15 noyabr 2023 01:37
378

Bu təxribatlar haradan qaynaqlanır?..

İran minlərlə günahsız insanın ölümünə bais olmuş, Xocalı soyqırımı kimi dəhşətli qətliam törətmiş və bu siyasətində xristian birliyinin köməyinə arxalanmış təcavüzkar Ermənistanı dəstəkləməkdə davam edir. Bu günlərdə İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhaninin işğalçı ölkənin “CivilNet” platformasına müsahibəsi zamanı səsləndirdiyi təxribat xarakterli fikirləri bunu bir daha təsdiq edir. Belə ki, molla rejiminin bu “siyasətçi”si Qarabağı tərk etmiş erməniəsilli şəxslərdən söz açarkən bildirib ki, onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır: “Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalayan bilməz. Başqalarını (Qarabağ ermənilərini) öz vətəndaşları hesab edən bir dövlət (Azərbaycan) elə bir şərait yaratmalıdır ki, onlar özlərini təhlükəsizlikdə hiss etsin və öz ərazilərini, torpaqlarını və evlərini tərk etməsinlər. Biz də (İran) Qarabağ əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıyıq".

Mehdi Sübhani bilməmiş deyil ki, 19-20 sentyabr tarixlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən sonra burada yaşayan  ermənilərin əksəriyyəti heç bir səbəb olmadan bölgəni tərk edib. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, oranın sakinlərinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Bunun üçün onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq. Amma illərlə beyinləri “miatsum”la yuyulmuş haylar Ermənistana üz tutmağa üstünlük verdilər. Belə olan təqdirdə erməniəsilli şəxslərin hüquqlarının pozulmasından söz açmaq absurd deyilmi? Digər tərəfdən sual olunur: Rəsmi Tehran İranda yaşayan 30 milyonluq azərbaycanlının legitim haqlarını təmin edibmi? Əsla, yox. Onların heç öz doğma dilində təhsil almaq hüququ yoxdur. Elə isə  o bizə niyə moizə oxuyur? Şübhəsiz, Mehdi Sübhaninin belə sərsəm fikirlər səsləndirməsi onun ermənipərəst xislətindən irəli gəlir.

Daha sonra  Zəngəzur dəhlizindən söz açan Mehdi Sübhani vurğulayıb ki, guya bunun arxasında Azərbaycanın digər məqsədləri var: “Biz Ermənistanın suverenliyindən kənara çıxan və Ermənistanın müstəqilliyini şübhə altına alan o rabitə və kanalların əleyhinəyik. Bizim nöqteyi-nəzərimizdən Ermənistanın nəzarəti və suverenliyi altında olmayan yol qəbuledilməzdir”.

Qeyd edək ki, Azərbaycanın qərb rayonları ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının əlaqəsini nəzərdə tutan “Zəngəzur dəhlizi”inin açılması üçtərəfli Bəyanatda öz əksini tapıb. Məlumat üçün bildirək ki, 44 günlük Vətən müharibəsindən  ötən 3 il ərzində rəsmi Bakı dəhlizin yaradılması istiqamətində çox mühüm addımlar atıb. Hətta  Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində 2 layihə reallaşdırılır. Amma təcavüzkar Ermənistan bu istiqamətdə heç bir addım atmayıb. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır. Amma onun bu cəhdləri əbəsdir. Belə ki, rəsmi Bakı bu məsələdə israrlıdır. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşərdi: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir”.

Məkrli surətdə erməniəsilli şəxslərin guya həyatlarına təhlükə olduğu üçün Qarabağdan getdiklərini bildirən, Zəngəzur dəhlizinin məntiqini təhrif edən, Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən Sübhaninin bu açıqlamaları 9 noyabr 2023-cü il tarixində Daşkənddə Prezident İlham Əliyevlə görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə tam ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu bildirib. Üstəlik, Qarabağın yenidən qurulacağına və bərpa olunacağına ümid etdiyini vurğulayıb: “Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”. Bu mənada İran Prezidentinin sözləri, həmçinin son dövrlərdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı səsləndirdiyi fikirlər bu ölkə rəsmilərinin Azərbaycana münasibətdə səmimiyyətdən nə qədər uzaq olduqlarını bir daha sübut edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”