15 noyabr 2023 02:15
347

Fransa yeni koloniya axtarışında...

Cozep Borel nümunəsində simasını itirən Avropa islamafobiyanın və antisemitizmin vətəninə çevrilib

Vətən müharibəsi və lokal antiterror tədbirləri sayəsində öz ərazi bütövlüyünü və suverenliyini təkbaşına bərpa etmiş Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlara münasibət göstərir ki, Qərb nəinki hadisələrə ikili standartlarla yanaşmasından əl çəkməyib, üstəlik mövcud sülh perspektivinə hər vəchlə mane olmağa çalışır. Ədalətsiz və təhrikedici davranışlar Ermənistanda revanşizm meyillərini alovlandıra və regionu yenidən müharibə təhlükəsi ilə üz-üzə qoya bilər. İndi daha şübhə doğurmur ki, Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin noyabrın 13-də Brüsseldə keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər, regiondakı vəziyyəti qəsdən təhrif edən açıqlamaları, ABŞ Dövlət Departamentinin ermənipərəst bəyanatları məqsədli şəkildə vəziyyəti gərginləşdirməyə hesablanıb. Bəs Qərbin bu məkrli siyasəti dünyanın güc mərkəzlərinin maraqlarının toqquşduğu poliqona çevrilməkdə olan Ermənistan üçün nələr vəd edir? Digər region dövlətləri Ermənistanın “özbaşınalığına” çoxmu dözüm nümayiş etdirəcək?

Ermənistan – Fransanın yeni müstəmləkəsi?

“Sülhpərvər” maskası cırıldığından Emmanuel Makronun prezidentliyi müddətində tarixinin ən rüsvayçı dönəmlərindən birini yaşayan Fransa Cənubi Qafqaza bu dəfə açıq şəkildə tərəf olaraq soxulmaq niyyətini gizlətmir. Görünür, Makron Afrikada ard-arda üzləşdiyi uğursuzluqları Ermənistanı silahlandırmaq və bu vasitə ilə regionda söz sahiblərindən birinə çevrilmək hesabına sığortalamağa çalışır. Ancaq elə təkcə Fransanın göndərdiyi silahlar rəsmi Parisin Ermənistana müttəfiq deyil, yeni koloniyası kimi yanaşdığından xəbər verir. Bu başqa mövzudur ki, Makronun səylərinə baxmayaraq Ermənistan ordusunun döyüş qabiliyyətinin Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana biləcək qədər gücləndirilməsi indiki halda mümkünsüz görünür.

Hərbi ekspertlərin qənaətincə, Fransanın göndərdiyi hərbi texnika və silah-sursat Ermənistanın müdafiə imkanlarının artmasına ciddi təsir göstərməyəcək. Belə ki, Fransa öz “kiçik bacısına” 24 ədəd “ACMAT Bastion” zirehli maşını göndərib. Bu çoxməqsədli avtomobil ilk növbədə Afrikada fəaliyyət göstərən fransız xüsusi təyinatlıları üçün yaradılıb və 2021-ci ildə Burkina Fasoya 8, Qabona 5, Kameruna 15, Keniyaya 12, Fil Dişi Sahilinə 9, Nigerə 13, Mavritaniyaya 7, Somaliyə 13, Maliyə 27, Uqandaya 19, Çada 22, Seneqala 7 “Bastion” tədarük edilib. Görünür, Makron üçün indi Ermənistan da adları çəkilən keçmiş və ya hazırkı Fransa koloniyalarının siyahısına daxil edilib. 

Yeri gəlmişkən, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında kifayət sayda həm yerli, həm də Türkiyə, İsrail, Rusiya və digər ölkələrin istehsalı olan ən müasir tələblərə cavab verən çoxməqsədli zirehli avtomobillər mövcuddur.

Cozep nümunəsində Avropanın simas(ızlığ)ı

Maraqlıdır ki, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında vasitəçilik missiyasını üzərinə götürməyə çalışan Aİ-nin Cənubi Qafqazdakı reallıqlara ikili standartlar, hətta qərəz və maraqlar prizmasından yanaşması reallığı özünü çox tez büruzə verdi. “İnsan hüquqları”ndan, “ədalət”dən dəm vuran avropalı siyasilərin əsl simaları son hadisələrdən, daha dəqiqi, Azərbaycanın beynəlxalq qanunlar çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən dərhal sonra ortaya çıxdı. Əvvəl guya “mülki müşahidəçi” adı altında əslində hərbi xarakterli missiyasını Ermənistana göndərən qurumun ali nümayəndəsi Cozep Borelin son bəyanatları da sübut edir ki, Aİ-ni regionda sülh maraqlandırmır. Məqsəd ABŞ-ın Rusiya ilə bağlı planlarını həyata keçirməyə yardım etməkdir. Azərbaycana qarşı əsassız iftiralar atmaq, qərəz, şər, böhtan hesabına olsa belə.

