15 noyabr 2023 01:16
279

Əlcəzairdə, Ruandada soyqırımı törədən Fransa sülhün düşmənidir

Fransa neokolonializmi, Ermənistan isə terroru özünün dövlət siyasəti halına gətirib

Fransanın VI Paris Sülh Konfransı adı altında təşkil  etdiyi toplantının "qonağı" olan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri ilə "diqqət" çəkdi. O, sülh müqaviləsini Brüssel danışıqlarında səslənən üç prinsip əsasında imzalamağa hazır olduğunu bəyan edib. Əlavə edib ki, indi ən vacib nüans Bakının Brüsseldə artıq razılaşdırılmış və Şarl Mişelin bəyanatlarında yer alan məsələləri bir daha təsdiq edib-etməyəcəyidir.Parisdə özünü doğma  məkanda hiss edən Paşinyan çıxışında bir az da irəli gedərək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizlənmə”yə məruz qaldığını da ərz edib. Rəsmi İrəvanın sərgilədiyi bu mövqe onun hələ də sülh danışıqları üzərində siyasi manipulyasiyadan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini göstərir. 

 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Konfransı çərçivəsində keçirilən panel müzakirədə Nikol Paşinyana Azərbaycanla bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib. Səfirimiz çıxışında bildirib ki, Fransanın Azərbaycanın Ermənistana qarşı qondarma təhlükəsi ilə bağlı qorxuları tamamilə əsassızdır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paşinyanın “Paris tezislərinə” kifayət qədər əsaslandırılmış və sərt şərh verib. Bununla bağlı nazirliyin cavabında qeyd olunur ki, rəsmi Bakı Ermənistan baş nazirinin səsləndirdiyi iddiaları qətiyyətlə pisləyir və rədd edir: “30 ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya heç bir fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş Ermənistanın Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini Baş nazirə bir daha xatırladırıq.

XİN-in şərhində daha sonra qeyd olunur ki, müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq: “Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir!”.

Fransa ilə Ermənistanın bir neçə məqamda yolları "qovuşur" -  riyakarlıq, rasizm, insan hüquqları pozuntusu, islamofobiya və bu kimi məsələlərdə analoji xətti tutan, yürüdən hər iki dövlətin sadalanan predmetlər üzrə əməkdaşlıq etmələri də istisna oluna bilməz. Fransa Əlcəzairdə, Ruandada və bu  kimi başqa onlarla ölkədə soyqırımı törədib – müttəfiqi Ermənistan isə ötən əsrin son 10 illiyində ən böyük facilərdən biri olan Xocalı soyqırımına "imza atıb". Fransa neokolonializmi, Ermənistan isə terroru özünün dövlət siyasəti halına gətirib. Birincilər özündən min kilometrlərlə uzaqda "koloniya" qurub insan hüquqlarını pozursa, "kiçik bacı" 30 ilə yaxın bir milyona yaxın azərbaycanlını öz evində, öz yurdunda yaşamaq hüququndan məhrum etdi. Beləliklə, onların təcavüzə, zora söykənən siyasi baxışlarında oxşarlıq, bəzi hallarda eynilik hökm sürməkdədir.

Fransanın indiyə qədər hansısa bir münaqişə və ya qarşıdurma, hətta mübahisələri belə sülh vasitəsilə yatırtmağa niyyətləndiyini nə eşidən, nə görən, nə də duyan olmayıb. Azərbaycana qarşı ikiüzlü, riyakar mövqeyini İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə sərgiləyən rəsmi Paris işğalçı Ermənistanı dəstəkləməklə bunu bir daha sübuta yetirdi. Hələ 30 il bundan əvvəl Ermənistan-Azərbaycan  münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan  ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmaması, əksinə münaqişənin dondurulmasına səy göstərməsi iki ölkənin eyni mövqedə olduğunun təzahürüdür. Fransa kimi Ermənistan da özgə torpaqlarına göz dikməklə işğalçı siyasət yürütmüş, Azərbaycanın tarixi ərazilərini zəbt etməklə bu yerlərin əhalisinə qarşı insanlıq adına sığmayan vəhşiliklər törətmiş, işğal etdiyi şəhər və kəndləri yer üzündən silmişdir. Bu gün də Fransanın bütün beynəlxalq səviyyəli görüşlərdə Ermənistanın mənafeyindən çıxış etməsi Yelisey sarayının neokolonist siyasətinin bariz nümunəsidir.

