16 noyabr 2023 01:57
302

Avropanın xamilyon siyasətçiləri...

Vəzifəsi xalqların haqqını-hüququnu qorumaqdan ibarət olan Avropa İttifaqı əksinə mövqe tutaraq rəngini dəyişən buqələmuna çevrilib.  Fransanın əlində oyuncağa çevrilmiş bu beynəlxalq təşkilat noyabrın 14-də  növbəti dəfə rəsmi Bakının iştirakı olmadan Azərbaycan-Ermənistan münasibətlərini müzakirəyə çıxardı və beynəlxalq hüquqa və siyasi etik normalara zidd fəaliyyətdən əl çəkmədiyini nümayiş etdirdi...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da həmin tədbirə dəvət edilmişdi. Azərbaycanı isə qurumun toplantısında heç kim təmsil etmədi. Yəni, növbəti dəfə rəsmi Bakının iştirakı olmadan Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu. Halbuki, iclasa simvolik balans xatirinə olsa da Azərbaycan Xarici İşlər Naziriliyinin rəsmisini də dəvət edə, Bakının mövqeyini dinləyə bilərdilər. Ancaq qərəz onlara bunu etməyə imkan vermədi. Beləcə, özünü neytral vasitəçi kimi qələmə verməyə çalışan Avropa İttifaqı Ermənistan siyasətinin yedəyində getməyə davam edir. Bakıya qarşı “tək qapılı” oyunlarla, bitməyən şər və yalan ritorikası ilə, destruktiv gündəmlə kövrək sülh prosesini baltalayır, erməni revanşist qüvvələrin əlaltısına çevrilir. Bu cür müzakirələr əlbəttə ki, regionda sülh üçün yaxşı heç nə vəd etmir. Əksinə, Brüsselə qarşı etimadsızlığı getdikcə gücləndirir. Onların ardı-arası kəsilməyən hücumları tarixdə lənətlə xatırlanan Orta əsrlərdə xaçlıların bədnam "səlib yürüşlərinə" bənzəyir. Təkcə zaman  və məkan dəyişib.

Azərbaycanın iştirakı olmadan onunla bağlı hər hansı bir məsələnin müzakirə edilməsi, xüsusilə də Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərin müzakirəsi və bununla əlaqədar nəticə çıxarılması beynəlxalq hüquqa, siyasi etik normalara və adi məntiqə belə ziddir. Bu, həmin təşkilatların qeyri-ciddiliyindən xəbər verir. Əgər bir dövlətin iştirakı olmadan onunla əlaqədar hər hansı bir məsələ müzakirə edilirsə, bu, müzakirəni aparan tərəfin tərəf tutmasının, qərəzinin, qeyri-ciddiliyinin göstəricisidir. Bəyəm Azərbaycan onları özünə vəkil edib? Xeyr! Azərbaycanın Brüssel formatına dəstəyi həmişə olub. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə öz mövqeyini bildirib. Çexiyanın paytaxtı Praqa şəhərində "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində keçiriləndən sonra Prezident İlham Əliyev mətbuat üçün açıqlama verdi və Azərbaycanın Brüssel formatına dəstəyini nümayiş etdirdi. Amma təəssüflər olsun ki, həmin o Brüssel formatını sonradan Fransa və digər ermənipərəst qüvvələr fərqli məcraya yönəltdilər və keçmiş Minsk qrupuna oxşar formata salmağa çalışdılar. Əvvəlcə Fransanı görüşə dəvət etdilər, sonra Almaniyanı. Azərbaycan hər dəfə deyirdi ki, bizim üçün bu, Brüssel formatının alternativi deyil. Amma onlar buna Brüssel formatının alternativi kimi baxırdılar. Azərbaycan 5 oktyabrda Qranadada görüş keçirilməzdən öncə Türkiyənin prosesdə iştirakının təmin olunmasını tələb etdi. Lakin bu, onlara sərf etmədiyi üçün təklifi nəzərə almadılar.

 Biz bizə necə yanaşmalarından asılı olmayaraq qarşıya qoyduğumuz hədəflərimizə addım-addım nail oluruq. Əgər xarici işlər nazirimiz qarşıdakı görüşə də dəvət edilməyəcəksə və Azərbaycanın iştirakı olmadan müzakirə aparılacaqsa, hansısa sənəd qəbul ediləcəksə, bu, Azərbaycan üçün adi kağız parçasından başqa heç bir əhəmiyyət daşımayacaq. Azərbaycanın iştirak etmədiyi, Azərbaycanın imzalamadığı sənədlərin ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycana qarşı belə həmlələr nə qədər davam etsə də onu haqq yolundan döndərə bilməz. Gec-tez hər kəs Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edəcək.

Avropa İttifaqının belə siyasi mədəniyyətsizliyinə qarşı olan tədbir isə onun səviyyəsiz hərəkətlərinə bir zərbə oldu. Belə ki, elə həmin gün, yəni, noyabrın 14-də BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının 4-cü dövri məruzəsi nəzərdən keçirildi. Tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etdi.

Qeyd edək ki, beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin BMT üzv dövləti tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətlərdə tövsiyələr verilir.

Nazir müavini dövri məruzə çərçivəsində çıxış edərək, ölkəmizdə həyata keçirilən işlər, beynəlxalq insan hüquqları mexanizmləri çərçivəsində əməkdaşlıq, Böyük Qayıdış  Proqramı, Ermənistanın təcavüzü nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, azərbaycanlıların hüquqlarını pozulması fakrları, itkin düşmüş şəxslər məsələsi və s. ilə bağlı ətraflı məlumat təqdim etdi.

Azərbaycan üzrə UDİ baxışı çərçivəsində BMT-nin 120-yə yaxın üzv dövlətinin nümayəndələri çıxış edərək ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair öz tövsiyələrini təqdim etdilər.

Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirdilər və bu sahədə müsbət dinamikanın davam etdirilməsi tövsiyə olundu.

Çıxış edənlərin əksəri ölkəmizdə mülki, iqtisadi və mədəni hüquqların qorunması, dayanıqlı iqtisadi və sosial inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, eləcə də ictimai xidmətlərin göstərilməsində informasiya texnologiylarından istifadəsini təqdir etdilər. İclasda Azərbaycanın multikulturalizm modelinin, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində əhəmiyyətli rolu vurğulandı. Azərbaycan Qoşulmama Hərəkatına fəal sədrlik etdiyi üçün alqışlandı. Bu alqışlar əlbəttə, düşmənlərimizin və bədxahlarımızın qulaqlarında bomba kimi partladı. Olsun, özləri qazanıblar!

Vəli İlyasov,  “İki sahil”