Bu həmin Avropa İttifaqıdır ki, 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına heç bir reaksiya verməyib, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətlərini, bir milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamayıb. İnsan haqları, beynəlxalq qanunlar avropalıların yadına indimi düşüb? Qurumun bu gün işğalçı Ermənistana göstərdiyi dəstək, əvəzində ölkəmizə qarşı səsləndirilən ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir. Qərəzli bəyanatların müəllifi olan Cozef Borel guya bilmir ki, Azərbaycan istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal antiterror tədbirləri keçirməklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib? Əslində, Borel də, digərləri də həqiqətin nədən ibarət olduğunu yaxşı bilirlər, sadəcə Azərbaycanın güclü dövlətə, Cənubi Qafqazda yeni reallıqlar yaradaraq diktə edən aktora çevrilməsi başda Fransa olmaqla bütün Qərbin narahatlığna səbəb olub. Ancaq bu dırnaqarası demokratlar bir şeyi unudurlar ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkətin mütləq bir adekvat cavabı var.

İslamofobiyanın və antisemitizmin vətəni

Avropa sürətlə insani dəyərlərin deqradasiyaya uğradığı məkana çevrilməkdədir. Demokratiyanın, söz azadlığının, insan haqlarının məkrli dövlət başçılarının əlində siyasi alətə çevrildiyi “qoca qitə” öz əzəli dəyərlərini tapdamaqla sanki ömrünü başa vurmaq ərəfəsindədir. İllərdir islamofobiyanın meydan suladığı Avropa ölkələrində bu gün həm də antisemitizm meyillərinin artdığı müşahidə olunur. Xüsusilə dünyaya insan haqlarından dərs keçməyə çalışan Fransa va Almaniya öz daxillərində bu sahədə ciddi problem yaşayırlar. İsrail-Fələstin münaqişəsinə münasibət də göstərdi ki, nə Fransanın, nə də Almaniyanın demokratiya və azad insan faktoruna münasibəti nəinki nümunə ola biləcək səviyyədə ədalətli deyil, hətta təhlükə doğuracaq həddə qərəzli, birtərəflidir. Odur ki, Cənubi Qafqaz üçün Qərbdən ədalət, Ermənistanla Azərbaycan arasında sülh vasitəçiliyi gözləməyinə dəyməz. Bu gün Avropanın özünün yenilənməyə, müxtəlif dinlərə sitayiş edən, müxtəlif irqlərdən olan insanlara münasibətinə yenidən baxmasına ehtiyac var.  

Ermənistanın özünütəcrid “sevgisi”...

Baş nazir Nikol Paşinyanın siyasi kursu Ermənistanı əzəli müttəfiqləri ilə üz-üzə qoymaqdadır. Açıq şəkildə Qərbin “maşası” rolunu üzərinə götürmüş Paşinyanın son davranışları təbii olaraq digər qonşuları da narahat edir. Çünki ABŞ-ın, Fransanın, Aİ-nin Ermənistanda əslində hansı məqsəd güddüklərini anlamaq elə də çətin deyil. Bəllidir ki, bütün bu fəaliyyətlər Rusiyanın Ermənistandan tam sıxışdırılıb çıxarılmasına və İranın bölgədəki təsir vasitələrinin neytrallaşdırılmasına yönəlib. Ancaq rəsmi İrəvanın mehriban qonşuluq münasibətlərini də təhdid edən qərbmeyilli siyasətindən lazımi yerlərdə də nəticə çıxarılır. Həmin nəticə Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Qeyd edək ki, Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasında da iştirak etməyəcəyi dəqiqləşib. Bu barədə Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı məlumat verən Paşinyan qərarını KTMT tərəfdaşlarının anlayışla qarşalıyacağına ümid etdiyini bildirib. Bu artıq neçənci dəfədir ki, Ermənistan KTMT-nin tədbirlərində iştirakdan imtina edir. Bu isə ehtimal ki, Rusiyanın səbrini tükəndirir və Şimal qonşumuzun Ermənistanın nazı ilə çox oynayacağı inandırıcı görünmür.

İran da son vaxtlar Qərbin, necə deyərlər, “burnunun ucuna” qədər yaxınlaşmasından narahatdır. Üstəlik, Ermənistanın ABŞ-la birgə təlimləri, Fransadan silah alışı, “müşahidə missiyası” adı altında Aİ-nin regionda hərbi mövcudluğu İran üçün ciddi təhlükənin yaxınlaşdığını bildirən həyəcan siqnalıdır. Odur ki, bu məsələdə kifayət qədər mühafizəkar davrandığını gizlətməyən rəsmi Tehranın uzun illər boyu himayə etdiyi Ermənistanla münasibətlərini redaktə edəcəyi qaçılmazdır. Nəticə olaraq, Qərbə meyillənmək Ermənistanı regionda tək qoya bilər. İndiki halda sanki Ermənistan qonşuları ilə münasibətdə özü özünütəcrid yolunu seçib. Ancaq ABŞ-ın, yaxud Aİ-nin nə vaxta qədər rəsmi İrəvanın yanında olacağı da ciddi sual doğurur. Axı İsrail-Fələstin münaqişəsindən dərhal sonra Qərb sanki Rusiya ilə müharibəyə təhrik etdiyi Ukraynanı unudu, hətta beynəlxalq KİV-də Qərb dairələri tərəfindən Ukraynanın ərazi itkiləri ilə barışmalı olacağı barədə fikirlər səsləndirildiyi haqqında məlumatlar yayılmaqdadır. Ermənistan isə Qərb üçün heç Ukraynanın heç onda biri qədər də əhəmiyyətli deyil. Deməli, Ermənistanın da sonunun nə olacağını, Paşinyanın öz ölkəsini hansı fəlakətlərə sürüklədiyini təxmin etmək mümkündür.

Mahir Rəsuloğlu, “İki sahil”