16 noyabr 2023 02:14
357

Rəsmi İrəvan sülhdən yayınmağa çalışsa da…

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etdi. Bu il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə bütün ölkə üzrə suverenliyimizə nail olduq. Məhz bundan sonra bölgədə sülhün bərqərar ola­cağına ümidlər daha da artdı.  Amma  bəzi ölkələr, həmçinin beynəlxalq qurumlar Azərbaycan-Ermənistan sülh prosesinə mane olmağa, hətta regionda öz maraqları naminə iki ölkə arasında yenidən münaqişənin alovlanmasına çalışırlar. Hətta bu məqsədlə təcavüzkar ölkəni silahlandırırlar. Fransa  tərəfindən Ermənistana çoxlu sayda "Bastion" çoxməqsədli zirehli avtomobillərinin göndərilməsi, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Aİ-nin Ermənistanın Azərbaycanla sərhədində missiyasını gücləndirəcəyi ilə bağlı dediyi sözlər də bunu təsdiq edir. Bu prosesdə İran, Hindistan daha çox fəallıq göstərirlər. Həmin ölkələr hesab edirlər ki, əgər Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanarsa, bu, onların regiona təsir imkanlarına mənfi təsir göstərəcək.

Rəsmi İrəvan isə bir tərəfdən sülhdən danışır, di­gər tərəfdən bölgədə möhkəmlənmək istəyən və bu niyyətlə Ermənistandan alət kimi istifadə edən havadarlarının, yəni Avropa İttifaqının və bütövlükdə Qərb dünyasının çaldıqları havalara oynayır. Nəticədə İrəvan əvvəlki konstruktiv danışıqların ruhuna uyğun hərəkət etmir. Məsələn, noyabrın 10-da 6-cı Paris Sülh Konfransının panel müzakirələrində Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin guya "etnik təmizlənmə"yə məruz qaldığını bildirməklə yanaşı, Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verib. Halbuki, rəsmi Bakı dəfələrlə bildirib ki, Qərbi Azərbaycana qayıdış dinc məqsədli konsepsiyadır. Hətta cənab ­İlham Əliyev bölgəyə tanklarla deyil, minik avtomobilləri ilə qayıtmaq məsələsindən söz açıb. “Etnik təmizləmə”dən isə danışmaq ümumiyyətlə absurddur.

Məsələ burasındadır ki, son günlər Hayastanın digər rəsmiləri, o cümlədən xarici işlər naziri Ararat Mirzoyan da bu aspektdən çıxış edirlər. Halbuki, bütün bunlar heç bir əsası olmayan saxta ittihamlardır.  Elə danışıqlara əngəl olan da Ermənistanın əgər belə demək mümkünsə Makronun ağzı ilə danışmasıdır. Şübhəsiz, bu addımlar İrəvanın Qərbin diktəsi ilə sülhdən yayınmaq cəhdidir. Rəsmi Bakı isə müxtəlif beynəlxalq platformalardan yararlanmaqla ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistana sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırmaqdadır. Bununla da  Azərbaycan sülhdə maraqlı olduğunu bir daha  göstərir.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, 2023-cü il sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahat qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistana çatdırıb: “Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, erməni tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ki, yubadır”.

Bütün bunlara baxmayaraq, hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən səsləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Yeri gəlmişkən qeyd edək ki, Pia Kauma və Kari Henriksenin Azərbaycana səfərləri ilə bağlı mənsub olduqları təşkilatın noyabrın 14-də yaydığı bəyanatda qeyd olunur ki, ATƏT Parlament Assambleyasının  prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə sadiqliyini alqışlayıb. Bəyanatda daha sonra qeyd edilir ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının indi davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanı var. Bəyanatda vurğulanır ki, Azərbaycanın ATƏT Parlament Assambleyasında güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir

Çox güman ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir. Çünki artıq Ermənistanın başqa yolu yoxdur.  Bunu hazırda Ermənistanın daxilində yaranmış vəziyyət də tələb edir. Belə ki, hazırda Hayastanda vəziyyət, necə deyərlər, ermənicədir. Məğlubiyyətlər nəticəsində Ermənistan hər şeyini itirib və özünü rüsvay edib. Artıq təcavüzkar ölkənin havadarları da onun köməyinə çata bilmirlər. Üstəlik, Hayastanda siyasi böhran iqtisadi tənəzzülü də dərinləşdirib. Bir tərəfdən də separatçıların təhriki ilə Qarabağdakı erməniəsilli şəxslərin Ermənistanda məskunlaşmaları iqtisadi və sosial vəziyyəti daha da gərginləşdirib. Eyni zamanda, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, imkan yarandıqca xaricə köçənlərin sayı artır. Şübhəsiz, bu acı durumdan xilasın yeganə yolu sülh müqaviləsini imzalamaqdır. Əks halda, təcavüzkar ölkə əgər belə demək mümkünsə daha acınacaqlı vəziyyətlə üzləşəcək. Bu mənada Cənubi Qafqaza yeni reallıqlar gətirmiş Azərbaycan bölgəyə sülh bəxş etməyi də bacaracaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”