 Makron-Paşinyan cütlüyü bu gün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdid ola-ola utanmadan  boş-boş "sülhdən" dəm vururlar, əmələ gələndə isə ... Ermənistan və Fransa sülh prosesinə mane olmaq üçün bütün vasitələrə, yollara əl atırlar. “Bacılar” arasındakı  "ikitərəfli münasibətlər" bu gün silahlandırma, bölgədə yeni eskalasiya yaratmaq niyyəti, sabitliyə təhdid, inkişafa mane olmaq kimi tezislər üzərindən inkişaf etdirilir. Eyni zamanda, Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirlərinin imzaladıqları sənədlərə əsasən, Fransanın Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü, işğalçı Ermənistanı hər vəchlə silahlandırmağa çalışması onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsidir. Makron üçün Ermənistan regiona nüfuz etmək, Cənubi Qafqaz, hətta Mərkəzi Asiya planlarını gerçəkləşdirmək üçün vasitədir. Ermənistan Fransanın bu iyrənc davranışını "ikitərəfli əlaqə" kimi qələmə verməyə çalışsa da, mənzərə ortadadır. Fransa məkrli maraqları naminə açıq-aşkar İrəvandan istifadə edir. Bu alçaq niyyəti naminə Ermənistanın uçuruma sürükləməkdən də çəkinmir.

Müstəmləkəçi, təcavüzkar Fransa beynəlxalq münasibətlər sistemində antidemokratik , riyakar, saxtakar mövqeyi ilə tanınır. Xarici siyasətində qeyri-konstuktiv yanaşma sərgiləyən rəsmi Paris siyasi oyunbazlıqla məşğuldur. Fransa sülhdən necə uzaq olduğunu  əməlləri ilə dəfələrlə isbatlayır. Bunun növbəti misalı isə İsrail-Həmas qarşıdurmasındakı “mövqeyidir”: gah elə, gah da belə… Qəzza problemi yeni-yeni başlayan zaman Fransa Həmasa qarşı koalisiya formalaşdırmaq istəyirdi, hətta buna çağırışlar belə edirdi. Belə ki, ilk vaxtlar Emmanuel Makron HƏMAS-a qarşı mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiya yaratmağı təklif etmişdir. Bu günlərdə isə Fransa Prezidentinin Britaniya media şirkəti BBC-yə müsahibəsində “İsrail Qəzzada qadınları və körpələri öldürməyi dayandırmalıdır”, “Körpələr, qadınlar, qocalar bombalanır və öldürülür. Bunun üçün heç bir səbəb və qanunilik yoxdur. Ona görə də biz İsraili dayanmağa çağırırıq”, “Qəzza zolağının bombalanmasına heç bir əsas yoxdur” kimi fikirlər səsləndirməsi, hətta Parisdə Qəzza zolağında mülki şəxslərə humanitar yardımın göstərilməsi ilə bağlı beynəlxalq konfrans keçirilməsi Makronun həm daxili, həm də xarici siyasətində ziddiyyətləri, ikili yanaşmanı  açıq-aydın göstərir.Makronun həm daxili, həm xarici siyasəti anlaşılmazlıqlarla, ziddiyyətlərlə doludur. Bu dövlətin əsas qayəsi sülhün əldə olunmamasıdır. Paris üçün destruktiv mənzərə daha çox "ürəkaçıcıdır". Bu isə Fransanın neokolonist mahiyyətindən qaynaqlanır. Bu ölkə sabitliyi və əməkdaşlığı özü üçün təhdid sayır.

Artıq müstəmləkəsi altında saxladığı ölkələrdə güclənən etiraz dalğaları Fransanın yeni müstəmləkəçilik siyasətinin iflasa uğradığını göstərir. İnsan hüquqlarını və demokratiya anlayışını təzyiq alətinə çevirən Fransanın həyata keçirdiyi uğursuz siyasət ölkə daxilində nəzərəçarpacaq dərəcədə ziddiyyətlərlə, anlaşılmazlıqlarla müşayiət olunur. İnsan hüquqlarının pozulmasına, ölkədəki iqtisadi böhrana, yanlış pensiya islahatlarına qarşı dinc şəraitdə keçirilən etiraz aksiyalarının qəddarlıqla yatırılması ölkənin daxili və xarici siyasətinin  beynəlxalq hüquq normalarına zidd olduğunun göstəricisidir.

Göründüyü kimi, Nikol Paşinyan növbəti Fransa səfərində də sülh prosesinə xələl gətirən açıqlamalarla yadda qalıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın Ermənistana göndərdiyi 5 baza prinsipindən ibarət sülh təklifinə cavab verməyən rəsmi İrəvan əlinə düşdüyü bütün fürsətlərdə münasibətlərin normallaşmasının üstündən xətt çəkir. Lakin Nikol Paşinyan anlamalıdır ki, Fransa kimi ölkələrin təhriki ilə yenidən Cənubi Qafqazı münaqişə zonasına çevirmək cəhdi bölgənin sabitliyi üçün ciddi təhlükədir. Xüsusilə də Ermənistanın varlığının sual altına düşməsi baxımından ciddi təhdiddir.

Yaxşı olar ki, Ermənistan papağı varsa qabağına qoyub fikirləşsin ki, Fransa kimi siyasi oyunbaza bu qədər güvənmək olarmı, ya yox?  Gözünü açıb, həqiqətləri görmək üçün özündə güc toplasa Hayastan  manilpulyasiyalara yox, sülhə gələcək. Çünki İrəvan üçün ən məqbul çözüm yolu  budur.

Yaqut Ağaşahqızı, “İki sahil”