15 noyabr 2023 16:58
336

Birgə addımların atılması davamlı uğurlara yol açır

İqtisadi Əməkdaşlıq Təşkilatı iqtisadi əlaqələr - nəqliyyat və logistika, həmçinin enerji məsələlərini əhatə edir

Prezident İlham Əliyev Özbəkistanın Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışında iqtisadi əlaqələr, nəqliyyat və logistika, həmçinin enerji məsələləri barədə ətraflı məlumat verib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın bu sahədə önəmini daha da artırır. Bu unikal enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha yaxın edəcək. Bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb. Dövlət başçısı İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan edib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin  reallaşdırılması nəzərdə tutulur. Bunlardan biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Bu hədəflər açıqlanır ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.

Ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə birgə nail olmağa öz müsbət təsirini göstərəcək. Sazişin imzalanması mərasimində “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın bərpa olunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 37 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan ölkəmizin strateji investorlarının biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Ölkəmiz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.

Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. Dövlət başçısı İlham Əliyev bu sazişə də diqqət yönəldib ki, Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişi imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq.

Buxarestdə Sazişin imzalanması mərasimində “Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər” söyləyən Prezident İlham Əliyev bu çağırışı ilə birgə addımların atılmasının davamlı uğurlara yol açdığını təsdiqləyir. Azərbaycanın müəllifi və təşəbbüsçüsü olduğu enerji layihələrinin hər birinin uğurlu sonluqla başa çatması da deyilənlərin təsdiqidir. 

Ötən il Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edən Avropa Komissiyasının rəsmisi bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanla enerji sahəsində uzunmüddətli tərəfdaşlığımızı həm strateji enerji davamlılığı, həm də yaşıl enerji ambisiyalarımıza mühüm töhfə kimi görürük. Enerji sistemlərimizin struktur transformasiyasının sürətləndirilməsi, enerji səmərəliliyi istiqamətində səylərimizin, məhsuldarlığımızın, iqtisadi artımın və sənaye bazamızın gücləndirilməsi, həmçinin 2050-ci ilə qədər ölkələrimizin iqlim neytrallığı yoluna qədəm qoyması baxımından Azərbaycan və beynəlxalq tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyirik.

Bu fikirlər Azərbaycanın beynəlxalq aləmdə artan rolunun aydın ifadəsini yaradır. Ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələri ilə hər zaman olduğu kimi, bu gün də diqqətdədir. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcək. Bu isə o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan yaşıl enerji və yaşıl hidrogen böyük perspektivi olan sahədir və ölkə iqtisadiyyatına çox böyük fayda gətirəcək. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan üç ilə yaxındır ki, azad edilmiş ərazilərin potensialından istifadə olunması istiqamətində ciddi addımlar atmağa başlayıb.

BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək, onların bəziləri artıq istismara verilib.

Azərbaycanın bərpa olunan enerji potensialında Xəzər dənizi xüsusi yer tutur. Çünki Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Ehtimal edilir ki, enerji şirkətləri BP kimi addım atacaq və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.

Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Ölkəmiz 4-cü Sənaye İnqilabının regional mərkəzinə çevrilib. Bu isə Azərbaycanın möhkəm iqtisadi və siyasi təməllər üzərində olduğunu, Qafqazın lider dövləti olmaqla, dünyanın qabaqcıl inkişaf etmiş ölkələri arasında ön sıralarda özünə yer tutacağını göstərir. Təsadüfi deyil ki, artıq “ağıllı hökumət”, “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı fabrik”, “ağıllı avtomobil”, “ağıllı telefon” kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb. Azərbaycan gənclər ölkəsidir, yeniliyə açıq cəmiyyəti vardır. Hətta pessimist ekspertlərin proqnozları doğrulsa belə, biz, xalq, millət olaraq postneft dövrünə hazırıq.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri