15 noyabr 2023 12:55
267

İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələr strateji önəm kəsb edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 9 noyabrında Özbəkistanın  paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışında irəli sürdüyü fikirləri ciddi kreativlərlə zəngindir.

Öncə qeyd edək ki, Özbəkistan bu təşkilatda ən sıx əlaqələrimiz olan ölkələrdəndir. Bundan başqa Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının, yəni ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi təsdiqi bu təşkilatla çoxtərəfli əməkdaşlığı daha surətləndirib.

Daşkənd toplantısında yekdilliklə vurğulanmışdır ki, Azərbaycanın nəqliyyat-logistika strukturu ECO-nun üzv dövlətləri üçün yekdil olaraq prioritet əhəmiyyət kəsb edir. Heç kəsə sirr deyil ki, son illərdə ölkəmiz bu sahəyə milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissələri tam hazır vəziyyətə gətirilib. İndi bizi hamı vacib beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi qəbul edir. Yeri gəlmişkən, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Daşkənd toplantısında Prezidentin çıxışının digər mühim hissəsi bərpa olunan enerji sektoru ilə bağlı idi. Neft və qaz ehtiyyatları ilə zənginliyimiz ölkəmizi dünya üçün nə qədər cəlbedici faktora çevirsə də, bərpa olunan enerji sektoru bizim üçün çox prioritet sahə olaraq qalır. Ölkəmizin bu sahədəki enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, o cümlədən təkcə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda 175 qiqavat külək enerjisi təşkil edir. Artıq ölkəmizin yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracat çıxışına çevrilməsi sahəsində ciddi layihələri dünyanı təəccübləndirməkdədir.

Qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda 170 meqavat gücündə hidroelektrik stansiyaları istifadəyə verilib ki, gələn ilin sonuna bu rəqəm 100 meqavat artaraq, yaxın gələcəkdə 500 meqavatı ötəcəkdir.

Bununla da Azərbaycan bir tərəfdən iqtisadi gücünü artırır, digər tərəfdən də İqtisadi Əməkdaşlıq Təşkilatının işinə də böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Ölkəmiz 2006 və 2012-ci illərdə 9-cu və 12-ci Zirvə toplantılarına ev sahibliyi edib, 2023-cü ilin 10 oktyabrında isə Təşkilatın Nazirlər Şurasının iclası Şuşada keçirilib. Eyni zamanda Şuşa şəhəri 2026-cı il üçün ECO-nun Turizm Paytaxtı elan edilib.

Nəhayət, təşkilatın Zirvə görüşündə Prezident İlham Əliyevin diqqət yetirdiyi bir məsələ də rəsmi Bakı və Tehran arasında İran ərazisi ilə Azərbaycanın əsas hissəsində Naxçıvana çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi ilə bağlı razılığın regional və beynəlxalq əhəmiyyəti ilə bağlı idi.

Bununla da Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin genişlənməsi ilə ölkəmizin imkanlarının genişlənməsi daha da surətlənəcək. Şərq-Qərb marşurutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan ölkəmiz təkcə Bakı-Tbilisi-Qars dəmiryolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 trilyon tona çatdırılmasını hədəfləmişdir. Buraya Şimal-Cənub marşurutunu da əlavə etsək ölkəmizin və regionun rifahının surətlə yaxşılaşacağını söyləməyə tam əsas vardır. Bu isə, öz növbəsində 3+3 formatını bir daha aktuallaşdırır.

Həsən Bayramov
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası və Elm Komissiyasının üzvü,
Pedaqogika elmləri doktoru, professor