16 noyabr 2023 01:15
365

Jurnalist çətiri altında gizlənənlər

Həsən bəy Zərdabi qələminin mürəkkəbi ilə nurlanan 148 yaşlı mətbuatımızı sizin səhvlərinizin ucbatından söndürməyəcəyik!

Media sektorunu məkrli planları ilə bulandırmaq sevdasına düşənlər Medianın İnkişafı Agentliyini (MEDİA), “Media haqqında” Qanun və bu sənədin tələblərinə uyğun olaraq yaradılan Media Reyestrini hədəfə alaraq süni ajiotaj yaratmağa çalışırlar. “Müstəqil ekspertlər” MEDİA Agentliyinin sözügedən Qanunun tələbinə uyğun olaraq reysterə daxil olmayan, heç bir oxucu kütləsinə xitab etməyən “saytların” fəaliyyətinin qanuniliyinə baxılması ilə bağlı məhkəməyə müraciətini “müstəqil medianın sıradan çıxarılması” kimi qələmə verməyə başlayıblar. Bu düşüncədə olan subyektlər isə yenidən şantaja, eyni dairəyə aid saytlarda və sosial mediada haray-həşir  salmağa baş vururlar. 

Bəs, əslində məqsəd nədir?

“Müstəqil ekspertlər”i narahat edən bir sıra məqamlara aydınlıq gətirmək üçün əvvəlcə onu xatırladaq ki, telefonu əlinə alıb məsələnin əslini-astarını bilmədən qarışqadan fil düzəldən, hədə-qorxu ilə pul alan, hadisələrə öz “mənafeyinə” uyğun prizmadan baxıb cəmiyyətə də o cür çatdıran “reket media” müstəqil media hesab edilə bilməz. Bu cür işlərin və işbazların ümumiyyətlə media sahəsi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Belələri mətbuatımızın üzqaralarıdırlar. Təbii ki, “yaradıcılığı” idarələri gəzməkdən, şantaj yolu ilə kimlərdənsə müəyyən məbləğdə pul qoparmaq üçün çabalardan uzağa getməyən belələrinə Azərbaycan mətbuatında yer ola bilməz. Onların kökü  bu sektordan qaşınıb atılmalıdır.

Bu şəbəkənin birdəfəlik sıradan çıxarılması məsələsində dövlət də, cəmiyyət də, əsl jurnalistika da eyni mövqedən çıxış edir. Ölkəmizdə “Media haqqında” Qanun 2021-ci ilin dekabrında qəbul olunub. Yeni Qanunun, MEDİA-nın tələbi və istəyi odur ki, mətbuatımızda şəffaflaşma getsin, peşəkarlıq yüksəlsin, jurnalistlər yazdıqlarına görə məsuliyyət daşısınlar. Bəzilərinin qanunun tələblərinin media müstəvisinə gətirilməsini “ondan yazma, bundan yaz” tələbi kimi təqdim etmələri isə sadəcə manipulyasiyadır, yalan və şantajdır.

Təbii ki, Qanunda indiki dövrün qlobal çağırışları, ölkəmizin hazırkı inkişaf mərhələsinin reallıqları, dövlətin informasiya siyasəti və s. mühüm məqamlar  nəzərə alınıb. Media Reyestrinin yaradılmasında hansı məqsəd güdüldüyü, onun funksiyaları barədə məlumatlar hər kəsə açıqdır. Media Reyestri Qanunun 73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmış və MEDİA tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır. Media Reyestri - media subyektləri və jurnalistlər tərəfindən məlumatların daxil edilməsi, media subyektləri və jurnalistlər ilə Medianın İnkişafı Agentliyi arasında elektron əlaqənin qurulması, elektron xidmətlərin alınması, reyestrə inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla) əldə edilməsi və digər xidmətlərin göstərilməsini əhatə edir. Hər şey aydın və konkret yazılıb. Burada jurnalistlərin peşə fəaliyyətinin hansısa bir formada məhdudlaşdırılmasından və yaxud çərçivəyə salınmasından əsla söhbət gedə bilməz. Mövcud  qanunvericilik bazası ölkədə KİV-in sərbəst fəaliyyətinə, fikir və söz azadlığının qorunmasına zəruri hüquqi əsaslar yaradır. “Media haqqında” Qanunun qəbul olunmasından sonra media subyektləri reysterdən keçməyə başladı. Artıq demək olar ki, reysterdən keçməklə bağlı müraciətlər böyük əksəriyyətlə yekunlaşıb. Qanunun tələbinə cavab verib, reysterdə qeydiyyatdan keçən media subyektləri ilə yanaşı, mənfi cavab alanlar da oldu. Eyni zamanda, xeyli subyekt də standartlara cavab verə bilmədiyi üçün, ümumiyyətlə, reysterə müraciət etmədi.

Prosesin gedişində təbii olaraq qeyri-qanuni fəaliyyətindən əl çəkməyən “media” və “jurnalistlər”lə problemlər ortaya çıxır. Fəaliyyətini yeni Qanun əsasında qurmaq istəməyən subyektlərin fəaliyyətinin məhdudlaşdırlması üçün MEDİA Agentliyi tərəfindən məhkəmədə iddialar qaldırılır. Bəzi hallarda köhnə vərdişlərindən əl çəkmək istəməyən “jurnalistlər” MEDİA-nı məhkəməyə verir. Bütün bunlar normal hallardır. MEDİA-nı məhkəməyə verənlər düşünürlər ki, onu bu yoldan çəkindirəcək, qanunsuz fəaliyyətlərini bərpa edə biləcəklər. Amma onlar bunun nəticə verməyəcəyini anlamalıdılar. Çünki bu işin ağırlığını üzərinə götürmüş MEDİA ilə yanaşı, peşəkar jurnalistika təmsilçiləri də bu dəstələrin ifşa olunaraq informasiya mühitindən birdəfəlik uzaqlaşdırılmasını istəyirlər.

Bütün bunlarla yanaşı, xüsusi olaraq vurğulamalıyıq ki, “reket jurnalistika”ya qarşı mübarizə birtərəfli olmamalıdır. Onlara qarşı kompleks mübarizə aparılmalı, bu işdə vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, media təşkilatları, hüquq-mühafizə orqanları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər.  Bu cür neqativ hallara qarşı vahid mübarizə sərgiləməlidirlər  ki, nəticə əldə etmək mümkün olsun.

Maraqlıdır, görəsən bundan sonra “icazəli media istəmirik” iddiaları ilə çıxış edənlər eyni pafosla “qanunlar çərçivəsində fəaliyyət göstərmək istəmirik” də deyə biləcəklər, yoxsa  qanun qarşısında boynun qıldan incə olduğunu nəhayət anlayacaqlar?..

Həsən bəy Zərdabi qələminin mürəkkəbi ilə nurlanan 148 yaşlı mətbuatımızı sizin səhvlərinizin ucbatından söndürməyəcəyik, mətbuatımızın üzqaraları!

Yaqut Ağaşahqızı, “İki sahil”