15 noyabr 2023 01:58
269

Forpost bolluğunda boğulan Paşinyan

Uşaq kimi “ya bundadır, ya bunda” oyununa uyğun seçim edib yağlı tikə axtaran Ermənistanın baş naziri sonda “qurdlar süfrəsi”nin ətrafına toplaşan supergüclərin boğazına tıx kimi ilişəcək

Dünyada hökmranlıq etmək iştahasında olan supergüclərin maraqlarının çarpazlaşdığı Cənubi Qafqazın «siyasi flora»sını korlayan, kökü çətin kəsilən alaq otuna bənzəyən Hayastana «əl tutmaları» köpəyə ehsan məsəlinə bənzəyir. Azərbaycanın hamı tərəfindən sevilən «O olmasın, bu olsun» filmindəki Məşədi İbad obrazına bənzəyən, qoltuğuna sığındığı dövlətlərin maraqlarına uyğun dəyişən siyasətini verilən ianələrə, dilənçi payına görə saf-çürük edən Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə forpost bolluğunda boğulmağa başlayıb. Törətdikləri cinayətləri, qaniçənlikləri, işğalçı siyasətləri ilə eynilik təşkil edən Fransa ilə Ermənistanın qardaşlığı bəllidir.

Noyabrın 13-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi, regiondakı reallıqları qəsdən təhrif edən ittihamları da qəbuledilməzdir. Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi ilk və sonuncu böhtan deyil. Ermənistana dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum artıq nüfuzunu itirib. Dəfələrlə üzləşdiyimiz mənzərələrdən də aydın olur ki, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddən başqa bir şey deyildir. Məsələyə münasibətini «Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib. Aİ üzv ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir. Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti, eyni zamanda, Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır» sözləri ilə bildirən Xarici İşlər Nazirliyinin rəsmi açıqlaması daha ədalətli və obyektivdir.

Nikol Paşinyanın siyasi şoularından biri də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını Fransa silahlıları ilə əvəzləmək niyyətidir. Amma siyasi oyunbaz, cılız düşüncəli Nikol anlamır ki, NATO üzvü olan Fransanın Ermənistanda kök salması qarşılıqlı olaraq Türkiyənin də Azərbaycanda yerləşməsinə səbəb olacaq. Beləliklə, Ermənistanın Avropa İttifaqına və NATO üzvlüyünə qəbul olunması ilə bağlı şirnikləndirici vəd itin aya hürməsidir.

Hazırda Ermənistanda baş verənlər «Ayının min oyununun bir armudun başında olması» məsəlinə bənzəyir. Ermənistanın Rusiyanı öz ərazisindən uzaqlaşıdrmaq istəyi də baş tutan deyil. Forpostunu itirmək niyyəti olmayan Rusiyanın Ermənistana təsir imkanları yetərincədir. Belə bir vəziyyət yarandığı halda rəsmi Kreml Ermənistana satdığı qazın qiymətini yenidən müəyyənləşdirəcək və yaxud nəqlini birdəfəlik kəsəcək. Moskvanın bazarları hayların üzünə baglanacaq. Şimal qonşumuzda yaşayan dığaların Ermənistana pul köçürmələrində problemlər yaranacaq. Bəllidir ki, Rusiya ilə Ermənistan arasında illərdən bəri davam edən bu prosesləri yerinə yetirmək Fransanın imkan xaricindədir. Əksinə, Zəngəzur vilayətinin Qafan şəhərində Baş konsulluq açmaq istəyən Rusiya Hayastanda yerini bərkitmək istəyir. Xatırladaq ki, İran da Qafanda Baş konsulluq açıb. Göründüyü kimi, xəritədə ərazisi nöqtə misalı olan Ermənistanın nala-mıxa vurmaq siyasəti bütün bölgədə narahatlıq yaradır. Belə görünür ki, rus, fransız, amerikan havalarına oynayan Paşinyan hələ də ağrısını çəkdiyi dəmir yumruğun son zərbəsini hiss etməyib. Bu zərbə isə ölümcül olacaq. Yəni, Paşinyanı nə Avropa İttifaqı, nə ABŞ, nə də Fransa bu zərbənin əzablarından qurtara bilməyəcək. Qurtara bilsəydilər Nikol 2020-ci ildə kapitulyasiya aktını imzalamazdı. 24 saatlıq lokal xarakterli antiterror tədbirlərinə davam gətirməyən separatçı rejim özünü buraxmazdı. Hayastanın 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərimizdə yaratdığı «keçilməz sədlər»i 44 gündə dağıdan Azərbaycan Ordusunun gücünü Ermənistanda hərbi baza yerləşdirmək istəyən Makron da görməlidir və görəcək.

Bu inama əminlik Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə dalğalandırdığı Dövlət Bayrağımızdır. Bu şəhərdə Qələbəmizin üçüncü ildönümü münasibətilə keçirilən Zəfər paradını qəbul edən Ali Baş Komandan İlham Əliyevin «Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin» xəbərdarlığıdır.

Xuraman İsmayılqızı, “İki sahil”