİ” də həmin Mərkəzin filialı kimi fəaliyyət göstərəcək. Müəssisə modern və konstruktiv elementlərlə, milli ornamentlər də əlavə olunmaqla müasir üslubda layihələndirilib, mühəndis sistemləri ən yüksək tələblərə cavab verir.

“DOST EVİ” birmərtəbəli olmaqla iki blokdan ibarətdir. Filialda 10 istiqamət üzrə 6 emalatxana - dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərəcək. Diqqətə çatdırıldı ki, bölgədə yaşayan və “DOST EVİ”nə cəlb edilmiş əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları sənətkarlıq nümunələrinin də burada nümayişi və satışı həyata keçiriləcək. “DOST EVİ” bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına da dəstək olacaq. Burada 50 nəfərin məşğulluğu təmin ediləcək. Benefisiarlar, təlimçilər və digər işçilər əlilliyi olan şəxslər və digər həssas qruplar arasından seçiləcək. Qeyd olundu ki, filialda 50-80 nəfər benefisiar üçün 6 ay -2 il müddətində təlimlər-kurslar təşkil olunacaq və sonda onlara sertifikatlar veriləcək. Bir sözlə, “DOST EVİ” bölgədə yeni iş yerlərinin, o cümlədən əlilliyi olanlar, həmçinin digər həssas qrupların məşğulluq və gəlir imkanlarının artırılmasına, milli sənətkarlığın inkişafına və təbliğinə, bölgədə turizm imkanlarının genişləndirilməsinə, ekoloji təmiz məhsulların satışına, keyfiyyətli iaşə xidmətlərinin göstərilməsinə dəstək verəcək.

Göründüyü kimi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin təkmilləşdirilməsi əsas hədəflər sırasındadır. Atılan bu addımların təməlində vətəndaş məmnunluğunun artırılması dayanır. Bu isə öz növbəsində xalq-Prezident birliyini, həmrəyliyini daha da möhkəmləndirir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, daim özünə diqqət və qayğının şahidi olan xalqın Prezidentinə sevgisi şəksizdir. Azərbaycanda sabitliyin təminatçısı kimi dəyərləndirilən xalq-iqtidar birliyi möhkəm əsaslara malikdir. Prezidentin irəli sürdüyü bütün təşəbbüslər, qəbul etdiyi qərarlar, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmələr, yeniliklər dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir.

Yeganə Əliyeva, «İki sahil»